Cümhuriyyət dövrü
memarlığının görkəmli nümayəndəsi
Azərbaycan
Xalq Cümhuriyyəti - 100
XX əsrin əvvəllərində Bakı şəhərində memarlıq baxımından bir-birini tamamlayan bənzərsiz ictimai və yaşayış binaları inşa edilirdi. Gözəl memarlıq nümunələri sayılan həmin tikililərin layihə müəlliflərindən biri də tanınmış memar Zivər bəy Əhmədbəyov idi.
Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov 16 fevral 1873-cü ildə Şamaxıda anadan olub. Atası Şamaxıda quberniya idarəsində kiçik məmur vəzifəsində çalışıb. Zivər molla məktəbində, daha sonra Bakıda gimnaziyada təhsil alır.
1893-cü ildə “əlaçı tələbə” statusu ilə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutuna göndəriş alır. Bu institut əsasən imkanlı ailələrin uşaqlarının oxuduğu təhsil ocağı idi. Zivər burada da fəal, bacarıqlı tələbə kimi ad çıxarır. Sankt-Peterburqda fəaliyyət göstərən Rusiya Memarlıq və Zərif Sənətlər İttifaqına üzv seçilir. Sankt-Peterburqda Həsən bəy Zərdabi və İsmayıl bəy Qasprinski ilə görüşür. Bu görüşlər onun həyatında dərin iz buraxır. Həsən bəy onun dərin zəkalı, açıqfikirli bir gənc olduğunu vurğulayır, işinə böyük dəyər verir. Fəaliyyətini Bakıda davam etdirməyi məsləhət görür. Bu barədə onun Zərdabiyə yazdığı məktubda oxuyuruq: “Sizinlə olan görüşüm hələ də xatirimdədir. Mənə vermiş olduğunuz töhfəni əsla unutmayacağam. İnanıram ki, ən qısa zamanda görüşəcəyik”.
Zivər bəy ali təhsilini başa vurduqdan sonra təyinatla Bakıya gəlir. Qubernatorun qəbulunda olur. Şəhərdə yenicə başlanan abadlıq işlərinə nəzarətçi təyin edilir. Həmin vaxt Bakı sənaye şəhəri kimi inkişaf yolunda idi. O, fəaliyyətində Qərbi Avropa üslubuna meyilli olması ilə diqqəti çəkirdi. Bu yanaşma o dövrün memarlıq sənətində innovasiya kimi qəbul olunurdu. Tikilən binaların xüsusi naxışları və ornamentləri qubernatoru belə təəccübləndirir. Beləliklə, o, az vaxt ərzində Bakı qubernatorunun və elitar təbəqənin şəxsi malikanələrinin memarı kimi tanınır.
Xeyriyyəçi Nabat Aşurbəyova 1905-1914-cü illərdə Bakıda inşa etdirdiyi Təzəpir məscidinin tikintisində Z.Əhmədbəyovun layihəsindən yararlanmışdı. Nabat xanım onu məşhur məscidlərin memarlığını öyrənmək üçün Şərq ölkələrinə ezam edir. Səyahətdən sonra Zivər bəy ona arzuladığı hündür ikimərtəbəli (yaruslu) minarəsi olan məscidin layihəsini təqdim edir. Lakin Bakı qubernator idarəsi pravoslav ruhanilərinin fitvası ilə minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə verir.
Araşdırmalarda qeyd olunur ki, əgər məscidin minarəsi ikimərtəbəli olsaydı, öz hündürlüyü və yaraşığına görə yaxınlıqdakı Aleksandr Nevski pravoslav kilsəsini kölgədə qoyardı.
Zivər bəyin layihəsi ilə inşa edilən və memarlığı ilə bu gün də göz oxşayan tikililərdən biri də Əjdər bəy məscididir. Mənbələrdə bildirilir ki, dövrün tanınmış xeyriyyəçilərindən sayılan Əjdər bəy Aşurbəyov Bakıda daha bir məscid tikmək fikrinə düşür. O zaman Qanlı təpə adlanan ərazi bəyənilir və Z.Əhmədbəyova yeni məscidin layihəsi sifariş verilir. İstedadlı memar bu sifarişə də yaradıcı yanaşır. Məkkədəki müqəddəs Kəbənin, Kərbəla məscidinin elementlərini özündə əks etdirən bir layihə hazırlayır. Əjdər bəy bu maraqlı layihəni də bəyənir və tikintiyə başlamaq barədə tapşırıq verir. Həmin dövrdə “Kaspi” qəzetində dərc edilən bir məlumata görə, məscidin təməli 1912-ci ilin martında qoyulur, 1913-cü ilin dekabrında işlər başa çatdırılır.
* * *
1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Z.Əhmədbəyova böyük etimad göstərir. O, Bakı şəhərinin baş memarı vəzifəsinə təyin edilir. Cümhuriyyət dövründə memarlıq və heykəltəraşlıq sənəti sahəsində xeyli işlər görülür. 1918-ci ildə Bakıda erməni-daşnak silahlı dəstələri tərəfindən yandırılan Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbi, “İsmailiyyə” binası bərpa olunur. Erməni millətçilərinin basqını nəticəsində dağıdılan Şamaxı şəhərinin bərpa edilməsi üçün 1919-cu ildə “Yeni Şirvan cəmiyyəti” yaradılır. O, mühəndis Ömər bəy Abıyevlə birlikdə “İslam incəsənətini sevənlər və qoruyanlar cəmiyyəti”ni də təsis edir. Z.Əhmədbəyov, memar Nəbioğlu Qacar, mühəndis Məmməd Həsən Hacınski və Hacı bəy Axundov Bakıdakı Şirvanşahlar saray kompleksinin tədqiqi sahəsində xeyli iş görürlər. Sənətşünaslardan Məhəmməd Ağaoğlu, Hüseyn bəy Mirzəcamalov islam mədəniyyəti nümunələrini qorumaq sahəsində fəal çalışırlar. 1 yanvar 1920-ci ildə Türk aktyorları ittifaqının yığıncağında məşhur aktyor, rejissor Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin ucaldılması qərara alınır.
Görkəmli memar şəhərin 1918-ci ilin sentyabrında daşnaklar və eser-menşeviklərdən ibarət “Sentrokaspi” hökumətindən azad edilməsi zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün Çənbərəkənd qəbiristanlığında (indiki Şəhidlər xiyabanı) ucaldılacaq türbənin layihəsində Orta əsrlər Azərbaycan memarlıq incilərindən istifadə edir. Belə bir abidəni Gəncədə də yaratmaq, o cümlədən Bakıda Nizami Gəncəviyə müasir üslubda abidə ucaltmaq qərara alınır. Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər nazirinin müavini Adil xan Ziyadxanov Tehranda nəşr olunan xatirələrində bu abidənin layihəsini xatırlayır. Digər bir qaynaqda Cümhuriyyətin Xalq Maarifi Nazirliyi tərəfindən Gəncədə Nizami məqbərəsinin tikintisinə 500 min manat vəsait ayrıldığı qeyd olunur.
* * *
Z.Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirib. Bakıda Göz Xəstəlikləri İnstitutunun köhnə binası və onun layihəsi ilə tikilən bir sıra yaşayış binaları bu gün də göz oxşayır.
Zivər bəy Əhmədbəyov yaradıcılığının qaynar çağında, 1925-ci ildə Bakıda vəfat edib.
26 may 2011-ci ildə Bakıda “Nizami” metro stansiyasının qarşısında Z.Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Heykəlin qoyulduğu məkan da təsadüfi seçilməmişdi. Çünki metronun sol tərəfində memarlıq üslubu ilə diqqəti cəlb edən həmin binanın da müəllifi görkəmli memarın özü idi.
Savalan Fərəcov
Mədəniyyət.- 2018.- 16
fevral.- S.15.