Parisdə azərbaycanlı cazmenin solo konserti

 

   Parisin birinci rayonunda yerləşən “Le Duc des Lombardscaz klubunda Azərbaycanın Əməkdar artisti Şahin Növrəslinin solo konserti olub. Musiqiçi konsertdəShahin Novrasli Quartet” “Emanation” disk-albomlarından öz bəstələrini Segah”, “Bayatı-Şirazkimi caz-muğamlarını səsləndirib.

   Cazmenin öz kompozisiyaları və Azərbaycan musiqisinin variasiyalarından ibarət ifası, improvizasiyaları auditoriyada böyük rəğbət doğurub. Tamaşaçılar azərbaycanlı cazmeni sürəkli alqışlarla yenidən səhnəyə dəvət ediblər.

   Konsertdən sonra sənətsevərlərin cazmenin disklərini almaq imkanı olub. Şahin Növrəslinin “Emanation” adlı ikinci disk-albomu amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın birgə prodüserliyi ilə Parisdə yazılıb. Onun dəvəti ilə artıq bir neçə aydır yeni disk-albomlarının hazırlanması məqsədilə Parisdə olan Şahin Növrəslinin burada silsilə konsertləri gözlənilir.

  

Mədəniyyət.- 2018.- 9 fevral.- S.8.