“İnsanlıq tarixinin
ən böyük zülmlərindən biri Xocalıda yaşanıb”
Xocalı faciəsi zamanı şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq. Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il əvvəl Xocalıda yaşanıb.
Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının başqanı Rəcəb Tayyib Ərdoğan bu fikirləri partiyanın parlament qrupunun toplantısında çıxış edərkən deyib.
“Dünyada hər fürsətdə demokratiyadan, insan hüquqlarından bəhs edib Xocalı qatillərinə hökm kəsən və ya bununla bağlı çıxışlar edən bir ölkə gördünüzmü? Görə bilməzsiniz. Çünki türkə, müsəlmana gələndə onların gözləri, qulaqları və vicdanları qapanır. Onlar görməz, duymaz, hiss etməzlər. Amma hər kəs unutsa da, biz unutmayacaq və unutdurmayacağıq. Xocalı qətliamını da, qardaşlarımıza qarşı işlənən bütün insanlıq günahlarını da hər zaman xatırlayacaq və xatırladacağıq”, - deyə Türkiyə Prezidenti bildirib.
Toplantıya Azərbaycandan da nümayəndələr qatılıb. Xocalı soyqırımının ildönümü ilə əlaqədar Türkiyə-Azərbaycan İş Adamları Birliyinin sədri Hüseyn Böyükfırat və Xocalıdan olan deputat Elman Məmmədovla birgə Xocalı faciəsinin bir qrup şahidi tədbirdə iştirak edib. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndələri ilə ayaqüstü söhbət edib.
Azərbaycan nümayəndə heyəti fevralın 20-də TRT kanalının “Anadolu soruyor” verilişinin qonağı olub. Verilişdə Xocalı soyqırımı ilə bağlı müzakirələr aparılıb.
Qeyd
edək ki, Xocalı
soyqırımının 26-cı ildönümü
ilə əlaqədar Türkiyənin müxtəlif şəhərlərində
anım tədbirləri keçirilir.
Mədəniyyət.- 2018.- 21 fevral.- S.2.