“Mavi dənizin sahilində”,
yoxsa “Bakılılar”?
Azərbaycan
kinosu 120
İlk səsli filmimizlə bağlı müxtəlif fikirlər mövcuddur
Dünya kinosunda səsli filmlərin tarixi 1927-ci ildə ABŞ-da istehsal olunan "Caz müğənnisi" filmi ilə başlayır. 1930-cu ildən Paris, London və Hollivud film sahəsində əsas mərkəzlərə çevrilir. Bütün dünyaya yayılan səsli kino Azərbaycana 5 il sonra gəlib çatır.
Kino tarixçisi, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə yazır ki, 30-cu illərin Azərbaycan kinosundan danışarkən o dövr üçün əlamətdar olan 3 əsas hadisəni qeyd etmək mütləqdir. Birincisi, ilk səsli bədii filmimizin yaradılması; ikincisi, ilk animasiya filminin çəkilişi; üçüncüsü, əcnəbi filmlərin Azərbaycan dilinə dublyaj olunması.
Kino, əslində, heç zaman səssiz olmayıb. Bizim səssiz kino adlandırdığımız zamanda belə filmdə hadisələr musiqi ilə müşayiət edilib. Elə vaxtlar da olub ki, aktyorlar ekran arxasında dayanıb təsviri səsləndirirmişlər. Kino işçiləri ekrandakı təsvirləri qrammofon vallarına yazılmış nitq və musiqi ilə birləşdirməyə səy göstərirlər, texniki baxımdan səsin yazılışı üsullarını axtarırlar. 20-ci illərin sonunda mühəndislər P.Tager və A.Şorin səsli kinonun orijinal sistemini kəşf edirlər.
Azərbaycanda hökumətin tapşırığı ilə “Azərkino” 1930-cu ildən səsli filmlərin istehsalına başlamalı idi. Bunun üçün Leninqrad (Sankt-Peterburq), Kiyev və Moskvaya təcrübə keçmək üçün mütəxəssislər də göndərilmişdi. Maliyyə çətinliklərinə görə Azərbaycanda səsli filmin çəkilişi yubanır. Nəhayət, 1935-ci ildə ilk səsli filmimiz - “Mavi dənizin sahilində” adlı kinolent ərsəyə gəlir.
Gənc kinodramaturq Klimenti Mintsin qələmə aldığı
ssenariyə rejissor Boris
Barnet quruluş vermişdi. Filmin operatoru Mixail Kirillov, rəssamı əslən bakılı olan Viktor Aden idi. M.Kuşnirovun 1977-ci ildə qələmə aldığı “Boris Barnetin
həyat və yaradıcılığı” adlı
kitabda ilk səsli Azərbaycan filmi haqqında məlumat da yer alıb.
Həmin kitabda filmlə bağlı deyilir: “Bu ssenari iki kinostudiyanın - Mejrabpomfilm” və “Azərfilmin” birgə istehsalı idi. Bu iş son dərəcə
məhsuldar idi”.
Yaradıcı heyətdə azərbaycanlı
kino işçiləri
də var idi. İkinci rejissor, operator işlərində
Səməd Mərdanov,
Mirzə Mustafayev, assistent kimi Məmməd Əlili filmin ərsəyə gəlməsində iştirak
etmişdilər. Onlar filmin
müvəffəqiyyətli alınması üçün
öz bacarıqlarını
əsirgəməmişdilər. Onların əməyi filmin aktyorları N.Kryuçkov
və Y.Kuzminanın xatirələrində də
dəyərləndirilir.
Komediya janrında lentə
alınan “Mavi dənizin sahilində” filmində iki dostun - Yusif və Alyoşanın başına gələn əhvalatlardan söhbət
açılır. Hadisələr Azərbaycanın cənubunda
balıqçılıq kolxozunda
cərəyan edir.
Günlərin birində dostlar
balıqçıların köməyinə gələrkən,
Xəzərdə tufana
düşür, dalğalar
onların qayığını
bir an içərisində
çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları
hər iki dostu xilas edirlər.
Dostlar fəhlə qəsəbəsində
qalıb işləyir,
balıqçı qızı
Maşenkaya vurulurlar.
Bundan sonra onların arasında anlaşılmazlıqlar
yaranır. Nəticədə məlum olur ki, qız şimalda
xidmət edən həmyerlisini sevir və onun yolunu
gözləyir.
Maraqlı faktlardan biri
də budur ki, filmin 50 illik
yubileyi “Nizami” kinoteatrında və Lənkəranda qeyd edilib. Filmin rejissor assistenti
işləmiş Məmməd
Əlili xatirələrində
qeyd edib ki, yubiley tədbirinə
Alyoşa obrazını
yaradan N.Kryuçkov da qatılıb. O, filmin çəkilişləri
ilə bağlı xatirələrini bölüşüb
və 50 il
əvvəl çəkilişlər
zamanı Səməd
Mərdanovun ona öyrətdiyi Azərbaycan
xalq mahnısını
da dəqiqliklə ifa edib.
Aydın Kazımazdə “Kino və zaman” kitabında bu filmlə bağlı qeydlərində maraqlı
faktları diqqətə
çatdırır. Bildirir
ki, 1973-cü ildə Moskvada nəşr olunmuş “Sovet kinosunun tarixi” kitabında həmyerlimiz Nelli Hacinskaya “Mavi dənizin sahilində” kinokomediyasının
ilk Azərbaycan səsli
bədii filmi olmadığını iddia
edir. O, bunu iki studiyanın birgə çəkilişi
ilə əlaqələndirir
və filmdə yalnız bir azərbaycanlı (Yusif) obrazının məhdudlaşmasını
qeyd edir. Lakin müəllif yaradıcı
heyətin bir qisminin də azərbaycanlılardan ibarət
olduğunu nədənsə
unudur. Tədqiqatçı Azərbaycanın ilk səsli bədii filmi kimi 1938-ci ildə lentə alınan “Bakılılar”
filmini misal göstərir. A.Kazımzadə
qeyd edir ki, bu mülahizə
bizim ilk səsli film tariximizi üç il geri salır. İlk səsli Azərbaycan
filmi kimi “Mavi dənizin sahilində” kinokomediyasının
qəbul edilməsinə
rejissor Barnetin və aktrisa Y.Kuzminanın azərbaycanlı
həmkarları haqqında
söykədikləri fikirlər
əsaslı və tutarlı cavablar kimi göstərilə bilər.
Lalə Azəri
Mədəniyyət.- 2018.- 21
fevral.- S.15.