Görkəmli memar və
alimin 100 illik yubileyi qeyd edilib
Fevralın 14-də
Azərbaycan Memarlıq
və İnşaat Universitetində (AzMİU)
görkəmli memar, Beynəlxalq Şərq Ölkələri Memarlıq
Akademiyasının həqiqi
üzvü, professor Davud
Axundovun 100 illik yubileyinə həsr edilmiş “Memarlıq irsinin tədqiqi və mühafizəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
AzMİU, Təhsil Nazirliyi
və Azərbaycan Memarlar İttifaqının
təşkilatçılığı ilə reallaşan konfransda yerli mütəxəssislərlə yanaşı, xarici ölkələrdən qonaqlar
da iştirak ediblər. Konfransda Qafqaz Albaniyasının
memarlıq irsi, Azərbaycanın memarlıq
abidələrinin tədqiqi
və qorunması, memarlıq abidələrinin
müasir şəraitdə
istifadəsi və digər məsələlər
müzakirə olunub.
Əvvəlcə
tədbir iştirakçıları
universitetin Memarlıq
fakültəsinin foyesində
alimin layihələrindən,
elmi araşdırmalarından,
kitablarından ibarət
sərgi ilə tanış olublar.
Konfransda AzMİU-nun rektoru, professor Gülçöhrə
Məmmədova görkəmli
alimin həyat və yaradıcılığı
haqqında geniş məlumat verib. Qeyd edilib ki, D.Axundov
1918-ci ildə Bakı
şəhərində, Azərbaycanın
ilk diplomlu elektrik-mühəndisi
olmuş, Belçika Lyej Kral Universitetini
bitirmiş ziyalı Ağa Axundovun ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən
sonra 1937-ci ildə M.Əzizbəyov adına
Azərbaycan Sənaye
İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti) Memarlıq-inşaat
fakültəsinə daxil
olub, 1942-ci ildən layihəçi-memar kimi əmək fəaliyyətinə
başlayıb.
Alimin elmi və pedaqoji
fəaliyyəti yüksək
qiymətləndirilib, o, 1982-ci ildə “Azərbaycan SSR-in
Əməkdar ali məktəb işçisi” fəxri adına layiq görülüb, “Azərbaycanın
qədim və erkən orta əsrlər dövrü memarlığı” monoqrafiyası
1990-cı ildə Dövlət
mükafatına layiq görülüb. 1992-ci ildə Beynəlxalq Şərq Ölkələri
Memarlıq Akademiyasının
həqiqi üzvü seçilib. D.Axundov 2000-ci ildə “Şərəf” ordeni ilə təltif edilib, Prezident təqaüdçüsü
olub. 2003-cü ildə dünyasını
dəyişib.
Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə, mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva,
Azərbaycan Milli Elmlər Akademiyasının
Memarlıq və İncəsənət İnstitutunun
direktoru, professor Ərtegin
Salamzadə, Rəssamlar
İttifaqının sədri,
Xalq rəssamı Fərhad Xəlilov, Daşkənd Memarlıq və İnşaat Universitetinin (Özbəkistan)
professoru Muhammed Əhmədov alimlə bağlı xoş xatirələrini söyləyiblər.
Sonda D.Axundovun oğlu
Cəmil Axundov atasının xatirəsinə
göstərilən yüksək
hörmət və ehtirama görə tədbirin təşkilatçılarına
və iştirakçılarına
öz minnətdarlığını
bildirib.
Konfrans işini bölmə
iclasında davam etdirib.
Mədəniyyət.- 2018.- 16 fevral.- S.6.