Vyanada gənc rəssamın sərgisi
Avstriya paytaxtında fəaliyyət göstərən ALMA qalereyasında "Culture Meeting Point" mədəniyyət qurumunun təşkilatçılığı ilə istedadlı gənc rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Nərgiz Quliyevanın əsərlərindən ibarət “Rənglərin Şərq-Qərb interaksiyası” adlı sərgi açılıb.
Sərginin açılışında çıxış edən "Culture Meeting Point" təşkilatının musiqi üzrə rəhbəri, musiqişünas Fərəh Tahirova gənc rəssamın yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.
Qeyd olunub ki, N.Quliyevanın əsərləri Almaniyada təşkil edilmiş Azərbaycan mədəniyyəti günləri çərçivəsində Berlin, Ştutqart, Hamburq, Dortmund, Münxen, Köln və digər şəhərlərdə uğurla sərgilənib. Rəssamın əl işləri Parisdə, Luvr Muzeyində nümayiş olunub.
Bildirilib ki, bu, rəssamın Avstriyada sayca ikinci sərgisidir, onun əsərləri ötən ilin payızında Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində təqdim edilib.
Sərgidə yer alan əsərlər, xüsusilə Abşeron mövzusu, Azərbaycanın milli atributlarının, qədim xalça, metal və digər əl işlərinin əks olunduğu tablolar qonaqlar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Vyana Musiqi və Səhnə Sənətləri Universiteti və Lints Anton Brukner Universitetinin tələbəsi Abuzər Manafzadə konsert proqramı ilə çıxış edib.
Açılış mərasiminə Azərbaycan səfirliyinin
əməkdaşları, Vyana İncəsənət
Akademiyasının müəllim və tələbələri,
incəsənət həvəskarları qatılıblar.
Mədəniyyət.- 2018.- 21 fevral.- S.6.