“Fantaziya” Parisdə
beynəlxalq sərgidə nümayiş olunur
Parisin Qran Pale sarayında “Art capital 2018” beynəlxalq sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın “Fantaziya” əsəri nümayiş olunur.
Fransanın müxtəlif rəssamlar cəmiyyətlərinin birgə təşkil etdiyi sərgidə yer alan əsərlər xüsusi münsiflər heyəti tərəfindən seçilir. Azərbaycanlı rəssam “Art capital 2018” sərgisinə Fransa Rəssamlar Cəmiyyəti tərəfindən dəvət olunub. Onun əsəri cəmiyyət tərəfindən təqdim olunaraq münsiflər heyətinin təqdirini qazanıb.
Nigar Nərimanbəyovanın əsərləri fransız sənətsevərlər tərəfindən həmişə maraqla qarşılanıb. O, Parisdə Qran Paledə keçirilən “Art capital 2016” sərgisində “Adajio” diptixinə görə “TOİLE D'OR” mükafatına layiq görülüb və “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” adını qazanıb. Rəssam tamaşaçıları dərindən düşünməyə sövq edən maraqlı mövzular seçir.
Azərbaycanlı rəssamın rəsmləri uzun müddətdir ki, Avropa sənətçilərinin diqqət mərkəzindədir. Məşhur fransız sənətşünası, akademik Jan-Şarl Aşe Nigar Nərimanbəyovanın yaradıcılığını dünya şöhrətli Mark Şaqalla müqayisə edərkən onun rəsmlərini “müasir incəsənətin şah əsərləri” adlandırıb.
Qeyd edək ki, bu il “Art capital 2018” beynəlxalq sərgi salonunda 650-dən çox rəssam, heykəltəraş, arxitektor və oymaçının əsərləri nümayiş olunur.
Sərgi fevralın 18-dək davam edəcək.
Mədəniyyət.- 2018.- 16 fevral.- S.16.