Lüks turizm peşəkarlarının növbəti görüşü

 

   Fevralın 15-də “JW Marriott Absheron” hotelində lüks turizm peşəkarlarının “B2B Luxury & MICE Workshop” çərçivəsində növbəti görüşü keçirildi. Böyük Britaniyanın “TMI Consultancy” şirkətinin Azərbaycandan olan tərəfdaşlarıyla birgə təşkil etdiyi tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdı.

   Biznes üçün biznes” (Business-to-business - B2B) formatlı görüşdə Azərbaycanın aparıcı turizm şirkətlərinin və müxtəlif ölkələrin hotel, turoperatorturizm təşkilatlarının təmsilçiləri iştirak edirdi.

   Tədbir çərçivəsində “Türk Hava Yolları” şirkətinin Sloveniyanın paytaxtına Bakı-İstanbul-Lyublyana reysinin əlverişli proqramı təqdim olundu.

   “TMI Consultancy” şirkətinin meneceri Mariya Qorbaçova bildirdi ki, lüksişgüzar (MICE) turizm üzrə görüş Bakıda artıq ənənəvi olaraq təşkil edilir və ildən-ilə iştirakçıların sayı artır. Bu isə onu göstərir ki, Azərbaycanın turizm bazarına xarici ölkələrdə maraq artmaqdadır. Belə tədbirlərin Azərbaycanda mütəmadi təşkil olunması lüks turizmin inkişafına da müsbət təsir göstərəcək.

   “PASHA Travel” şirkətinin əməliyyatlar üzrə icraçı direktoru Florian Senqsşmit və “Türk Hava Yolları” şirkətinin nümayəndəsi Seyfullah İlyas yeni təyyarə reyslərinin əhəmiyyətini yüksək qiymətləndirdilər. Qeyd olundu ki, bu, qarşılıqlı turist səfərlərinin artırılması baxımından olduqca vacib addımdır.

   Daha sonra Sloveniyanın turizm bazarı ilə bağlı təqdimat keçirildi. Sloveniya Turizm Təşkilatının nümayəndəsi Anja Bezgovşek bildirdi ki, bu il onun ölkəsi ilk dəfə olaraq tədbirin rəsmi tərəfdaşı qismində çıxış edir. O, Sloveniya turizminin müxtəlif növləri, o cümlədən sağlamlıq turizmi mərkəzləri haqqında məlumat verdi. Qeyd etdi ki, bu tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşlarına xarici lüks hotellərdə münasib qiymətlərə istirahət etməyə imkan yaradılmasıdır. Eyni zamanda qarşılıqlı turist səfərlərinin artmasında bu tipli görüşlər mühüm rol oynayır, həmçinin Azərbaycanın lüks turizm imkanları təqdim edilir. İki ölkə arasında qarşılıqlı turist səfərlərinin artırılması baxımından belə görüşlərin əhəmiyyəti vurğulandı.

   Qeyd edək ki, “B2B Luxury & MICE Workshop” formatlı daha bir tədbir fevralın 13-də Qazaxıstanın Almatı şəhərində gerçəkləşib. Fevralın 17-də isə Gürcüstanın paytaxtı Tbilisidə “B2B Luxury & MICE Workshop” keçiriləcək. Ümumilikdə il ərzində dünyanın müxtəlif şəhərlərində belə tədbirlərin təşkil olunması nəzərdə tutulur.

   Tədbir daha sonra aparıcı turizm agentliklərinin nümayəndələri və ekspertlərlə sual-cavab formatında davam etdi. Yerli turizm şirkətləri ilə xarici ölkə nümayəndələri arasında işgüzar görüşlər keçirildi.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.11.