Modernləşən Osmanlı ədəbiyyatının
görkəmli nümayəndəsi
Osmanlı Türkiyəsində 1839-1876-cı illəri əhatə edən, Avropa və Rusiya müdaxiləsi qarşısında “öz varlığını qorumaq” üçün həyata keçirilən Tənzimat islahatı ədəbi mühitdə də canlanma ilə nəticələnmiş, fərqli yaradılıcılıq meyilləri formalaşmağa başlamışdı. Yeni ruhlu şair və yazıçılar yetişirdi ki, onların arasında özünəməxsus dəst-xətti ilə seçilən ədiblərdən biri də alban əsilli Şəmsəddin Sami idi.
54 il ömür sürən görkəmli yazar həyatını türk xalqının mədəni tərəqqisinə həsr edib. O, Azərbaycan ədəbi-mədəni mühitində daha çox “Dəmirçi Gavə” (“Gaveyi-ahəngər”) faciəsi ilə tanınıb. Əsər Süleyman Sani Axundov tərəfindən 1906-cı ildə Azərbaycan dilinə uyğunlaşdırılıb. Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinskinin baş qəhrəman Gavə obrazını yüksək sənətkarlıqla canlandırdığı əsər uzun müddət teatrlarımızın repertuarından düşməyib.
Şəmsəddin Xalid bəy oğlu Sami 1850-ci ildə indiki Yunanıstan ərazisində, Yanya vilayətinin Fraşer qəsəbəsində dünyaya göz açıb. Doqquz yaşında ikən atası, iki il sonra anası dünyasını dəyişir, böyük qardaşı Əbdülün himayəsində böyüyür. Şəmsəddin 1861-ci ildə qardaşları ilə bərabər Yanya şəhərinə köçür, burada Zosemia liseyinə daxil olur. Səkkizillik məktəbi yeddi ilə bitirir, yunan, fransız, italyan, ərəb, fars, türk dillərini öyrənir.
1871-ci ildə İstanbula köçürlər. “Mətbuat qələmi” adlı qurumda işə düzəlir. Ancaq o, yaradıcılığa daha çox vaxt ayırır. Bir müddət sonra ilk türk romanı olan “Taaşşuki-Talat və Fitnat” adlı əsərini yazır. Əsər İstanbulda maraqla qarşılanır və geniş əks-səda doğurur. 1874-cü ildə fransız dilindən “İxtiyar onbaşı” adlı pyesi türk dilinə tərcümə edir. alban xalqının problemlərini əks etdirən “Besa, yaxud əhdə vəfa” adlı dram əsərini yazır. Əsərlər İstanbuldakı Gədikpaşa teatrında tamaşaya qoyulur və maraqla qarşılanır.
Dörd ilə yaxın “Mətbuat qələmi”ndə çalışan Şəmsəddin Sami artıq İstanbulda təcrübəli yazar kimi tanınırdı. Ərəb və türk dillərində nəşr olunan “Trablusqərb” vilayət qəzetində bir il baş redaktor işləyir. 1876-cı ildə hazırda Türkiyənin məşhur mətbuat orqanlarından sayılan “Sabah” qəzetinin əsasını qoyur. Qısa vaxtda qəzet böyük tirajla nəşr olunur. 1877-ci ildə Rodos valisi Sava Paşanın möhürdarı kimi onunla bərabər Rodosa ezam edilir. Rusiya-Osmanlı müharibəsinin (1877-1878) sonunda Yunanıstanın nəzarətindəki alban torpaqları təhlükə ilə üz-üzə qalır. Buna etiraz səsini qaldıran Şəmsəddin Sami 1878-ci ildə “Vaxt” qəzetində böyük bir məqalə ilə çıxış edir...
Tədqiqatçı Rəna İsgəndərli araşdırmasında qeyd edir ki, maarifpərvər ədib latın və yunan hərflərindən istifadə edərək Albaniyanın milli əlifbasını (1879), daha sonra isə qrammatikasını hazırlayıb. O, Abidin Paşanın rəhbərliyi altında yaradılan “Sevkiyyati-əskəriyyə” birliyinə bir neçə ay baş katiblik edib. Həmin illərdə “Sərfi-nəhvi-ərəbi” adlı qrammatikaya dair əsərini yazıb.
Sultan II Əbdülhəmid onu 1880-ci ildə saraya dəvət edir. O, “Əsgəri Təftiş” təşkilatında katib vəzifəsinə təyin edilir. Ömrünün sonuna qədər bu vəzifədə çalışır, eyni zamanda yarımçıq əsərləri üzərində işləyir, tərcümə ilə məşğul olur. Viktor Hüqonun “Səfillər”, Daniel Defonun “Robinzon Kruzo” romanlarını türk dilinə tərcümə edir. Fransızca-türkcə “Qamusi-fransavi” adlı kitab hazırlayır. Dilçiliyə həsr olunan bu leksikoqrafik əsər İstanbulda böyük marağa səbəb olur və müəllif II Əbdülhəmid tərəfindən “İftixar” ordeni ilə təltif olunur.
Sonralar 6 cilddə “Qamusül-alam” ensiklopediyası, “Qamusi-ərəbi” ərəbcə-türkcə lüğəti, “Qamusi-türki” adlı elmi kitabları ilə Şəmsəddin Sami Türkiyənin məşhur tədqiqatçılarından biri kimi tanınıb. Türk dili üzərində islahatlara can atıb, bu dilin xarici söz və qaydalardan azad olmasına çalışıb. O, eyni zamanda “Osmanlı türkcəsi” termininə qarşı çıxıb.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Şəmsəddin Saminin “Qamusi-türki”, “Qamusi-fransavi” və “Qamusül-alam” əsərləri saxlanılır.
Şəmsəddin Sami 1902-ci ildə Yusif Balasaqunlunun “Kutadqu-bilik”, eləcə də “Orxon abidələri”nə dair tədqiqat əsərləri yazıb. “Orta çağ qıpçaqcası” əsəri üzərində çalışan müəllif bu maraqlı tədqiqatını başa çatdıra bilməyib.
Şəmsəddin Sami 1904-cü ildə, yaradıcılığının coşqun çağında vəfat edib.
S.Fərəcov
Mədəniyyət.- 2018.- 9
fevral.- S.15.