“Qroznıdan məhəbbətlə”
yayılan ritmlər
Hər xalqın yaşam tərzini, adət-ənənəsini, geyim mədəniyyətini milli rəqs sənəti qədər dəqiq sərgiləyən ikinci sənət növü çətin tapıla. İndi deyənlər tapılar ki, bəs Qafqaz, eləcə də digər region xalqlarının rəqsləri bir-birinə çox bənzəyir. Olsun! Amma o da var ki, gərək xalqların milli rəqsləri barədə qeyri-peşəkarların toyda-büsatda, el şənliyində oynamaqlarına baxaraq yox, milli rəqs ansamblının çıxışını seyr etdikdən sonra fikir yürüdəsən. Fevralın 12-də bizim belə bir imkanımız oldu. Rusiya Federasiyası Çeçenistan Respublikasının “Vaynax” Dövlət Rəqs Ansamblı Bakıda geniş konsert proqramı ilə çıxış etdi.
“Qroznıdan məhəbbətlə!” adı verilmiş qastrol səfərinin (Bakı-Tbilisi-Moskva-Sankt-Peterburq) ilk dayanacağı bizim paytaxtımız oldu. Akademik Milli Dram Teatrına çeçen rəqqasların məharətinə tamaşa etməyə gələnlər əvvəlcə foyedə rus və çeçen dillərində çap olunmuş kitablar və Qroznı şəhərinin müxtəlif illərdəki mənzərələrinin fotolarından ibarət sərgi ilə də tanış oldular. 1990-cı illərə kimi olan fotolar bizə Qroznının adi, ittifaqın digər əyalət şəhərlərindən fərqlənməyən şəhər olduğunu xatırladırdı. Amma 90-cı illərdə müharibənin xaraba qoyduğu şəhərin görkəmi nə qədər ürək ağrıdırdısa, quruculuq dövrünün möhtəşəm tikililəri bir o qədər göz oxşayırdı.
Nəhayət, konsert başladı. İndiyədək daha çox adını eşidib, çıxışını görmədiyimiz “Vaynax” ansamblını bir qədər yaxından tanımaq pis olmazdı. Çeçen dilində “vaynax” “xalqımız” deməkdir. 1939-cu ildə yaradılmış ansambl yerli xalqlar - çeçenlər və inquşlar tarixi torpaqlarından deportasiya edildikdən sonra öz fəaliyyətini dayandırır və yalnız 1956-cı ildə yenidən yaradılır. Qısa müddət ərzində “Vaynax” peşəkar rəqs kollektivinə çevrilir və ümumittifaq və dünya festivallarında çıxış edir, Sovet İttifaqında, eləcə də xaricdə qastrol səfərlərinə çıxır. Daha çox Qafqaz ekzotikası təsiri bağışlayan iti hərəkətli kişi rəqsləri, lirik, əsasən qol hərəkətləri ilə rəqs etməklə zəriflik yaradan qadınların sonalar kimi süzməsi görənləri heyran edir.
Amma demə, «Vaynax»ın taleyində bir sınaq da varmış. Müharibə üzündən ansambl 1999-2001-ci illərdə fəaliyyətini müvəqqəti dayandırır. 2002-ci ildə yenidən beynəlxalq rəqs festivallarında görünməyə başlayır. Beləcə, «Vaynax» yenidən itirilmiş mövqeyini, uzaq düşdüyü Qafqaz rəqsi sevənlərin rəğbətini özünə qaytarır.
Düzü, bu ansamblın Bakıda nə vaxt çıxış etdiyi kimsənin yadına gəlmir. Amma salona toplaşan istər yerli, istərsə də əcnəbi tamaşaçıların çoxluğu sübuta yetirirdi ki, əksəriyyət “Vaynax”dan gözəl proqram gözləməkdə israrlıdır.
İkihissəli “Qroznıdan məhəbbətlə!” proqramı “Daymoxk” bayram rəqsi ilə başladı. Hər bölmədə həm qarışıq, həm ayrı-ayrılıqda kişi və qadın rəqs qruplarının rəqsləri, duet və solo rəqslər proqrama daxil edilsə də, tamaşaçılar kişi rəqqasların çıxışlarını alqışlamağa heç xəsislik etmədilər. Çeçenistanın Əməkdar artisti Adam Şabayevin təkcə rəqs etdiyi yox, həm də təhlükəli jonqlyorluq məharəti göstərdiyi “Xəncərlərlə rəqs”, kişi qrupunun ifasında məzəli “Aulda bayram” xoreoqrafik kompozisiyası xüsusilə alqışlandı. Çeçenlərin ansamblı təkcə öz milli rəqslərini ifa etmədi, proqrama “Kartuli” gürcü rəqs duetini, abxaz xalq musiqisi əsasında qurulmuş “Abxaz rəqsi” də daxil edilmişdi.
Çeçenistanın Xalq artisti Adnan Məcidovun rəhbərliyi altında çalışan “Vaynax” ansamblının təqdim etdiyi proqramın ruhunda sevgi duyulurdu, elə onların Bakı konserti də sevgiylə qarşılandı. Bir sərkərdənin məşhur ifadəsini dəyişərək belə deyə bilərik: “Bizə sevgiylə gələnləri elə sevgiylə də yola salarıq”.
G.Mirməmməd
Mədəniyyət.- 2018.- 14 fevral.- S.8.