Xalq artistinin xatirəsi yad edilib
Dövlət Film Fondunda Xalq
artisti Nuriyyə Əhmədovanın xatirəsinə
həsr olunmuş tədbir keçirilib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının dəstəyi
ilə gerçəkləşib.
Xatirə axşamında Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev mərhum aktrisanın həyat və yaradıcılığından söz açıb. Onun ekran əsərlərində canlandırdığı rolların kinosevərlərin yaddaşından silinmədiyi vurğulanıb.
Kino tarixçisi, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Xalq artisti Şamil Süleymanov, əməkdar artistlər Elxan Qasımov, Əjdər Həmidov, kinooperator Kənan Məmmədov və digər çıxış edənlər Nuriyyə Əhmədova ilə bağlı xatirələrini bölüşüb, aktrisanın çəkildiyi ekran əsərlərindən bəhs ediblər. Tədbirdə aktrisanın rol aldığı filmlərdən fraqmentlər göstərilib, ona həsr edilmiş fotosərgi nümayiş etdirilib.
Qeyd edək ki, Nuriyyə Əhmədova 26 dekabr 1950-ci ildə Şəkidə anadan olub. “Bəxt üzüyü”, “Bağ mövsümü”, “Sahilsiz gecə”, “Həm ziyarət, həm ticarət” və s. filmlərdə yaddaqalan rollar oynayıb. 2015-ci ildə vəfat edib.
Mədəniyyət.- 2018.- 9 fevral.- S.5.