TÜRKSOY-da “Qara Qarayev ili”nin
açılış mərasimi keçirilib
Düsen Kaseinov: “Türk dünyasının hər hansı
guşəsində bir neçə bəstəkar
bir araya gəlsə,
mütləq Qara Qarayev
sənətinin önəmindən söz
açırlar”
Fevralın 14-də Ankarada, TÜRKSOY-un iqamətgahında “Qara Qarayev ili”nin açılış mərasimi keçirildi. Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, Əməkdar incəsənət xadimi, Qazi Universitetinin professoru Əflatun Nemətzadə, Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları, mədəniyyət nümayəndələri və mətbuat təmsilçiləri iştirak edirdi.
Öncə iştirakçılar Azərbaycan Milli Kitabxanasının arxiv fondundan böyük bəstəkar, alim-pedaqoq və ictimai xadim Qara Qarayevin əsərlərindən, musiqi ədəbiyyatından və əsərlərinin disklərindən ibarət sərgi ilə tanış oldular.
Açılış mərasimindən əvvəl dahi sənətkarın həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirildi.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək 2018-ci ilin təşkilat tərəfindən “Qara Qarayev ili” elan olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, Qara Qarayev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürurudur. O, görkəmli bəstəkarın yaradıcılığından, onun dünya musiqisinə bəxş etdiyi töhfələrdən bəhs etdi: “Bu gün Qara Qarayevin əsərləri, musiqisi yaşayır, tələbələri onun zəngin irsini davam etdirirlər. Qarayev elə böyük sənətkardır ki, Türk dünyasının hər hansı guşəsində bir neçə bəstəkar bir araya gəlsə, mütləq onun sənətinin önəmindən söz açırlar”.
Baş katib “Qara Qarayev ili” çərçivəsində türkdilli ölkələrdə görkəmli bəstəkarın yubileyi ilə bağlı silsilə tədbirlərin keçiriləcəyini söylədi.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə dahi musiqiçi ilə işlədiyi vaxtlardan, özünün bəstəkar kimi yetişməsində Qara Qarayevin rolundan danışdı, xatirələrini bölüşdü: “Qara Qarayevin Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında xüsusi rolu var və bu gün Azərbaycan musiqisinin ön cəbhəsində gedən Arif Məlikov, Xəyyam Mirzəzadə və digər görkəmli bəstəkarların yetişməsində onun böyük xidməti əvəzsizdir”.
Milli Kitabxananın direktoru Kərim Tahirov dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edərək, onun dünya musiqi tarixində böyük inqilab edən Azərbaycan sənətkarı olduğunu dedi. Diqqətə çatdırıldı ki, Qarayevin müəllimi, böyük rus bəstəkarı D.Şostakoviç onu tələbəsi yox, həmkarı adlandırırdı.
Çıxışlardan sonra Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “Qara Qarayev-100” elektron məlumat bazası kitabxananın baş mütəxəssisi, Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyeva tərəfindən tədbir iştirakçılarına təqdim edildi. Elektron məlumat bazası 11 hissədən ibarətdir.
Tədbirin sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov dahi bəstəkarın portretini, kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Qara Qarayevin musiqi əsərlərindən ibarət 5 audiodiski TÜRKSOY-a hədiyyə etdi.
Qeyd edək ki, Ankarada Qara Qarayevin 100 illiyi ilə əlaqədar növbəti tədbir fevralın 15-də Qazi Universitetində keçirilib.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2018.- 16
fevral.- S.5.