Bərpaçı-rəssam ömrü

 

   Sabir Hüseynov taleyini rəssamlığa bağlayan, yaradıcılığını Azərbaycan incəsənətinin zənginləşməsinə yönəldən sənətkarlarımızdandır. O, 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1987-ci ildə Tbilisi Rəssamlıq Akademiyasının Rəngkarlıq və bərpaçılıq fakültəsindən məzun olub. Bakıda - o vaxtlar İçərişəhərdəki Bəylər məscidində yerləşən Rüstəm Mustafayev adına bərpa emalatxanasında respublikanın ilk bərpaçı-rəssamı Fərhad Hacıyevin yanında sənətin sirlərinə yiyələnib.

   Bərpaçı-rəssam 1991-ci ildə paytaxtda keçirilmiş sərgidə iştirakı ilə özünün yaradıcı potensialını sənətsevərlərə və həmkarlarına nümayiş etdirir. Bir çox ölkə nümayəndələrinin də qatıldığı sərgidə gənc rəssam xüsusilə Yunanıstandan gələnlərin rəğbətini qazanır. Bu da onun Yunanıstanın Meqala şəhərində fərdi sərgisinin keçirilməsi ilə nəticələnir. Altmış rəngkarlıq əsərinin nümayiş olunduğu sərgi yerli sənət məkanında böyük marağa səbəb olur. Sabir Hüseynovun müxtəlif təltif və diplomlara layiq görülməsi, iki əsərinin Yunanıstan Milli Muzeyində saxlanması da sənətinin yüksək dəyərləndirilməsinin ifadəsidir.

   Sabir Hüseynov bir müddət İstanbulda qalereyalarda bərpaçı-rəssam kimi çalışıb, İstanbul, Ankara və İzmirdə fərdi sərgiləri keçirilib. Bu illər ərzində təsviri sənət və bərpaçılıq sahəsində kifayət qədər nəzəri-praktik təcrübə toplayan sənətkar hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında həm rəngkarlıq, həm də bərpaçılıq metodikası üzrə pedaqoq kimi fəaliyyət göstərir.

   Onun bərpaçılıqla yanaşı, məşğul olduğu rəngkarlıq sahəsində də yaradıcılıq uğurları diqqətçəkəndir. Bu sahədə ərsəyə gətirdiyi ilk əsər Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyarkən tamamladığı “Qaynaqçı” kompozisiyası olub. Bundan əlavə, o, tələbəlik illərində də bir çox mənzərələr, İçərişəhər motivləri, Abşeron təbiətini və neft mədənlərini əks etdirən lövhələr çəkib. Bütün bu çoxsaylı əsərlər akvarel və yağlı boya ilə işlənib.

   Milli ənənələrdən yaradıcılıqla istifadə tendensiyası Sabir müəllimin əsərlərinin ana xəttini təşkil edir. Nənələrimizin, analarımızın gündəlik həyatı, onların obrazlarına fərdi üslubda yanaşmaq rəssamın yaradıcılığının əsas xüsusiyyətləridir. Elə onun rəssamlığa meyil göstərməsinin kökündə də xalq həyatına bağlılığının xüsusi rolu olub. Sənətkar bunu həm də qəribə bir hadisə ilə əlaqələndirir: “Uşaqlığım Qərbi Azərbaycanda - Zəngibasar mahalının Uluxanlı kəndində keçib. Qış aylarında əhali özünü yanacaqla təmin edə bilmədiyindən, çox soyuq aylarda məktəblər bağlanırdı. Belə günlərin birində rəsm çəkməyə başladım və bu sahəyə marağım artdı. Bunu görən əmim məni qonşu Zəhmət kəndində yaşayan, Azərbaycanın Əməkdar rəssamı Cabbar Quliyevin yanına apardı və ilk dəfə orada yaradıcılıq emalatxanasının böyük bir aləm olduğunu gördüm. Beləcə, ilk maraqCabbar müəllimlə tanışlıq məni sənətə gətirdi. Bundan peşman da deyiləm. İkinci dəfə dünyaya gəlsəydim, yenə də rəssam olardım”.

   Rəssamın “Səttar Bəhlulzadə”, “Qadın”, “Sara nənə”, “Sara nənə gül yığır”, “Qovurma bişirən ana”, “Mərdəkan qalası”, “Fatmayı məscidi”, “Qədim İrəvan” kimi müxtəlif janrlı əsərləri vurğuladığımız məziyyətləri özündə yaşadan sənət nümunələridir.

   “Səttar Bəhlulzadə” portretində görkəmli fırça ustasının fərdi, psixoloji xüsusiyyətləri çox dolğun şəkildə təsvir edilib. Xalq rəssamının realizm ənənələrinə müvafiq işlənmiş simasında bir qədər qəmgin, fikirli olduğu duyulur. O, bir əlini üzünə tutaraq baxışlarını uzaqlara zilləyib. Baxışları onun xəyallar dünyasında olduğunu göstərir. Bütünlükdə əsər statik görünsə də, arxa fonda təsvir olunan rəng qamması, o cümlədən obrazın saçının dalğavarı quruluşu rəsmə dinamika bəxş edib. Fonda qırmızı, , narıncı, mavi, bənövşəyi, göy rənglərin sintezi böyük mənzərə ustasının mənəvi-yaradıcı dünyasına “körpükimi qəbul olunur.

   Sabir Hüseynovun yağlı boya ilə məişət janrında yaratdığı əsərlərdən biriSara nənə gül yığır” kompozisiyasıdır. Tabloya baxdıqda diqqəti ilk olaraq Sara nənənin obrazı cəlb edir. O, bir əli ilə həvəslə gül yığır, digər əlindəki qaba qoyur. Üfüqi formatlı əsərin rəng həllinə gəldikdə isə onun qarışıq, bir-biri ilə sintezdə olan rənglərdən təşkil olunduğunu deməliyik. Qadının simasına diqqət yetirəndə onun həyəcanlı olduğu görünmür. Keçirdiyi hislər ətraf aləmin dinamikası qarşısında susqun hal alır. Simasında təbəssüm olmasa da, gördüyü işdən məmnunluğu aydın duyulur. Əsərdə Sara nənənin sevimli məşğuliyyətinin qabardılması da bundan irəli gəlmişdir.

   Sabir müəllim yeni mövzu tapmaq üçün özünü oda-suya vuranlardan deyil. Onun üçün həyatda görünənlərin hamısı əsər mövzusu ola bilər. Əsas məsələ mövzuya necə, hansı baxış bucağından yanaşılmasıdır. Bu mənada onun “Anamın tikiş tikməsi, çörək yapması, ev süpürməsini təsvir etməyi sevirəm. Çünki 84 yaşı varbu işlərlə məşğul olması mənə maraqlı gəlir, gördüklərimi təsvir etməyə ruhlandırır” sözlərində də böyük həqiqət vardır.

   Rəssamın tablolarında əks etdirdiyi dünyasının - sevincin və kədərin ifadəsini duymaq mümkündür. Əsərlərində sənətkar dünyagörüşünün bədii izləri sanki nəfəs alır.

  

   Ziyarət Cabbarova

   Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı

 

Mədəniyyət.- 2018.- 14 fevral.- S.12.