Dil bəşəriyyətin mövcudluğunun vacib şərtidir

 

 

   UNESCO-nun baş direktoru Beynəlxalq ana dili günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib

  

   UNESCO-nun baş direktoru Odre Azule 21 fevral - Beynəlxalq ana dili günü ilə əlaqədar ictimaiyyətə müraciət edib.

   Odre Azule müraciətində bu əlamətdar tarixin UNESCO-ya dillərin qorunmasına sadiq olduğunu və təbliğini xatırlatmağa imkan verdiyini bildirir. Qeyd edir ki, dil təkcə kommunikasiya vasitəsi deyil, həm də bəşəriyyətin mövcudluğunun vacib şərtidir. Dildə xalqın dəyərləri, özünəməxsusluğu möhkəmlənib. İnsanlar dil vasitəsilə öz təcrübələrini, ənənələrini və biliklərini ötürürlər. Dillərin müxtəlifliyi cəmiyyətin təxəyyülünün və həyat tərzinin zənginliyini əks etdirir. Bəşəriyyətin qeyri-maddi irsinin bu vacib komponentini qoruyub saxlamaqinkişaf etdirmək üçün UNESCO uzun illərdir fəal aparır.

   Müraciətdə vurğulanır ki, ana dili insanın cəmiyyətdə, habelə dünya səviyyəsində formalaşmasında mühüm şərtdir. UNESCO çoxdilli ölkələrin siyasətini, ana dilinin əhəmiyyətini dəstəkləyir. Təşkilat məktəbdə təhsilin bu dildə aparılmasını tövsiyə edir, həmçinin ana dilindən ictimai məkanda, xüsusən internetdə istifadə olunmasını dəstəkləyir.

   Beynəlxalq ana dili günü (International Mother Language Day) 1999-cu ildə UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması və təbliği məqsədilə təsis edilib.

 

Mədəniyyət.- 2018.- 21 fevral.- S.3.