Yaqo başlayır və udur...

 

   Bu əhvalat o qədər məşhurdur ki, hətta bəzən müəllifinin kimliyini bilməyənlər belə yeri gələndə ondan örnək göstərirlər. Yüzlərlə quruluş tarixi həmin əsərin bütün xalqlar və nəsillər üçün aktuallıq dərəcəsinə statistik sübut ola bilər. İlk baxışda sadədən sadə təsiri bağışlayan süjeti ilə sənətçiləri ovsunlaması qəribə görünsə də, fakt faktlığında qalır. Söhbət U.Şekspirin “Otello” pyesindən gedir.

   Deyilənə görə, Piter Bruk məşhur ingilis aktyoru Lourens Olivyeyə öz quruluşunda baş qəhrəman rolunu təklif edəndə sonuncu: “Mən axmaq qısqancı oynamaq istəmirəm. Tutarlı səhnə yozumu tapın, bax, onda sözüm yoxdur”,- deyib. Amma bu, həmin pyesin səhnə vəsiqəsi alması təcrübəsində ibrətamiz olsa belə, teatr sənəti tarixinin sadə bir epizodudur. Belə ki, Edmund Kindən başlamış Tommazo Salviniyə, Konstantin Stanislavskiyə, Akaki Xoravaya, Vladimir Txapsayevə, Ələsgər Ələkbərova qədərki dövrdə və sonrakı illərdə dünya səhnələrini dolaşan “Otello” ən ağlagəlməz səhnə yozumlarında öz sirli cazibəsini qoruyub saxlayırdı.

   Görünür, Seuldakı “Mülkyöl” teatrı da bu cazibədən qurtula bilmədiyi üçün “Otello” bu dəfə Koreya dilində öz faciəvi həyatını bəyan etməli oldu. Rejissor Son Xın Okun quruluşunda baxdığım “Otello” özünəməxsus yozumda təqdim edilirdi. Burada sadə məkan həlli pyesin mürəkkəb məzmununa xələl gətirmir, əksinə, dəbdəbədən uzaq minimalizmə əsaslanan tərtibata üstünlük verilməsi aktyorların qrafik mizanlarının ifa tərzini asanlaşdırmağa kömək edirdi.

   Söhbətimiz zamanı quruluşçu rejissor tamaşa üzərində işə başlamazdan əvvəl Ciraldi Çintionun “Venesiyalı mavr” əsəri ilə maraqlandığını və onun əsərindəki əhvalatın Şekspir tərəfindən dramaturji kolliziyalarla zənginləşdirilən ədəbi materialını öyrənməyə başladığını söylədi. Onun yuxarıda qeyd edilən əsərdən nə dərəcədə bəhrələndiyini deməyə çətinlik çəksəm də, “Otello” üzərindəki işi ilə bağlı təəssüratlarım belədir.

   Şekspirin sözügedən faciəsinin bəlli tarixlərdə oynanılan tamaşalarında bir qayda olaraq, kolliziyanın motivasiyası müxtəlif məntiqlərlə həllini tapırdı. Yəni, bəzi rejissorlar əsərin ədəbi materialındakı sətiraltı mənalara, bir başqaları müəllifin ustalıqla pərdələdiyi eyhamlara istinad edərək faciənin törəmə səbəbini əsaslandırmağa səy göstərirdilər. Əlbəttə, bu yerdə “Otello”nun yüzillərə söykənən, müəyyən mənada, klassik quruluş sayılan tamaşalarında, başlıca olaraq mavrın ona yad həyat şərtləri içərisində sadə bir əhvalatı ipə-sapa yatmayan bədəvi dünyagörüşlə şişirdib faciəyə səbəb olması ön plana çəkilirdi. Bu zaman avropalı düşüncəsinə görə, əsası olmayan qısqanclığın insanı, hətta Otello kimi həyatın hər üzünü görüb mətinləşən bir sərkərdəni belə korazehin birinə çevirməsinin müdhişliyi təsvir edilirdi. Həmin tamaşalarda Otellonun qısqanclıq səbəbindən çəkdiyi iztirablar, safqəlbli bədəvinin sadəlövhlüklə inanıb tora düşməsinin fəsadları tamaşaçıları sarsıtmağa, katarsis yaratmağa qadir idi.

   Amma bu faciənin başqa yozumlarında: “O (Dezdemona) məni çəkdiyim əzablara görə sevdi, mən isə onu həmin əzablara məhrəm olduğuna görə”,- deyən Otellonun bu qədər asanlıqla tora düşməsinə sanki etiraz olaraq, daha tutarlı (hər halda onlara belə gəlirdi) səhnə həlli tapılırdı. Yəni ayrı-ayrı rejissorlar Otellonun qısqanclıq hissini oyadan Brabansionun: “Qulaq as, mavr! Atasını aldadan qız bir gün səni də aldadacaq” sözlərini unutmamışdı. O biri tərəfdən “vəfalı dost” hesab etdiyi Yaqonun xəbis planlarından xəbərsiz olan, ona həyatından daha əziz olan Dezdemonası ilə xoşbəxt yaşamaq xülyasının buludları üzərində gəzən Otello Kiprdə sayıqlığını itirmişdi. Odur ki, heç bir tərəfdən və heç kəsdən, xüsusilə, Yaqodan xəyanət gözləmirdi. Amma nahaq.

   Sözün bu məqamında Otellonun psixoloji müvazinətinin belə asanlıqla pozulmasının, Dezdemonadan şübhələnməsinin ciddi səbəbi olmalı idi. Və yuxarıda L.Olivyenin söylədiyi həmin o “ciddi səbəb” yozum məntiqi, rejissor konsepsiyasının başlıca nüvəsidir. Məhz bu səbəb Seul teatrının göstərdiyi “Otello” tamaşasının vizual həllində diqqət çəkirdi və bu zaman demək lazımdır ki, həmin təqdimat kifayət qədər mübahisəli idi.

   Quruluşçu rejissor Son Xın Okun tamaşaya hazırlıq prosesində pyes üzərində apardığı ixtisar əməliyyatlarının nəticə etibarilə bədii bütövlüyün xeyrinə olmadığı elə ilk gəlişlərdən diqqəti çəkir. Tamaşada Venesiyada baş verən sonrakı faciəyə səbəb olacaq ilkin hadisənin rejissor tərəfindən götürülməsi başlanğıcdan anlaşılmazlıq yaradır. Yəni, tamaşanın hadisələrinin Şekspirin ədəbi niyyətinə məhəl qoyulmadan Kiprdən başlaması özlüyündə qavrayışa mane oldu. Çünki bu halda Otello-Dezdemona münasibətlərinin ilkin səbəbi, birincinin Kiprə gəlişinin səbəbi, Yaqonun qisas almaq motivi o qədər də bəlli olmur. Halbuki Şekspirin dahi məharətlə hördüyü ədəbi divar möhkəm, dramaturji konstruksiya yetərincə mükəmməldir və onu nəzərə almamaq üçün rejissorun ciddi konseptual yozum əsası yoxdur. Şekspirə görə, Otellonun - məşəqqətlər görmüş bir bədəvi sərkərdənin intibah Avropasının məsum gözəli ilə məhəbbətinin Venesiya mərhələsinin əhəmiyyəti böyükdür. Dramaturji xətt, zaman və məkan əlaqəsi, həmçinin psixoloji-bədii məntiq baxımdan əsaslandırılmış, tutumlu dünyagörüş zəmini hazırlığı gələcək faciəni labüdləşdirmişdir. Pyesdəki hadisələrin müəllif labirintlərinin hiyləgər dolanbacları həm obrazların niyyətlərini, həm əməllərini, həm də sonluğu şərtləndirir. Bu zaman hadisələrin tədrici dinamikasını izləyən tamaşaçı onları “həzm etmək”lə hadisələrin bədii axınında çabalayıb, xilas olmağa çalışanların ölüm-dirim səylərindən təsirlənə bilir.

   Amma həmin dramaturji xüsusiyyətlərin rejissorun iradəsi ilə bəlli olmayan səbəbdən nəzərə alınmaması ilə bərabər, başqa, fikrimcə, mühüm olan ciddi bir amil də təhrif edildiyindən pyesin müəllif təqdimatından fərqli motiv uydurulmuşdur. Açığı budur ki, müxtəlif yozumlarda, müxtəlif aktyorların, yəni yuxarıda adlarını qeyd etdiyim əfsanəvi səhnə ustalarının yaratdıqları Otello obrazının daxili gərginliyinin psixoloji fırtınası, onun Dezdemonanın xəyanəti ilə bağlı şübhələrinə fərqli səbəblər tapılmış və hadisələr boyu yüksələn həmin psixoloji didişmə oyunun ifa tərzində öz bədii səhnə təzahürlərini tapmışdır.

   Uzun illər boyu istər nəzəriyyəçi alimlər, istərsə də bilavasitə pyesin səhnə təcəssümü işinə qoşulan ayrı-ayrı səhnə xadimləri faciənin bircə dəsmala (nə qədər əziz olsa belə) görə yaranmasını ciddi qəbul edə bilmir, Şekspirin sətiraltı mənalarını ələk-vələk edirdilər. Və müxtəlif illərdə hazırlanan tamaşalarda rejissorlar, bəlkə heç Şekspirin nəzərdə tutmadığı mətləblərə istinad edib, bədii səhnə uydurmalarına əsaslanırdılar. Belə mülahizə və yozumlar istənilən qədərdir, amma hədəfdən uzaqlaşmayaq deyə onları sadalamağa lüzum görməyib, Seulun “Mülkyöl” teatrının “Otello” tamaşasında sözügedən səbəbin tapılması məsələsini nəzərdən keçirək.

   Yuxarıda qeyd etdim ki, tamaşanın pərdəsi açılan kimi səhnədə Kiprin təsviri görünür. Burada bir şənlik məclisi qurulub, hamı şadlanır, rəqs edir və elə bu zaman səhnəyə Kiprin hakimi, sərkərdə Otello daxil olur. Şənlənən dəstədən ayrılıb ona tərəf qaçan Dezdemona Otellonu hamı ilə bərabər rəqs etməyə dəvət edir, amma o, nəzakətlə bu dəvəti qəbul etmir.

   Dezdemona onun dəvətindən imtina edən Otellodan incimir və yenidən rəqs edənlərə qoşulur. Otello kənardan onlara tamaşa edir və tezliklə səhnədən çıxır. Bax, elə bu səhnə zamanı tamaşaçıların nəzərindən bir məqam qaçmır. Yəni aydın görünür ki, Otello sən demə, axsaqdır. Amma ona saf bir məhəbbət bəsləyən Dezdemona üçün bunun heç bir əhəmiyyəti yoxdur. O, Otellonun rəqs edə bilməyəcəyinin belə fərqində deyil. Bu amil quruluşçu rejissor Son Xın Okun fikrincə, Otellonu sanki məhəbbət sərməstliyindən ayıldır, Dezdemonanın uşaqlıq dostu Kassio ilə çılğın və nəşəli rəqsi ona daxili üzüntü yaşadır. Amma bunu qeyd etməyi vacib bilirəm ki, rejissorun uğurlu tapıntı hesab etdiyi səbəb Şekspirin niyyətini təhrif etməklə yanaşı, eyni zamanda müxtəlif mübahisələrə yol açır. Məsələn, Otellonun sərkərdə olaraq nə zamansa, hansı döyüşdəsə yaralanıb şikəst olmasını, Dezdemonanın bu qəhrəman döyüşçünün rəşadətlərinə heyran olub, ona necə deyərlər, bir könüldən min könülə aşiq olmasını mümkün hesab etmək olar. Amma bu vəziyyətdə olan Otellonun güclü türk ordusuna qarşı qoşunun sərkərdəsi olaraq döyüşə göndərilməsi barədə Venesiya senatının qərar verməsini mümkün hesab etmək çətindir.

   Rejissorun bu zəif əsası onun fikrincə, Otellonun daxili üzüntülərinin, cavan və sağlam Kassioya Dezdemonanın üstünlük verə bilməsi ehtimalından qaynaqlanan şübhələrinin səbəbi kimi məntiqli görünür. Amma həmin sadəlövh tapıntının Şekspirin Otello kimi tədbirli və dünyagörmüş qəhrəmanının faciəyə sürüklənməsi üçün yetərli olmadığı barədə ciddi düşünülməsi lazım idi. Çünki müəllifə görə, Otello şikəst biri olsaydı, özü yaş və təcrübə baxımdan ondan kiçik olan Dezdemona ilə izdivaca getməzdi. O, mərd, qətiyyətli və namusludur. Bunu - saf və məsum qızı tovlamağa bənzər əməli özünə sığışdırmazdı. Digər tərəfdən, tamaşada “vəfalı dost” sandığı Yaqonun səhnədəki yeri, onun faciəyə aparan əməlləri, iftiraları ilə Otellonu zəhərləyib ona cəhənnəm əzabları yaşatmasının yırtıcı mahiyyəti və iyrənc üsulları qapalı qalardı.

   İş də elə burasındadır ki, rejissor əvvəlki “əməliyyatlardan” sonra Şekspirin pyesinin sonrakı hissələrinə, hətta remarkalarına belə sədaqətlə riayət etsə də, əvvəldə buraxılmış xətaların qavrayışda yaratdığı anlaşılmazlıqlar öz işini görürdü.

   Maraqlıdır ki, Yaqonun Otellodan qisas almaq niyyətinin motivasiyası haqda az qala, narahat olmayan (çünki bu məqam Venesiyadakı hadisənin ixtisar edilməsi ilə itirilmişdir) rejissor tamaşanın təxminən ortasından başlayaraq, sonrakı gəlişlərdə onun əməllərini intensivləşdirir və faciəvi sonluğu təmin edir. Bu sayaq yanaşma sadəlövh quruluş cəhdi, hətta təsirli oyun tərzi ilə diqqətçəkən səhnələr olsa belə, yalnız cəhd olaraq qalır. Amma “Mülkyöl” teatrının “Otello”su “ən qəmli hadisə” olmasa da, mündəricəsində Şekspirin böyük ehtiraslar, məkrli toqquşmalar, saf insani düşüncələr yaşadan pyesindən sanki bir ovuc hadisənin təsvirini əks etdirir, bir mavrın acı məhəbbət tarixçəsini ehtiva edən pritça şəklində təqdim edilir. Odur ki, obrazlı desək, Şekspirin məşhur faciəsinin suyunun suyu kimi göstərilən tamaşa öz auditoriyasında dərin estetik təəssürat yarada bilmir.

   Onu da bildirməliyəm ki, Cənubi Koreyanın “Mülkyöl” teatrı gənc kollektivdir. Doğrudur, sənətin dəyərləndirilməsində “yaşın fərqi” olmur, çünki on ilin, yaxud yüz ilin teatrı illərə görə yox, sənətkarlıq nümunələrinin səviyyəsinə görə nüfuz qazanır. Bu baxımdan “Mülkyöl” teatrı müəyyən mənada yenilikçi meyillərə sahib olduğunu müxtəlif tamaşaları ilə hər dəfə sübut edir.

   2008-ci ildə yaranan teatrın təcəssüm işlərində obrazlılığa, ifaçılıqda axıcı ritmi ilə seçilən diksiyaya, psixofiziki əməl texnikasına, plastik bədən ifadəliliyinə xüsusi önəm verilir. Burada axtarış həvəsi, yaradıcılıq iştahı gəncliyə məxsus coşqun enerjiylə şərtlənir. Aktyorların fərdi peşə bacarığı, bədii özünüifadə səyləri, daim təkmilləşmə fəaliyyəti K.S.Stanislavski “Sistem”inin əsaslarına bağlıdır. Təcrübəli sənətkarları ilə bərabər yeni rejissor qüvvələrinə də geniş meydan verilən teatrın qısa müddət ərzində formalaşdırdığı repertuarı onun həm yaradıcılıq potensialının, həm də böyük sənət iddialarının olduğunu işarələsə də, hələ ki burada təşəkkül mərhələsi yaşandığı aşkar görünür. Bunu da qeyd etmək vacibdir ki, “Mülkyöl” teatrının müxtəlif şəkildə özünü göstərən problemləri içərisində səhnəqrafiya sahəsi də var. Elə “Otello” tamaşasının da tərtibat həllinin zəifliyi aşkar görünürdü. Ən sadə tərtibat elementlərindən istifadə yolunu seçən rejissora bu pyesin təcəssümündə kömək edə biləcək “danışan tərtibat”ın yoxluğu tamaşanın obrazının tapılmaması qənaətini yaradırdı. Digər tərəfdən, müəllifin özü Dezdemona, Kassio, Emiliya, Brabansio, Rodriqo obrazlarına hadisələrin inkişafında müəyyən yer ayırsa da, onların ədəbi məzmununda və əməl xəttində bir qədər xəsislik etmişdir. Hətta Otello və Yaqo duelində ikincisinə qarşı daha səxavətli olmuş, sanki şərin gücünün faciə törətmək qabiliyyətini xatırlatmaq, onun kübar zahirinin aldadıcı olduğunu, əslində Yaqonun təhlükəli xislətini göstərmək və sanki müasirlərinə demək istəmişdir ki, ehtiyatlı olun, Yaqo həndəvərinizdədir, gücünüzlə qürrələnməyin, o daha güclüdür. Və imkan düşən kimi Yaqo başlayır və udur...

  

   İsrafil İsrafilov

   filologiya üzrə fəlsəfə doktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professo 

 

Mədəniyyət.- 2018.- 9 fevral.- S.11.