Mətnşünaslıq elmində parlaq imza
Azərbaycanda əlyazmaların toplanması, araşdırılması və nəşrində böyük xidmətlər göstərən görkəmli alimlərimizin sayı o qədər də çox deyil. Bu sahədə araşdırma aparanların arasında tanınmış mətnşünas alim, Əməkdar elm xadimi, professor Cahangir Qəhrəmanovun özünəməxsus yeri var.
Cahangir
Vahid oğlu Qəhrəmanov
10 fevral 1927-ci ildə Qəbələ
şəhərində ziyalı ailəsində dünyaya göz
açıb. Uşaq ikən valideynləri
Bakıya köçür. O, 1945-ci ildə
132 saylı orta məktəbdə təhsilini
başa vuraraq Azərbaycan
Dövlət Universitetinin (indiki
BDU) Şərqşünaslıq fakültəsinə qəbul
olunur. 1951-1955-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında
oxuyur. “Azərbaycan
ədəbi dilində
fəlsəfə terminləri”
mövzusunda namizədlik
dissertasiyasını müdafiə
edir. Bir neçə il
indiki Bakı Slavyan Universitetində baş müəllim və dosent vəzifəsində işləyir.
Gənc alimin qədim mənbələrə, xüsusilə
də əlyazmalara olan dərin marağı onu 1960-cı
ildə Azərbaycan Elmlər Akademiyasının
Əlyazmalar Fonduna gətirir. Sonra əbədi olaraq
taleyini bu institutla bağlayır.
Əlyazmalar Fondunda çalışdığı
vaxtlarda anadilli yazılı abidələrimizə
maraq göstərir.
1964-cü ildə XV əsr
Azərbaycan tərcümə
abidəsi “Əsrarnamə”nin fotofaksimile çapını linqvistik
oçerk və sözlüklə birgə
nəşr etdirir.
Alimin mətnşünaslıq sahəsində ən böyük uğuru isə mütəfəkkir
şair İmadəddin
Nəsiminin türkcə
divanının elmi-tənqidi
mətninin tərtibi və nəşridir.
Bu nəşrin əhəmiyyəti onda idi ki, alim
divanın tərtibində
Nəsiminin Bakı,
Sankt-Peterburq, Daşkənd
və İrəvan şəhərlərində saxlanılan
əlyazmalarından, əski
çap kitabları və başqa qaynaqlardan yararlanmışdı.
Bu dəyərli araşdırma ilə hürufi şairin elm aləminə bəlli olmayan bir sıra
əsərləri ilk dəfə
üzə çıxarılmışdı.
Tədqiqatçı bununla Azərbaycan
elmində linqvistik mətnşünaslığın əsasını qoyub.
Sonralar onun bilavasitə rəhbərliyi ilə yerinə yetirilən bir sıra mətnşünaslıq
yönlü araşdırmalarda
bu məsələyə
geniş yer ayrılıb.
AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu
alimin şöhrətinin
ölkəmizdən uzaqlara
gedib çıxdığını
yazır: “1978-ci ildə
Moskvada elmi ezamiyyətdə idim. Məşhur türkoloq alim, professor Əmir Nəcibin evində olarkən alimin masaüstü kitabları
sırasında Cahangir
müəllimin “Nəsimi
“Divan”ının leksikası”
kitabını da gördüm. 2005-ci ildə isə Təbrizdə İranın
məşhur ədəbiyyatşünas
alimi “Süxənvərani-Azərbaycan”
(“Azərbaycanın söz
ustaları”) kitabının
müəllifi Əziz
Dövlətabadi ilə
görüşdüm. O, professor Cahangir Qəhrəmanovun adını
böyük ehtiramla çəkdi”.
C.Qəhrəmanovun
nəşr etdirdiyi kitablar sırasında Nemətullah Kişvəri
(XV əsr), Suli Fəqih (XIV), Mustafa Zərir
(XIV) və Məhəmməd
Füzuli kimi söz ustalarının, görkəmli ədəbiyyatşünas
kimi tanınan Hüseyn Əfəndi Qayıbov kimi sənətkarların əsərləri
əhəmiyyətli yer
tutur.
Bacarıqlı, işgüzar elm təşkilatçısı olan
alim 1972-ci ildən başçılıq etdiyi
Əlyazmalar Fondunun
1986-cı ildə ayrıca
elmi tədqiqat institutuna çevrilməsində
böyük fədakarlıq
göstərib. İşgüzarlığı sayəsində institutun
fondu daim zənginləşib və
beynəlxalq əlaqələri
genişlənib. Elmi müəssisəyə
cəlb olunan gənc və yüksəkixtisaslı mütəxəssislərin
apardıqları elmi tədqiqat işlərinin
səviyyəsi də
yüksəlib. Çünki o, müəssisəyə rəhbərlik
etdiyi ilk illərdə
peşəkar kadr hazırlığına da
xüsusi diqqət yetirmişdi. Onun elmi
rəhbərliyi ilə
19 nəfər namizədlik
dissertasiyası müdafiə
etmişdi. Alim həmçinin
iki doktorluq işinin elmi məsləhətçisi olmuşdu.
Azərbaycanda əlyazmaşünaslıq, paleoqrafiya (qədim yazılı abidələrin
müəllifinin müəyyən
edilməsini, tarixini, yerini və qrafik formalarını öyrənir - red.) kimi yeni elm sahələrinin inkişafında professor C.Qəhrəmanovun
böyük xidmətləri
olub. Ötən əsrin 70-80-ci illərində
onun təşəbbüsü
və rəhbərliyi
ilə diqqətdən
kənarda qalan bir sıra dəyərli
əlyazmalar haqqında
məqalələr, kitablar
yazılıb. Orta
əsrlərdə yaşayıb-yaratmış
Əbdülhadi Bəvazici,
Xətai Təbrizi, Həzini, Şərəfəddin
Rami Təbrizi, Möhsün Nəsiri kimi Azərbaycan alim, tərcüməçi
və şairlərinin
əsərləri, əlyazmaları
haqqında araşdırmaları
buna misal göstərmək olar.
Mənalı ömrünün yarıdan çoxunu mətnşünaslıq elminə
həsr edən Cahangir Qəhrəmanov 26 iyun 1995-ci ildə dünyasını dəyişib.
Savalan Fərəcov
Mədəniyyət.- 2018.- 14
fevral.- S.15.