7:0 məhəbbətin xeyrinə!
Yubiley ovqatı hələ salona keçməmiş teatrın foyesində duyulurdu. Ona görə yox ki, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında qələbəlik idi, tamaşadan öncə foyedə canlı musiqi səslənirdi. Onsuz da bu teatrda qələbəlik də, tamaşa öncəsi musiqi səslənişi də adi haldır. Sadəcə, foyedə düzənlənmiş “Teatr həyatdır!” adlı böyük fotosərgi, aramla yellənən, üstündə “7:0 Şarovskinin xeyrinə” yazılmış iri bəyaz şar işarə edirdi ki, bu axşam adi axşam deyil!..
Bəli, doğrudan da, 10 fevralda teatrın cəfakeşi, aktyoru, baş rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovskinin 70 yaşı tamam olurdu. Hələ bir gün əvvəl ən böyük hədiyyəsini almış - Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülmüş yubilyarın sənət və həyat bayramı idi.
Yubileyə gəlmiş mədəniyyət və turizm naziri Əbülfəs Qarayev elə foyedəcə öz təbrikini jurnalistlərlə paylaşdı: “Bu gün Aleksandr Şarovskinin yubileyinə toplaşmışıq. Biz onu həm yubiley, həm də “Şərəf” ordeninə layiq görülməsi münasibətilə təbrik edirik. Bu təltif cənab Prezidentin apardığı multikulturalizm siyasəti çərçivəsində Rus Dram Teatrının fəaliyyətini qiymətləndirməsi deməkdir. Çünki bu səhnədə həm rus, həm dünya, həm də Azərbaycan ədəbiyyatının klassik və müasir nümunələri oynanılır. Bu teatr mədəniyyətlərin vəhdətidir. Biz şadıq ki, Azərbaycan Dövlət Rus Dram Teatrının öz tamaşaçı auditoriyası var. Sözsüz ki, bu işdə kollektivin, ona rəhbərlik edənlərin əməyi böyükdür. Aleksandr Şarovski tanınmış ziyalı, teatr və ictimai xadimdir. Bu gün mən, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan mədəni ictimaiyyətinin adından Aleksandr Yakovleviçi təbrik edir, ona yaradıcılıq tapıntıları və uğurlar arzulayıram. Qoy hələ neçə illər tamaşaçılar onun quruluş verdiyi tamaşalardan zövq alsın”.
* * *
Salona keçirik. Görkəmli rejissoru təbrik etməyə gələnlərin əllərindəki çiçəklərin ətri xanım tamaşaçıların vurduqları ətirlərin rayihəsini üstələyir. Gənc aktyor Oleq Əmirbəyov əlində qırmızı qovluq səhnəyə çıxır və təəccüb içində zənn edirik ki, deyəsən, bu yubiley də elə alışdıqlarımız kimi olacaq. Amma yox, Oleqin ardınca səhnədən salona düşən əli məcməyili cavan oğlanlar bizi təəccübləndirir. Demə, onlar yubilyarın şərəfinə lap balaca, Qurbanəli bəy demişkən, üskük boyda qədəhlərdə içki və yanında kanape qəlyanaltı ilə “aperativ”, yəni iştaha açan, boğaz yaşladan məzə paylayırlar. Əslində, bu axşam hər kəsin iştahası sənət ruhlu söhbətə, xoş zarafat və səmimi təbrikə köklənmişdi...
Yubilyar isə özünü çox gözlətmədi. Səhnəyə çıxan Aleksandr Yakovleviç çıxışına səhər yazdığı teleqramın mətnini söyləməklə başladı. Bir gün əvvəl “Şərəf” ordeni ilə təltif olunmuş yubilyar ölkə başçısına ünvanladığı minnətdarlıq teleqramında ifadə etdiyi hislərini hər kəslə paylaşdı.
* * *
Sonra isə əsl baş rejissor kimi yubiley gecəsinin məsuliyyətini və ağırlığını öz boynuna çəkərək əvvəldən sonadək səhnədə qaldı. Bakının mərkəzində Beşmərtəbə tərəfdə, köhnə Çadrovı küçəsində keçən uşaqlığını, əziz qonşularını yada saldı, o zamandan canına-qanına hopmuş multikulturallığı, dini, dili ayrı insanları bu fərqlərə rəğmən sevdiyini bəyan etdi: “Siz bu gün ona görə burdasınız ki, mən sizi sevirəm! Sizi sevdiyimi hamınıza deməliyəm!”
Ömrünün əlli ildən çoxu teatra bağlı olan Şarovski onun sənət taleyində böyük rol oynamış insanları xatırladı... Bu xatirələrdə kim yox idi? İlk direktoru Zəfər Nemətov, yaddaqalan rejissorlardan biri Yuli Qusman, tərəf-müqabilləri Falkoviç, Qruber, Şirye, Adamov, Ginzburq, Tumarkina...
Son illər arada bir səhnəyə çıxan Aleksandr Şarovski yubiley gecəsində iki monoloq söylədi: biri sənət tarixində qalan tamaşadan, biri də arzuladığı əsərdən. Hüseyn Cavidin “Şeyx Sənan” dramının baş qəhrəmanının monoloqu bizi keçmişə aparıb yaddaşımızı təzələsə də, arzusunda olduğu Qriqori Qorinin “Ehsan duası” pyesindən qoca Tevyenin monoloqu gələcək tamaşadan bir ismarış kimi qarşılandı.
Əgər aktyorların improvizələri, gözləmədiyimiz çıxışlar olmasaydı, bu, tanıdığımız Rus Dram Teatrı olmazdı ki! “Üç donuz balası” tamaşasının qəhrəmanları görkəmində səhnəyə çıxan xalq artistləri Məbud Məhərrəmov və Səfa Mirzəhəsənov, Əməkdar artist Fuad Osmanov şikayətlərini baş rejissora çatdırdılar. Yəni, Osmanov dedi ki, nə qədər evdə sözü keçməyən, ya da aldadılan ərləri oynamaq olar? Mirzəhəsənov dilə gəldi ki, özündən xeyli yaşlı ata rollarından yorulub. Məhərrəmov isə şikayətləndi ki, Fuadla Səfanın atalarını oynamaqdan bezib! İndisə onlar istəyirlər ki, nağıl dolu həyata - uşaq tamaşalarına qayıtsınlar. Düzü, baş rejissorun vədi aydın olmasa da, bu üçlüyün bir az sonrakı çıxışı göstərdi ki, böyüklər üçün tamaşalardakı rollarının öhdəsindən lap yaxşı gəlirlər.
Gecədə təbrikləri də eşitdik. Oleq Əmirbəyov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Rusiya Teatr Xadimləri İttifaqı və Moskvanın “Satirikon”, V.Mayakovski və Y.Vaxtanqov adına teatrları, Tbilisi Dövlət Rus Dram Teatrı və ayrı-ayrı teatr xadimlərindən təbriklərin daxil olduğunu söylədi. Amma şəxsən təbrikə gələnlər də az deyildi. Məsələn, “teatrın yeddi gözəli”nin - gənc aktrisaların musiqili çıxışı, “Büllur sarayda” tamaşasında Xalq artisti Brilyant Dadaşovanın ifasında səslənən “Mənim sevgim” mahnısını müğənninin səhnədən oxuması yaddaqalan təbriklər oldu. Amma əsl təbrik yubilyarın həyat yoldaşı, Əməkdar artist Natalya Şarovskayadan gəldi. A.Şarovskinin quruluş verdiyi “Fedra” tamaşasında parlaq baş rol yaratmış aktrisa elə Fedranın libasında səhnəyə çıxaraq, öz qəhrəmanının improvizə olunmuş monoloqu ilə sevgisini etiraf etdi.
Musiqili-rəqsli, xoş zarafatlı yubiley gecəsi teatrın bütün aktyor heyətinin səhnədə rəqsi ilə, atəşfəşanlıq və zər yağışı ilə başa çatdı.
* * *
“Teatr həyatdır!” adı verilmiş yubiley gecəsindəki şarların üstündəki “7:0 Şarovskinin xeyrinə” yazısının yaşanmış illərdən başqa, bir mənası da var idi. O, uşaqlıqda futbolçu olmağı arzulamışdı, amma aldığı ciddi zədə üzündən “Neftçi”nin oyunçusu olmaq istəyilə vidalaşmışdı. Biz də yazımızı “7:0 məhəbbətin xeyrinə!” adlandırdıq. Niyə?
Gənc Saşa teatrı sevməsəydi, bu sənətə gəlməzdi...
Sənətini sevməsəydi, teatrda qalmazdı...
Bakını sevməsəydi, bu şəhərin ruhunu öz tamaşalarında yaşatmazdı...
Azərbaycanı sevməsəydi, vətənin çətin günlərində teatrı yaşatmağa çalışmazdı...
Tamaşaçıları sevməsəydi, onların bəyənəcəyi əsərlərə quruluş verməzdi...
Aktyorları sevməsəydi, onların istedadının parlamasına şərait yaratmazdı...
Həyatı, yaradıcılığı bu qədər sevməsəydi, 70 yaşında da planlar qurmazdı.
* * *
O axşam Aleksandr Yakovleviç səhnədən çox xatirəsini paylaşdı. Həmin xatirələrdən birini yəqin ki, heç vaxt unutmaram.
“...Anam evdə olmayanda mənə qonşumuz Sara xala baxırdı. Sara xala dükana, bazara getməli olanda, məni də özü ilə aparardı. Bir də görərdim ki, yol getdiyimiz yerdə məni ayaqlarının ucunadək uzanan qara çadrasının altında gizlətdi. Bir dəfə soruşdum ki, Sara xala, niyə belə eləyirsən? Cavab verdi ki, xoşuma gəlməyən adamla qarşılaşanda belə eləyirəm ki, səni gözə gətirməsin, bala...
Sara xalanın böyük oğlu Muxtar da mənim ən böyük havadarım idi. Bir dəfə necə oldusa, “Azdrama”nın qabağındakı meydanda uşaqlarla oynayanda kimsə məni vurdu. Ağlaya-ağlaya Muxtarın üstünə getdim. Muxtar elə pijamada, ayaqyalın yolu keçib meydandakı uşaqların dərsini verib mənə dedi: “Kef elə, balaşa!” O vaxtdan bəri mənə göz dəymir, özüm də kef edirəm!”
Mədəniyyət.- 2018.- 14 fevral.- S.10