“Şəngülüm, Məngülüm” premyeraya hazırlaşır

 

   Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir premyeraya hazırlaşır. Bu dəfə balaca tamaşaçılara onların az qala əzbər bildiyi və indiyədək bir neçə quruluşda səhnə həyatı yaşayan məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı təqdim olunacaq. Mikayıl Müşfiqin məşhur mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla monotamaşa olaraq izləyicilərin görüşünə gələcək.

   Teatrın quruluşçu rejissoru Anar Məmmədovun hazırladığı tamaşada Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva çıxış edir.

   Şüngülüm obrazının ixtisarı ilə yeni səhnə həyatı yaşayacaq tamaşada aktrisa canlı planda Nağılçı və beş kuklanın (Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi) obrazında səhnəyə çıxacaq.

   Quruluşçu rəssam İqbal Əliyev bu səhnə işində bir neçə kukla texnikasının sintezini yaradıb. Məhdud dekorasiyalarla əlvan çalarlı səhnə tərtibatı quran rəssam qolçaq kuklalarının istifadə olunduğu tamaşada əsas diqqətini obrazların müasir görkəmdə təqdimatına verib.

   Uşaqlara klassik nağıl nümunəsini fərqli boyalarla təqdim edən tamaşa fevralın sonlarında teatrsevərlərin ixtiyarına veriləcək.

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.5.