“Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib

 

   Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib. Kitabda 2015-2017-ci illərdə “Azərbaycan” qəzetində dərc olunmuş Xocalı soyqırımının şahidlərinin - şəhərin 47 sakininin acı xatirələri toplanıb.

   Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevdir. “Azərbaycan” qəzetinin nəşri olan kitab Prezident yanında Bilik Fondunun maliyyə dəstəyi ilə işıq üzü görüb.

   Tədbiri Bilik Fondunun icraçı direktoru Oktay Səmədov açaraq 26-cı ildönümü tamam olan Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlərin dünyada yayılması istiqamətində dövlət qurumları, digər təşkilatlar tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini, həmçinin 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının reallaşdırıldığını diqqətə çatdırıb. O.Səmədov təqdim olunan kitab haqqında da iştirakçılara məlumat verib.

   Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin ağır nəticələrindən danışıb. Vurğulayıb ki, Xocalı soyqırımı XX əsrin sonunda, dünyanın bu cür inkişaf etdiyi bir vaxtda bəşəriyyətin gözü qarşısında baş verib. Bəşəriyyət isə buna susub. Bu, bəşəriyyət üçün qara ləkədir, utancdır.

   Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında bildirib ki, təqdimatı keçirilən kitab vaxt gələcək ermənilərə qarşı ittiham zamanı istifadə ediləcək, onların çirkin əməllərini üzə çıxaracaq. “Bu cür kitabların yazılması çox vacibdir. Biz bu hadisələri qələmə almaqla onları tarixi fakta çeviririk. Hesab edirəm ki, bu kitab qanlı Xocalı soyqırımını törədənlərin tarixi məhkəməsinin qurulması üçün bir mənbə rolunu oynayacaq”, - deyə B.Muradova əlavə edib. Vitse-spiker Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı soyqırımı ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də danışıb.

   Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov kitabda toplanan materialların önəmindən danışıb. O deyib ki, Xocalı soyqırımını törədənlər gec-tez mütləq öz layiqli cəzalarını alacaqlar: “Əminəm ki, Xocalı şahidlərinin ağrı-acılarını, iztirablarını əks etdirən bu kitabdan gün gələcək hüquqi bir sənəd kimi beynəlxalq səviyyədə istifadə ediləcək”.

   Sonra “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli Məclisin deputatı Rafael Cəbrayılov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Xocalı sakini Mehriban Əliyeva çıxış ediblər.

   Çıxışlarda vurğulanıb ki, Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür və hər birimiz bu işlərdə yaxından iştirak etməliyik.

   Mərasimə yekun vuran Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qeyd edib Xocalı qətliamı təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Bu cinayəti törədənlərin insanlığa qənim kəsildiyini isə təkcə tarixi sənədlər deyil, həm də faciənin canlı şahidi olmuş soydaşlarımızın xatirələri sübuta yetirir.

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.4.