Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstanda görüşlər keçirib
Qazaxıstanın paytaxtı Astanada səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bir sıra görüşlər keçirib. Görüşlərdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da iştirak edib.
Qazaxıstan Milli Akademik Kitabxanasının baş direktoru Umutkan Munalbayeva ilə görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışıb. Bildirib ki, Fondun yeni yaradılmasına baxmayaraq, türk tarixi və mədəniyyəti ilə bağlı bir sıra layihələr həyata keçirilib. Bu layihələrdən biri də türkdilli xalqların folklorunda müxtəlif variantları olan “Koroğlu” eposunun çap edilməsidir. Fondun prezidenti “Fəlsəfi türk düşüncələri antologiyası” layihəsi haqda da ətraflı danışıb. Bildirib ki, layihənin mart ayında Bakıda, sonra Astanada təqdimatının keçirilməsi nəzərdə tutulur.
Kitabxanada üzv ölkələrin guşəsinin yaradılmasını təklif edən Günay Əfəndiyeva deyib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin latın qrafikalı qazax əlifbasının yeni versiyasını təsdiqləyən fərmanı da türkdilli ölkələrin yaxınlaşmasına imkan verəcək.
Qazaxıstan Milli Akademik Kitabxanasının baş direktoru Umutkan Munalbayeva iki ölkənin kitabxanaları arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. O, birgə səylərlə təbliğatın artırılmasının, türk xalqları haqda sənədli və bədii filmlərin çəkilməsinin vacibliyini qeyd edib.
Kitabxana ilə tanışlıq zamanı Fondun prezidentinə “Qazax xanlığı 550 illik” kitabı hədiyyə verilib. Günay Əfəndiyeva isə kitabxanaya latın qrafikasında çap olunmuş “Nursultan Nazarbayev. Həyat yolu” kitabını bağışlayıb.
* * *
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Astanada Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin məsul katibi Kuatjan Ualiyev ilə də görüşüb. Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi və nəzərdə tutulan layihələr barədə məlumat verilib.
* * *
Daha bir görüş Beynəlxalq Türk Akademiyasında keçirilib. Günay Əfəndiyeva burada Türk muzeyi ilə tanış olduqdan sonra Türk Kitabxanasında qədim türk kitabları ilə maraqlanıb.
Beynəlxalq
Türk Akademiyasının prezidenti Darxan
Kıdıralı gələcək layihələr, o cümlədən III “Böyük
Çöl” Humanitar Forumu, AMEA ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
ilə bağlı tədbirə hazırlıq, Monqolustanda ekspedisiya
haqqında ətraflı məlumat verib, bu layihələrdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq
etməkdə maraqlı olduğunu bildirib.
Mədəniyyət.- 2018.- 23
fevral.- S.6.