Milli dövlətçiliyin ideya əsasları və varislik
Xalq Cümhuriyyətinin tarixi
ilə bağlı mühazirə
Fevralın 6-da Prezident yanında Bilik Fondu və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində "Azərbaycan Xalq Cümhuriyyəti ili"nə həsr olunmuş tədbir keçirilib.
Fondun lektorlar qrupunun üzvü, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərli rayon ictimaiyyəti ilə görüşüb.
Fondun Abşeron rayonu üzrə nümayəndəsi Teyyubə Hüseynova qonağı iştirakçılara təqdim edərək, 1918-1920-ci illər Azərbaycan tarixinin öyrənilməsi və təbliğinin vacibliyi barədə danışıb, rayon rəhbərliyinin bu cür maarifləndirici tədbirləri daim dəstəklədiyini bildirib.
Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti ilə bugünkü Azərbaycan Respublikası arasındakı varislik bağlılığından bəhs edib.
Abşeron rayon Saray qəsəbə 3 nömrəli tam orta məktəbi şagirdlərinin hazırladıqları Xalq Cümhuriyyətinə həsr olunan videoçarx göstərilib, məktəblilərin ifasında şeirlər səsləndirilib.
Professor A.İsgəndərli "Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçiliyin ideya əsasları və varislik" mövzusunda mühazirə ilə çıxış edib. Tarixçi alim Şərqdə ilk respublikanın hansı siyasi zəmində yarandığına, Cümhuriyyət qurucularının dövlətçiliyin ideya əsaslarını necə mənimsədiklərinə və demokratik dəyərlərə söykənərək tətbiq etdikləri idarəetmə mexanizmlərinə aydınlıq gətirib.
Mühazirəçi tədbirin sonunda iştirakçıların Cümhuriyyət dövrünə aid suallarını cavablandırıb.
Mədəniyyət.- 2018.- 9
fevral.- S.6.