Kitabxana fondları və turizmlə bağlı statistika təkmilləşdiriləcək

 

   “Statistikanın inkişafına dair Dövlət Proqramı”nda bununla bağlı müvafiq tədbirlər yer alıb

  

   Ölkə Prezidentinin 14 fevral 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunan “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nda mədəniyyət və turizm sahələrində statistika işinin təkmilləşdirilməsi barədə tədbirlər də əksini tapıb.

   Dövlət proqramı ölkədə rəsmi statistikanın beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsi və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsini təmin etmək məqsədilə qəbul olunub.

   “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər planında “Kitabxanalar və onların kitab fondları haqqında ətraflı məlumatların əldə edilməsi üçün metodologiyanın hazırlanması və müayinənin keçirilməsi” bəndi (5.1.1.6.) yer alıb. Bəndə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, ölkədə mövcud olan bütün kitabxanalar və onların fəaliyyəti haqqında ətraflı məlumatların əldə edilməsi məqsədilə müvafiq işlər görülməli, nəticədə ölkə kitabxanaları, kitab fondu və onlardan istifadə ilə bağlı statistik məlumatların mövcudluğu təmin edilməlidir. Bu işlər Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Dövlət Statistika Komitəsi, yerli icra hakimiyyəti orqanları tərəfindən icra olunmalıdır.

   Tədbirlər planında “Daxili turizmə dair seçmə statistik müayinənin keçirilməsi” bəndi də var. Məqsəd daxili turizmə dair aktual və ətraflı statistik məlumatların əldə edilməsi, turizm sektoru üzrə təhlillərin aparılması, turizmin satellit hesabının qurulması üçün statistik məlumat bazasının genişləndirilməsidir. Turizm statistikasının göstəricilər sisteminin əhatə dairəsinin Dünya Turizm Təşkilatının tövsiyələri əsasında genişləndirilməsi, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatma vəziyyətinin statistik qiymətləndirilməsi təmin olunmalıdır.

   Daha bir bənd “Getmə, gəlmə turizmə dair seçmə statistik müayinənin keçirilməsi” barədədir. Məqsəd getmə, gəlmə turizmə dair aktual və ətraflı statistik məlumatların əldə edilməsi, turizm sektoru üzrə təhlillərin aparılması, turizmin satellit hesabının qurulması üçün statistik məlumat bazasının genişləndirilməsidir.

   Sözügedən tədbirlərin icraçıları Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-lər və yerli icra hakimiyyəti orqanlarıdır.

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.3.