“Rəssamlıq insanları həyata, gələcəyə
inandırmalıdır”
Fevralın 19-da Bakı Yunus Əmrə İnstitutunun sərgi salonunda tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Soltan Soltanlının “İrrealizm” adlı fərdi sərgisinin açılış mərasimi keçirildi. Ölkəmizdəki xarici diplomatik korpusun nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi sərgi Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə gerçəkləşdi.
Mərasimdə institutun rəhbəri Cihan Özdemir çıxış edərək sərgidə nümayiş olunan əsərlərin dərin məzmun kəsb etdiyini bildirdi: “Rəssam ən dərin fəlsəfi əsəri elə sadə çəkməlidir ki, tamaşaçı onu dərk etməkdə çətinlik çəkməsin. Bu mənada Soltan Soltanlı öz işinin öhdəsindən bacarıqla gəlir və mövzunu tamaşaçı üçün bütünlüklə açmağa çalışır. O həm də qrafik və karikaturaçı rəssam kimi tanınır. Bir sıra beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı, sərgi və festivalların iştirakçısıdır. Əsərləri beynəlxalq kataloqlarda yer alıb, müxtəlif ölkələrdə muzey və özəl kolleksiyalarda saxlanılır”.
Rəssam Soltan Soltanlı tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək irrealizm üslubunun çağdaş rəssamlıqda bədii-estetik prinsipləri haqqında məlumat verdi. Qeyd etdi ki, irrealizm təsviri sənətdə yeni üslubdur və fantaziyalara əsaslanan yaradıcılığı xarakterizə edir. Müəllif bildirdi ki, irrealizmin başlıca tələbi qeyri-reallığı inandırıcı, məntiqli, fəlsəfi, aydın və sadə çəkməkdir. O da həmin üslubun tələblərinə əməl edərək sənətin əbədi mövzularına baş vurmağa, tamaşaçıları düşünməyə və düşündürməyə çalışıb: "Rəssamlıq insanları həyata, gələcəyə inandırmalı, onlarda dəhşətli bədbinlik, qorxunc düşüncələr yaratmamalı, tamaşaçını çıxılmazlığa, anlaşılmazlığa salmamalıdır. Rəssamlıqda tamaşaçı üçün dərkedilməz əsər yoxdur, müəllifin idrak yetərsizliyindən yaranan əsər var. Bu baxımdan irrealizm ilk olaraq müəllif qarşısında ciddi tələb qoyur, tamaşaçını gerçəkliyin mahiyyətinə çatdırır, düşünməsi üçün yeni imkanlar açır".
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgilənən rəsmlər böyük maraqla qarşılandı.
Qeyd edək ki, fevralın 23-dək davam edəcək sərgidə rəssamın irreal üslubda yaratdığı "İnsan əsarəti", "Qadın buludla", "Ağac kölgəsində", "Akrobatik anlaşma" - ümumilikdə 50-dək rəngkarlıq əsəri nümayiş olunur.
Fariz
Hüseynov
Mədəniyyət.- 2018.- 21
fevral.- S.12.