İki filmlə əbədiləşən
sənət ömrü
İstər aktyor olsun, istərsə də rejissor, hər biri çalışır ki, sənətdə öz izini qoysun, yeni yol açsın. Ancaq bu amal uğrunda yola çıxanların heç də hamısı istəyinə nail ola bilmir. Əməkdar incəsənət xadimi, rejissor Həbib İsmayılov quruluş verdiyi bir neçə yaddaqalan ekran işi ilə sənətdə öz imzasını qoymağa müvəffəq olub.
Həbib Ələkbər oğlu İsmayılov 21 fevral 1906-cı ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Orta məktəbə Tiflis şəhərində gedib. Valideynləri Bakıya köçdükdən sonra təhsilini şəhərdəki fəhlə məktəbində davam etdirib. Erkən çağlardan teatra maraq göstərən Həbib həm də dram dərnəyinə yazılır. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) qəbul olunur.
Həbib İsmayılov 1927-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən Moskvada Mərkəzi Teatr Sənəti Texnikumuna oxumağa göndərilir. Orada məşhur rejissor və pedaqoq K.Stanislavski ilə tanış olur və ondan aktyorluq və rejissorluq sənətinin incəliklərini öyrənir. 1936-cı ildə Azərbaycana qayıdır və təyinatla Gəncə teatrında əmək fəaliyyətinə başlayır. İstedadı və işgüzarlığı ilə diqqət çəkir, qısa vaxt ərzində rejissor teatrın bədii rəhbəri təyin edilir. Burada onun quruluşunda M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “1905-ci ildə” pyesləri tamaşaya qoyulur. Lakin o, Gəncədə çox qalmır. Bakıya gələrək bir müddət sonra Türk İşçi Teatrında bədii rəhbər işləyir. 1938-ci ildə Musiqili Komediya Teatrına baş rejissor təyin edilir. Teatrda Z.Hacıbəyovun “Aşıq Qərib” operasına (1939), B.Aleksandrovun “Malinovkada toy”, S.Rüstəmovun “Beş manatlıq gəlin” (1940) əsərlərinə quruluş verir.
H.İsmayılov 1943-cü ildə “Bakı kinostudiyası”nda Kinoxronika şöbəsinə müdir təyin edilir. Kinostudiyada xeyli sayda sənədli filmlər lentə alır. Bu ekran əsərlərində ölkəmizin real həyat faktları öz dolğun əksini tapır. “Naxçıvan”, “Pambıqçılıqda qabaqcıl metodların tətbiqi”, “Torpaq və onun münbitliyi” və digər sənədli filmlər bu qəbildəndir.
Sənətkar
bədii kinoda da özünü sınamaq istəyir. 1958-ci ildə
Anna Yan ilə birgə
“Ögey ana” bədii filminin ssenarisini yazır. Ailə-məişət mövzusunda çəkilən
bu film kino tariximizin maraqlı, sevilən nümunələrindən
hesab olunur. Bu filmdə aktyor
seçimi, natura çəkilişləri və
musiqi bir-birini mükəmməl şəkildə
tamamlayır. Rejissorun bu
filmdə ən böyük uğuru mərhum aktyor Ceyhun Mirzəyevi “kəşf” etməsidir.
Dilarə rolunun ifaçısı
Nəcibə Məlikova
öz oyunu ilə filmdə xüsusi maraq doğurur. Ələsgər
Ələkbərov, Nəsibə
Zeynalova, Fateh Fətullayev, Həqiqət
Rzayeva kimi tanınmış aktyorlarla
yanaşı Əzizə
Məmmədova, Hacı
Murad kimi gənclərin də filmin uğurlu alınmasında əməkləri
olub.
Görkəmli rejissor 1962-ci ildə Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında ikinci bədii kinolenti - “Böyük dayaq” filmini lentə alır. Bu filmdə H.İsmayılov sanki hadisələri yaşayır. O, hər şeyi müşahidə edir, real həyat həqiqətlərini qəhrəmanların dili ilə tamaşaçıya çatdırmağa müvəffəq olur. Rüstəm kişi aktyor Ələsgər Ələkbərovun ifasında olduqca maraqlı və yaddaqalan alınıb. Filmdə Rüstəm kişi gözəl ailə başçısı, təcrübəli təsərrüfat rəhbəridir. Ancaq rejissor ekran əsərində onu ideallaşdırmır. O, səhvlər buraxır, ətrafındakı fırıldaqçılara inanır və nəticədə xəyanətlə qarşılaşır. Bu filmdə bir ana obrazı da var. Səkinə rolu ekranlarda gördüyümüz ana obrazlarından bir sıra xüsusiyyətləri ilə fərqlənir. O, təkcə övladlarını ürəkdən sevmir, eyni zamanda gözəl həyat yoldaşıdır. Aktrisa Leyla Rzayeva bu rolu çox real və təbii şəkildə canlandırır...
Həbib İsmayılov Azərbaycan kinosunda geniş yaradıcılıq yolu keçməsə də, çox dəyərli iki bədii film yaratmağa müvəffəq olub. Əməyi yüksək qiymətləndirilən sənətkar “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Həbib İsmayılov ömrünün müdrik, yaradıcılığının coşqun çağında - 31 dekabr 1966-cı ildə dünyasını dəyişib.
Savalan Fərəcov
Mədəniyyət.- 2018.- 21
fevral.- S.15.