Cabbarlı yadigarı əbədiyyətə
qovuşub
Azərbaycanın mədəni ictimaiyyətinə itki üz vermişdir. Muzey sahəsində öz təcrübəsi və xidmətləri ilə tanınan Gülarə Cabbarlı 2018-ci il fevralın 12-də, ömrünün 88-ci ilində dünyasını dəyişmişdir.
Gülarə Cabbarlı 1930-cu il fevralın 11-də Bakıda, görkəmli dramaturq, şair, yazıçı, teatr və kino xadimi Cəfər Cabbarlının ailəsində anadan olmuşdur. 1953-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi fəaliyyətə başlamışdır. Onun gərgin əməyi, Cəfər Cabbarlının təkrarsız sənətinə məhəbbəti sayəsində ədibin Xızı rayonunda və Bakı şəhərində ev-muzeyləri yaradılmış, muzeylərdə sənətkarın yaşadığı mühit bərpa olunmuş, müasir tələblərə cavab verən daimi ekspozisiyalar təşkil edilmişdir. Gülarə xanım 1979-cu ildə Cəfər Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin edilmişdir. Fəaliyyəti dövründə muzeydə müxtəlif layihələr həyata keçirilmiş, ədibin 100 illik yubileyi münasibətilə kitablar nəşr olunmuşdur. Gülarə xanım “Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin rəhbəri, “Cəfər Cabbarlı Mükafatı” komissiyasının sədri olmuşdur.
Gülarə Cabbarlı 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmişdir. Prezident təqaüdçüsü idi.
Gülarə Cabbarlının əziz xatirəsi mədəni ictimaiyyətin yaddaşında və qəlbində gözəl insan, şux təbiətli qadın və əziz Cabbarlının yadigarı kimi daima xatırlanacaq və əbədi yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi
Mədəniyyət.- 2018.- 14
fevral.- S.4.