Cümhuriyyətin milli dil
siyasəti
Dilimiz sərvətimizdir
Hər bir dil onu gələcəyə aparan xalqın taleyini yaşamağa məhkumdur. Çünki uzunmüddətli işğal
və müstəmləkə
zülmü görən
ölkələrdə xalqın
dili də bu və ya
digər səviyyədə
təzyiqə məruz
qalır. Lakin nəsillər
arasındakı təbii
varislik prinsipi ana dilini yaşatmaq
üçün yetərli
olur.
Azərbaycan dili də müxtəlif dövrlərdə
regionda baş verən arzuedilməz siyasi proseslər üzündən ölkəmizin
təlatümlü vəziyyətə
düşməsi ilə
bir sıra məhrumiyyətlər yaşamışdır.
Uzun müddət çarizmin müstəmləkəsində olan Azərbaycanda malik olduğumuz milli-mənəvi dəyərlər,
o cümlədən ana
dilimiz də basqı altında qalmışdır.
Mənbələrdə qeyd olunur ki, Azərbaycan dilinin inkişaf problemləri daha çox XX əsrlə bağlıdır. Məhz bu
dövrdə dilimiz çoxsaylı problemlərlə
qarşılaşır və
əsrin əvvəllərindən
başlayaraq dildə yeni meyil və
istiqamətlər özünü
büruzə verir.
Bütün bu problemlər
isə ən çox bədii əsərlərin dilində
və mətbuatda aydın şəkildə
özünü göstərirdi.
Bu il
100 yaşını qeyd
etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti qurulan zaman (1918) dövlətin mühüm
atributlarından sayılan
rəsmi dil məsələsi yeni hökumətin diqqət mərkəzində idi. Cümhuriyyət hökumətinin
1918-ci il 27 iyun tarixli qərarı
ilə türk (Azərbaycan) dili dövlət dili elan edildi. Əslində bu, cəmi 23 ay çox çətin siyasi şəraitdə fəaliyyət göstərən,
yetərli iqtisadi dayaqları olmayan bir dövlət üçün təqdirəlayiq
addım idi. Həmin qərar ana dilimizin dövlət dili kimi işlədilməsinə
aid ilk rəsmi tarixi sənəddir.
Bu qərara
əsasən, ölkədə
məhkəmə, inzibati
idarəçilik və
digər vəzifələrdə
çalışanlar dövlət
dilini lazımi səviyyədə öyrənənədək,
dövlət müəssisələrində
rus dilinin də işlənməsinə
yol verilirdi. Amma qərar yalnız idarəçilikdə milli
kadrların yetişməsinə
qədər olan müddət üçün
nəzərdə tutulmuşdu.
Dil sahəsində milliləşməni
həyata keçirmək
hökumətin əsas
siyasətlərindən idi.
Çar
Rusiyası əsarətində
dilimizin itirilmiş mövqeyini geri qaytarmaq tarixi əhəmiyyət kəsb
edirdi. Həmin il avqust
ayının 28-də Azərbaycan
dilində savadlı kadrların yetişdirilməsi
məqsədilə ölkədəki
təhsil müəssisələrinin
milliləşdirilməsi ilə
bağlı qərar qəbul edildi. Azərbaycan dilində ali təhsil
müəssisələrinin yaradılması isə Cümhuriyyət dövrünün
əsas nailiyyətlərindəndir.
Məhz bu amili nəzərə alan tarixçilər
1918-1920-ci illəri Azərbaycan
dilinin inkişafının
dönüş nöqtəsi
hesab edirlər.
1918-ci il dekabrın 27-də
Cümhuriyyətin hərbi
naziri Səməd bəy Mehmandarovun əmri ilə orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər bir ay müddətində ən azı komanda salamlaşmasını
Azərbaycan dilində
öyrənməli və
tətbiq etməli idilər. Bu tələbi
yerinə yetirməyən
zabitlərin isə ordudan xaric edilməsi
qərarlaşdırılmışdı.
Bu məqsədlə təcili olaraq orduda Azərbaycan dilini öyrədən kurslar fəaliyyətə
başladı. Bu həm də savadsızlığın aradan
qalxmasına hesablanmışdı.
Parlamentdə ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinin
rus dilində çıxış etmələri
məqbul hesab edilmişdi. Dövlətin
bu ali
orqanında yazılı
dillə şifahi nitq arasında ciddi fərqlər vardı. Yaranmış bu qarışıq situasiya ilə bağlı “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda oxuyuruq:
“Qərardan sonra daxili işlər naziri Behbud xan
Cavanşir “Azərbaycan”
qəzetinin müxbiri
ilə müsahibəsində
bildirmişdi ki, “Azərbaycan müəssisələrində
rus dilinin işlədilməsi hazırkı
dövrün zərurətindən
irəli gəlir. Əlbəttə, bu çox
davam etməyəcəkdir.
Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər.
İki ildən sonra Azərbaycanın bütün
müəssisələri milliləşdiriləcəkdir”.
Hökumət qeyri millətlərdən
olan Azərbaycan vətəndaşlarının da dövlət dilini öyrənməsi üçün tədbirlər
görürdü. 1919-cu
ilin sentyabrında dilimizin öyrədilməsi
üçün kurslar
təşkil edilmişdi
və bu məqsədlə büdcədən
vəsait ayrılmışdı.
Parlament üzvləri Azərbaycan
dilinə vaxtaşırı
münasibət bildirirdilər.
Parlamentin 1919-cu il avqustun 21-də keçirilən iclasında
Bakı Universitetinin (indiki BDU) açılması
ilə bağlı deputatların çıxışlarında
dil məsələsinə
xüsusi diqqət yetirilmişdi. Çıxış
edənlərin, demək
olar ki, hamısı universitetdə
- ölkənin ilk ali məktəbində
tədrisin hansı dildə aparılması məsələsinə böyük
əhəmiyyət verirdilər.
Azərbaycan dilini bilən
yüksəkixtisaslı kadrların
olmaması üzündən
Bakı Universitetində
təhsil rus dilində aparılmalı
idi. Görkəmli
maarifçi, naşir
Məhəmməd ağa
Şahtaxtlı “Azərbaycan”
qəzetində dərc
etdirdiyi məqaləsində
yazırdı: “Universitetdə
təhsilin rus dilində aparılmasından
qorxmaq lazım deyil, universitet təhsilinin həyata keçirilməsi Azərbaycanda
yüksəkixtisaslı milli
kadrların yetişməsinə
zəmin yaradacaq, nəticədə milli kadrlar yetişdikcə, universitetdə təhsil tədricən Azərbaycan
dilinə keçiləcəkdir”.
Xalq Cümhuriyyəti Nazirlər
Şurası 21 mart 1919-cu il tarixdə əlifba islahatı üzrə komissiyanın yaradılması haqqında
da qərar vermişdi. Qərarda xalq təhsili
naziri Xudadat Məlikaslanova komissiyanın
təşkil edilməsi
tapşırılmışdı.
1919-cu il sentyabrın 1-də parlament yaşlılar arasında savadsızlığın ləğv edilməsi ilə bağlı tədbirlər haqqında qərar qəbul etdi. Həmin il sentyabrın 15-dən etibarən Bakı, Gəncə, Şuşa, Nuxa (Şəki), Zaqatala və Qazaxda yaşlılar üçün Azərbaycan dili kursları açıldı. Üç bölmə üzrə fəaliyyət göstərən kurslarda birinci bölmə Azərbaycan dilini və yazmağı tamamilə bilməyənlər, ikinci bölmə dili bilib yazmağı bilməyənlər, digər bölmə isə dili və yazmağı bilib, xüsusi terminləri, Azərbaycan dilində dərs demək üsulları və vasitələrini öyrənmək istəyənlər üçün idi. Bu kurslarla yanaşı, Bakıda parlamentin üzvü Abdulla bəy Əfəndizadənin rəhbərliyi ilə milli məktəblər üçün xüsusi tədris kursları fəaliyyətə başladı.
Cümhuriyyət dövründə Azərbaycan dilinin inkişafında, sözsüz ki, ədəbiyyatın da özünəməxsus missiyası vardı. İlk demokratik dövlətimizin yaranmasına ürəkdən sevinən yazıçı və şairlərimiz yaranmış münbit şəraitdən istifadə edərək dilimizin inkişafı və təbliğinə çalışırdılar. Hüseyn Cavid, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Abbas Səhhət, Məhəmməd Hadi və başqaları ideya-sənətkarlıq cəhətdən bir-birindən maraqlı bədii nümunələrlə istiqlaliyyət dövrünün ədəbi salnaməsini yaradırdılar. Ortaya çıxan ədəbi məhsullar bir tərəfdən xalqımızın azadlıq ideallarının, mübarizə ruhunun təcəssümü idisə, digər tərəfdən Azərbaycan dilinin inkişafını və möhkəmlənməsini şərtləndirirdi...
Xalq Cümhuriyyətinin həssas milli dil siyasəti bu gün onun varisi olan müasir Azərbaycan dövlətinin də diqqət mərkəzindədir. İkinci dəfə müstəqilliyinə qovuşan ölkəmizdə ana dilinin qorunması, xüsusilə qloballaşmanın doğurduğu labüd problemlərə dayanıqlılığının artırılması məqsədilə mühüm dövlət proqramları icra olunur. Çünki ana dilimiz həmişə müasir olan çox qiymətli milli sərvətimiz, taleyimizdir.
Lalə Azəri
Mədəniyyət.- 2018.- 9
fevral.- S.12.