FenomenZadə...
Tək elə
Türk-Müsəlman dünyasının yox,
bütün dünyanın məşhurlar-məşhuru
olmuş soydaşımız!
Ömrünün çox hissəsini ABŞ-da keçirmiş, Berkli Universitetinin yeganə “ömürlük” statusu ilə seçilmiş professoru, şərəfinə elmi müəssisə (“İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu”) yaradılmış, Soft Avrasiya Akademiyasının qurucularından, əsərlərinə ən çox istinad edilən, dünya iqtisadiyyatının gedişatını yönləndirən alimlərdən biri, neçə-neçə xarici ölkə akademiyalarının üzvü, elmi-ictimai təşkilatlarının fəxri doktoru, ABŞ-dakı diaspor təşkilatlarımızın fəxri sədri...
Bu qədər geniştutumlu (hələ tam olmayan) “tituloqrafiya”nın imzalığında çox yığcam, zərif, “zəif” bir isim -
Lütfi Zadə...
İlk sənədindəki “Ələsgərzadə Lütfi Rəhim oğlu” ad-soyadının “demontaj”ına elə onun öz intellekti səbəb olub; Amerikaya gəlişindən bir az keçmiş dördbir tərəfindən hər an, hər dəqiqə edilən ismi müraciətlər zamanı nitq və sifətlərdə görüb-hiss etdiyi pauza və gərginliklərə rəğmən soyadını qısaca olaraq Zadə ilə əvəz etdirib. Bu orijinallıqlar ölkəsinə tam oturuşub, qlobal iqtisadi işlərə, dahiyanə nəzəriyyələrə imza atdıqdan sonra o, hərdən, həmin bu imza-redaktə “nəzəriyyə”si məsələsinin də vacibliyini vurğulayarmış...
Bu dünyəvi imza bizim Cənubumuzdan doğulub. Ərdəbildə - ziyalı bir ailədə doğulmuş atası iş dalınca zəmanənin “fontan Bakısı”na gəlir, 1918-ci ilin mart qırğını zamanı çoxları İrana-Türküstana qaçsa da, o, geri dönmür, Cümhuriyyətin yenicə açdığı Universitetimizin Şərqşünaslıq fakültəsinə qəbul olunur, “İran” qəzetinin Bakı müxbiri işləyir, elmi yaradıcılıqla məşğul olur, Tibb fakültəsində oxuyan Fanni xanımla evlənib Novxanı kəndində yaşamağa başlayır və 1921-ci ilin fevralında bu ailədə doğulan uşağın adını Lütfi qoyurlar.
Lütfi ilk təhsilinə Bakıdakı 16 nömrəli məktəbdə başlayır, bolşeviklərin müflisləşdirməsinə baxmayaraq burada yaşamaq qərarında olsa da, sovetlərin hətta düşüncə azadlığına belə girişdiyini görən ata isə ailəsini götürüb, İrana köçmək məcburiyyətində qalır. Təhsilini amerikalıların Tehranda açdığı “Albors” missioner məktəbində davam etdirən Lütfi Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olur. II Dünya savaşı illərində “de-fakto” işğal vəziyyətinə düşmüş “aqrar İran” ölkəni inkişaf relsinə salmaqçün ümidverici-savadlı gəncləri xarici ölkələrdə təhsilə göndərir. Həmin il Türkiyəyə göndərilən 100 gəncdən biri Cavad Heyət, Amerikaya yollanmışlardan biri Lütfi Rəhim oğlu Ələsgərzadə - Lütfi Zadə...
Sonralar “Qeyri-səlis məntiqin atası ilə mənim həyatım və səyahətlər” kitabını yazıb, 1998-də çap etdirəsi Feyda xanımla ailə quran bu məşhur atanın bir qızı və Norman adlı (məşhur riyaziyyatçı) oğlu olur.
Və bu Ərdəbil-Bakı havalı gəncin, Güney-Quzey sevdalı Azərbaycanlı, türkkökən-müsəlmanbiət (bu vurğulamamın “nədən”inə toxunulacaq) qocanın -
Amerika erası...
1944-cü ildə bu möcüzələr ölkəsinin Kolumbiya Universitetinə tələbə kimi qədəm qoyan Lütfi Ələsgərzadə 1948-də elektron mühəndisliyi üzrə magistr dərəcəsi alır. Tehrana-Bakıya dönərsə, nəinki buradakı şəraitin yüzdəbiri, hətta olmazın təqib-təzyiqlərlə qarşılaşacağını yaxşı dərk edən gənc Amerikada qalıb elmi fəaliyyətini davam etdirməyi qətiləşdirir. Tezliklə yanına dəvət etdiyi valideynlərisə, artıq, professor-övladla birgə yaşadıqlarının fərqindəydilər...
1963-də Elektrik mühəndisliyi və bilgisayar elmləri kafedrasına rəhbərlik etməyə başlayan alim iki il sonra öz elm sahəsindəki ilk “inqilab”ını - qeyri-səlis məntiq nəzəriyyəsini uğurla başa çatdırır.
Bir müddət Amerika elmi ictimaiyyətinin soyuq qarşıladığı bu kəşfi yaponlar çox yüksək dəyərləndirir, texnologiyaya tətbiq edir, foto-videokamera, paltaryuyan maşın, vakuum kimyəvi təmizləyici və s. istehsalında, avtomobil, qatar və digər sənaye proseslərinin idarəolunmasında geniş istifadə etməklə, inanılmaz məbləğdə mənfəət əldə edirlər.
Yuxarıdakı “vurğulama”mın məqam-fürsəti: alimlərin fikrincə, iqtisadiyyat, siyasət, sosiologiya, fəlsəfə, psixologiya, linqvistika və hətta münaqişə problemlərində də istifadə olunan bu nəzəriyyə Lütfi Zadənin elmə “Qurani-Kərim” məntiqindən doğan bir yanaşmasıdır. Bu fundamental elmi bazis üzərində isə, dünya elminin ən yeni əsaslar üzərində qurulmasında çox mühüm rol oynamış “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən bilgisayar nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi elmi kəşflər strategiyası...
Bu alimin dünyaca məşhur “vəziyyətlər fəzası”, “dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri” müasir idarəetmə elminin əsasını təşkil edir. Neçə illərdir ki, elmi-ədəbi-publisistik mənbələrdə belə bir faktoloji məlumat yazılıb-oxunmaqdadır: “ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir”.
Dünyanın ən nəhəng bilim adamları üçün möcüzə və... suiçimi kimi asan olan bu fenomenin “elm məhsullarını” tam komplekt-konspektləşdirib oxucuya çatdırmağın özü belə müşkül...
Nədən “necə” başlayıb, harada “nə cür” qurtarasan?
Məsələn, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyəti nədən ibarətdir? Bəyəm bu suala müəllifin öz cavabı hər şeyi açırmı: “...Qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin əsas mahiyyəti odur ki, mütləq heç nə yoxdur. Hər şey, riyazi dillə desək, 0-1 şkalasında müəyyən həddə dəyişir. Deməli, real dünyanın ümumi mənzərəsi 0 və vahid arasında olan onlarla, yüzlərlə çalarlardan ibarətdir”.
Belə... Aristotel məntiqinə görə, bir adam ya dostdur, ya düşmən, Zadə məntiqinə görə isə, dostla düşmən münasibətləri arasında sonsuz sayda münasibət dərəcəsi var; neytral, çox yaxın, elə-belə dost və s.
Mənim “labirintal”lığımsa hələ də davamiyyətdə: hansını deyib-deməyəsən? Süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmalarının intellektual kombinasiyalarını özündə əks etdirməklə, yeni texnologiyaların əsasını təşkil edən “Soft Computing”, bilgisayarlarda informasiyanın qranulyasiyası kimi istifadə olunan - insan beyninə adekvat texniki model - “sözlə işləyən kompüterlər”, dəqiq ölçmə aparmadan ətraf aləm haqda dolğun informasiyaalma üsullu “təəssürat”, diskret və rəqəmli idarəetmə, informasiya-kommunikasiya sistemlərinin yeni əsasını qoymuş (adının baş hərfilə) “Z-çevirmə” kimi qlobal nəzəriyyələrindənmi, 54 beynəlxalq jurnala elmi redaktorluğu və ya redaksiya heyəti üzvlüyündən, dünyada əsərlərinə ən çox istinad (1990-2000-ci illərdə 36000-dən çox) edildiyindənmi?..
Qeyri-adi elmiliyi barədə, dünyaya yeni baxış tərzi müəyyənləşdirməsi haqda çox yazılıb-deyilmiş bu alim “adi” insan kimi də maraqlı imiş. Öncə, özündən: “Mən fotoşəkil çəkməklə maraqlanırdım. Hətta bir çox məşhurları (məsələn, ABŞ-ın sabiq prezidentləri Nikson və Trumen, Rostropoviç, Qalina Vişnevskaya, Svyatoslav Rixter və b.) paparatsilər kimi (icazəsiz) çəkmişəm.
Təpədən-dırnağa sadə həyat tərzi yaşamış bu böyük alim hədiyyə almağı qətiyyən xoşlamasa da, minlərlə müasirinə öz “zövq avtoqrafı” ilə qalstuklar hədiyyə edərmiş...
Qoyun ətindən hazırlanan yeməkləri çox sevirmiş. Azərbaycanda isə ən çox bəyəndiyi yemək lüləkabab və kələm dolması olub.
Ən böyük “qəribə”liyi isə “çox gözəlliklərə qadir” elmi “hər şeyə qadir” pullara qurban verməməsi. “Haqq-hesab” alimlərinin qənaətlərinə görə, əgər o - ömrünü dar-daracıq bir mənzildə başa vurmuş bu mənəvi milyarder öz nəzəriyyələrindən yararlanan şirkətlərdən “pay sahibliyi” tələb etsəymiş, dünya trillyarderi olarmış...
Mehr-məhəbbət dolu bu insan bütün ötəri-dayanıq epizodlarda səmimi görünsə də, qələbəlikdə qərar tuta bilmirmiş.
Bildiyimiz (və xeyli dərəcədə bilmədiklərimiz!) çətin elmi, riyazi bilgiləri, saysız informasiyaları yaddaşında cəm edən, mənimsədiklərinin bir detalını belə unutmayan bu dahi... hərdən corab geyməyi unudurmuş...
Bütün bunlar isə -
dünya elmində yeni bir məktəb - “Lütfizadə məktəbi” demək!..
Azərbaycana ürəkdən bağlılığı da ki... öz yerində! Hələ tikan-məftilli Sovet illərində “elmi-siyasi” yollar tapıb, soydaşlarıyla sıcaq əlaqələr qurmuş, müstəqilliyimizdən sonra diqqətini artıraraq, elmi kadr hazırlığımıza xüsusi qayğı göstərmiş, 2008-də “BakuTel”in keçirdiyi beynəlxalq sərgi-konfransda iştirak edərkənsə: “Bakıdan gedəndə mənim on yaşım vardı. Burada axırıncı dəfə 1965-ci ildə olmuşam. İndi mənə öz hislərimi ifadə etmək çox çətindir... Azərbaycanda indi baş verənlər məndə müsbət təəssüratlar oyadır. Elmə və mədəniyyətə böyük diqqət yetirilir. Azərbaycan irəliyə gedir və onun parlaq gələcəyi olacaqdır. Mən bu uğurlara görə dostlarıma, Azərbaycan xalqına, dövlət başçısına minnətdarlığımı bildirirəm” - demişdir.
Dünya şöhrətli bu alim Azərbaycanda dəfn edilməsini vəsiyyət etdi və bu, belə də oldu...
Elə Azərbaycan da bu böyük oğlunu daimi sayğı ilə qutladı: adı çıxandan ta Fəxri xiyabanda doğma torpağa tapşırılanadək bütün elmi-fəlsəfi yaradıcılığını ürək dolusu məhəbbət və maraqla izləyib, təbliğ-təşviq etdi, “Müasir elmin korifeyi” (Ş.Məmmədov) və “Dünya dahilərsiz yaşaya bilmir” (F.Tağıyev, M.Səməd) adlı kitablar çap edildi, “Uzaq və yaxın Lütfi Zadə” (O.Babazadə) sənədli filmi çəkildi, Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2011-ci il tarixli sərəncamı ilə elm və texnologiyaların inkişafına verdiyi töhfələrə və mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərə görə “Dostluq” ordenilə təltif edildi...
Dünya miqyasınca böyük və sözün hər iki mənasında BÜTÖV AZƏRBAYCANLI alim dünya elminə 6 mühüm nəzəriyyə qazandırıb getdi.
Ancaq...
Yox, bu sonuncu ifadədə heç bir inkarilik yoxdur. Sadəcə, fenomenal elmi təfəkkürü ilə “çox mümkünsüzləri mümkün edən” bu alim öz adını dünyanın bütün təzahürlərinin önündə olan ELM tarixinə qızıl hərflərlə yazdırıb... getdi. Bundan sonrakı saysız (və təbii ki, daim dialektik qalxınmada olan) daha möcüzəvi ixtiralara ayaq verəsi tədqiqatları isə əbədən qaldı...
Tahir Abbaslı
Mədəniyyət.- 2018.- 9
fevral.- S.13.