Barmaqların bəxş etdiyi sənət nuru...

 

   Məşhur ifaçı Kor Əhədin 125 illik yubileyinə həsr olunmuş tədbir

  

   Beynəlxalq Muğam Mərkəzində məşhur qarmon ifaçısı Əhəd Əliyevin (Kor Əhəd) 125 illik yubileyinə həsr olunan tədbir keçirildi. Fevralın 15-də gerçəkləşən tədbirin iştirakçıları əvvəlcə mərkəzin foyesində sənətkarın yaradıcılığından bəhs edən fotosərgi ilə tanış oldular.

   Tədbir Xalq artisti, professor Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan TeleviziyaRadiosunun Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblının ifası ilə başlandı.

   Tədbirin aparıcısı - Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı sənətkarın həyat və yaradıcılığından söz açdı. Qeyd etdi ki, Əhəd Əliyev 1893-cü ildə Bakıda anadan olub. 3 yaşında görmə qabiliyyətini itirsə də, öz fitri istedadı, əzmi və iradəsi sayəsində müstəqil olaraq qarmon çalmağı öyrənib. 10-12 yaşlarında artıq bu alətdə müxtəlif oyun havalarını gözəl ifa etməyi bacarıb. 1927-ci ildə görkəmli bəstəkar Müslüm Maqomayev gənc istedadı ilk dəfə Azərbaycan Radiosunda çıxış etməyə dəvət edir. Tezliklə onun musiqi qabiliyyəti - qarmonda, sazda, tarda, piano və tütəkdə ifa etməsi dahi Üzeyir Hacıbəylinin də diqqətini cəlb edirböyük bəstəkar "Arşın mal alan" operettasındakı toy səhnəsində "Tərəkəmə" rəqsini çalmaq üçün Əhəd Əliyevi truppaya solist kimi qəbul edir. Məşhur qarmon ifaçısı həmçinin 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə də ölkəmizin nümayəndə heyətində yer alıb.

   Gecədə Xalq artisti Tofiq Bakıxanov Əhəd Əliyev haqqında xatirələrini bölüşdü, sənətşünaslıq doktoru, Əməkdar artist Zakir Mirzəyev və Əhsən Rəhmanlı musiqiçinin yaradıcılığını elmi cəhətdən təhlil etdilər.

   UNESCO-nun qeyri-maddi irs üzrə nümayəndəsi, sənətşünaslıq doktoru Sənubər Bağırova sənətkarın çalğısının xüsusiyyətləri haqqında danışdı. Bildirdi ki, Əhəd Əliyevin təklifi ilə Bakıda yaşayan yəhudi əsilli Arxip Karpuşkin qarmonun texniki-akustik göstəricilərini genişləndirən texniki rekonstruksiya işi aparıb və nəticədə qarmonda Azərbaycan oyun havalarını, muğamları və xalq mahnılarını daha dolğun, incəlikləri və xırdalıqları ilə ifa etmək mümkün olub. Sənətkar 1942-ci ildə, 49 yaşında Bakıda vəfat edib.

   Əhəd Əliyevin ABŞ-da yaşayan nəticəsi Aleksandriya Sevinc Sultanzadə fon Brüseldorf çıxış edərək ulu babasının xatirəsinin yad olunmasına görə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi. O, mədəniyyətə göstərdiyi diqqət və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü ifadə etdi, dünyada yeganə olan Beynəlxalq Muğam Mərkəzinin yaradılmasını yüksək dəyərləndirdi.

   Gecədə xalq artistləri Mələkxanım Əyyubova, Aftandil İsrafilov, Ənvər Sadıqov, əməkdar artistlər Fərqanə Qasımova, Zakir Mirzəyev, Ehtiram Hüseynov, Cahangir Qurbanov, Sahib Paşazadə, Əməkdar müəllim Qəzənfər Abbasovun ifaları alqışlarla qarşılandı. “Çeşmə” folklor ansamblının çıxışı, gözdən əlillər üçün 38 saylı musiqi məktəbinin 11-ci sinif şagirdi Məhəmməd Abışovun qarmonda ifası və Sevinc Sultanzadə fon Brüseldorfun Tofiq Bakıxanovun Süleyman Rüstəmin sözlərinə bəstələdiyi “Yaşa, könül” mahnısını səsləndirməsi tamaşaçılardan gur alqış aldı.

   İfaçıları Azərbaycan TeleviziyaRadiosunun Xalq çalğı alətləri ansamblı müşayiət edirdi. Yubiley gecəsi qarmonçalanların ifasında Əhməd Bakıxanovun “Bayatı-Qacar” rəngi ilə sona çatdı.

  

   L.Azəri

 

Mədəniyyət.- 2018.- 21 fevral.- S.7.