Türk Ədəbiyyatı Vəqfinin
nümayəndə heyəti ilə görüşlər
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ilə görüş keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli iki ölkə arasında mədəni əlaqələr, Türk Ədəbiyyatı Vəqfi ilə əməkdaşlıq barədə danışıb. Türkiyədə Azərbaycan ədəbiyyatının, eləcə də Azərbaycanda Türkiyə ədəbiyyatının yığcam tanıtma kitabının çapının zəruri olduğunu diqqətə çatdıran akademik, birgə konfransların keçirilməsi, jurnalların nəşri barədə də təkliflərini bildirib.
Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Serhat Kabaklı qurum tərəfindən Türk dünyası ədəbiyyatı nümunələrinin çapına başlandığını və bu seriyadan artıq bir neçə kitabın nəşr edilərək oxuculara çatdırıldığını bildirib.
Daha sonra çıxış edən professor Ramazan Qorxmaz, İmdat Avşar, vəqfin idarə müdiri Əhməd Ünlü, idarə heyətinin üzvü Erol Ürgen, Şener Bulud Azərbaycan-Türkiyə ədəbi əməkdaşlığından bəhs ediblər.
* * *
Sumqayıt Poeziya evində Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ilə şəhərdə fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin görüşü olub.
Poeziya evinin direktoru, şair İbrahim İlyaslı qonaqları salamlayaraq türk ədəbiyyatından, əsrlərə dayanan Türkiyə-Azərbaycan dostluğundan söz açıb.
Tədbirdə aşıqların ifası dinlənilib, Serhat Kabaklının İbrahim İlyaslı tərəfindən tərcümə edilən “Bil, oğlum” adlı kitabı təqdim olunub.
Mədəniyyət.- 2018.- 14
fevral.- S.2.