Qısa ömrün şərəfli tarixi

 

 

   Kürdəmir rayon Mərkəzi kitabxanasında şəhid Əbu Bəkr İsmayılovun xatirəsinə həsr edilmiş "Qısa ömrün şərəfli tarixi" adlı dəyirmi masa keçirildi.

   MKS-nin direktor müavini İradə Mahmudova tədbiri açaraq şəhidin qısa ömür yolu haqqında məlumat verdi. 6 nömrəli tam orta məktəbin direktoru Elmira Şixəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova Əbu Bəkrin qəhrəmanlığından söhbət açdılar. Şəhidin anası Rəna xanım bildirdi ki, vətənpərvərlik hissi oğluna ailədən gəlib, o, hələ kiçik yaşlarından hərbiyə meyilli olub.

   Əbu Bəkr Vüqar oğlu İsmayılov 1990-cı il fevralın 10-da Kürdəmirdə anadan olub. Kürdəmir şəhər 1 saylı orta məktəbdə təhsil alıb, eyni zamanda şəhərdəki uşaq Musiqi məktəbinin fortepiano şöbəsində oxuyub. 2005-ci ildə C.Naxçıvanski adına Hərbi liseyə qəbul olunub. 2008-ci ildə liseyi bitirib, Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olub. 2012-ci ildə yüksək nailiyyətlərlə məktəbi bitirib. 2013-cü ildə baş leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb.

   2016-cı ilin Aprel döyüşləri zamanı Əbu Bəkr və pilot dostları düşmənin xeyli sayda hərbi texnikasını məhv edirlər. İkinci döyüş əməliyyatı zamanı “Mİ-24” hərbi döyüş vertolyotumuzun vurulması nəticəsində cəbhə yoldaşları - mayorlar Urfan Vəlizadə və Təbriz Musazadə ilə birlikdə şəhidlik zirvəsinə ucalırlar. Əbu Bəkr İsmayılov ölkə Prezidentinin sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

   Şəhidin doğum günü münasibətilə vaxtilə yaşadığı evin qarşısında da anım mərasimi keçirildi. Qəhrəman döyüşçünün gəncliyə örnək həyat yolundan danışıldı. Vurğulandı ki, Əbu Bəkr bir evin körpəsi kimi dünyaya gəldi, cəmi 26 il yaşadı. Amma bu qısa ömrü şərəflə yaşadı və bir elin övladı kimi dünyadan köçdü. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  

   Məryəm Əliyeva

   Kürdəmir rayon MKS-nin

   baş biblioqrafı

 

Mədəniyyət.- 2018.- 16 fevral.- S.11.