Bursa İncəsənət liseyinin nümayəndə heyəti Bakıya
gəlib
Fevralın 15-də Azərbaycan Milli Konservatoriyası nəzdindəki İncəsənət gimnaziyasında Türkiyədən gəlmiş məktəblilərin konserti olub. Konsert İncəsənət gimnaziyası ilə Bursa Zeki Müren İncəsənət liseyi arasında “Qardaş məktəb” layihəsi çərçivəsində keçirilib.
İki ölkə arasında təhsil sahəsində imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq sözügedən tədris ocaqları arasında şagird mübadiləsi, qarşılıqlı səfərlər, birgə konsertlərin təşkili və digər tədbirlər nəzərdə tutulur.
Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, layihə çərçivəsində Bursa İncəsənət liseyindən 15 nəfərlik nümayəndə heyəti Bakıya gəlib.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kəriminin iştirakı ilə baş tutan görüşə məktəb direktorları və mədəniyyət xadimləri qatılıb.
“Qardaş məktəb” layihəsi Azərbaycan və Türkiyənin Təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilir.
Mədəniyyət.- 2018.- 16 fevral.- S.2.