İnandım ayrılığa...

 

   Unudulmaz bəstəkar Elza İbrahimovanın 80 illiyinə həsr olunan gecə keçirildi

  

   Həzin mahnılar müəllifi, görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın (1938-2012) 80 illik yubileyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur. Fevralın 21-də Heydər Əliyev Sarayında keçirilən təntənəli yubiley gecəsi də sənətkarın bənzərsiz nəğmələri kimi yaddaşlara yazıldı.

   Paytaxtımızın baş səhnəsində bəstəkarı yad etməyə gələnləri Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov salamlayaraq Elza İbrahimovanın yaradıcılığından söz açdı. Bildirdi ki, yubiley tədbiri Elza İbrahimovanın anadan olmasının 80 illiyi haqqında Prezident İlham Əliyevin 2017-ci il 22 dekabr tarixli sərəncamına əsasən keçirilir.

   Qeyd olundu ki, Elza İbrahimova musiqisinin möhtəşəmliyi və rəngarəngliyi haqqında danışanda bəstəkarın tükənməz istedadı ilə yaratdığı əbədi melodiyalar səslənir qəlbimizdə. Ömrünün 50 ilindən çoxunu bu sənətə həsr etmiş bəstəkar musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb: Elza xanım sənət meydanına qədəm qoyanda musiqimizdə görkəmli adlar var idi və bəstəkarlıq məktəbimizin rəngarəng əsərləri yaranmışdı. Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Soltan Hacıbəyov kimi bəstəkarlarımız simfonik əsərlər yaradırdılarsa, Tofiq Quliyev, Rauf Hacıyev, Cahangir Cahangirov və başqaları da gözəl mahnı nümunələri ilə könülləri oxşayırdılar. Elza xanım belə bir mühitdə sənətə gəldi və azman sənətkarlar arasında mövqe qazandı. Sakit təbiətli bəstəkar bu sıraya öz istedadı, orijinal musiqiləri ilə qatıldı”.

   Vurğulandı ki, həmin dövrdə fəaliyyət göstərən unudulmaz isimlər - Emin Sabitoğlu, Ramiz Mirişli, Adil Bəbirov və digərləri gözəl mahnıları ilə xalqın qəlbinə yol tapmışdılar. Lakin Elza xanım onların arasında öz dəst-xətti ilə tanındı, yazdığı hər əsərlə özünü bir daha təsdiq etmiş oldu.

   Bildirildi ki, Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Hüseynağa Hadıyev, Yalçın Rzazadə, Akif İslamzadə, Flora Kərimova və digərləri onun mahnılarına nəfəs verdilər. Öz repertuarına diqqətlə yanaşan sənətkarların ifasında bu musiqilər ölməzlik qazandı: “Rəşid Behbudovun konsertlərini Elza xanımın “Ey vətən” mahnısı ilə açması bəstəkarın ən böyük qələbələrindən idi. Onun mahnılarında mətn son dərəcə gözəl olurdu. Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Ənvər Əlibəyli və digər müəlliflər Azərbaycanın sevilən söz ustaları idi”.

   Sərdar Fərəcov onu da diqqətə çatdırdı ki, dahi bəstəkar Qara Qarayevin tələbəsi olmuş Elza İbrahimovanın mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında fortepiano üçün prelüdvariasiya silsilələri, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Onun qəlbini qoyduğu bütün bu əsərlər dərin məzmunu və yüksək bədiiliyi ilə səciyyələnir.

   Bəstəkarın son dövr yaradıcılığında vətənpərvərlik mövzusunda yazdığı əsərlər də yer alırdı. “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər”, “Yanan laylalar” və s. bu qəbildədir. Bu əsərlərdə vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi var. Bu musiqilər emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə və sevməyə sövq edir. Hər bir əsər dinləyicini fərqli duyğular aləminə aparır. Təsadüfi deyil ki, Xalq şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanı “mahnı janrının lövhə ustası” kimi səciyyələndirib. Bəstəkarın yaradıcılığı dövlət tərəfindən hər zaman diqqətlə qarşılanıb, yüksək dəyərləndirilib. Onun əsərləri əbədi yaşayacaq, sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək.

   Yubiley gecəsi görkəmli müğənnilərin ifasında bəstəkarın sevilən mahnılarının səslənməsi ilə davam etdi. Konsertdə müğənniləri Azərbaycan TeleviziyaRadiosunun Gülarə Əliyeva adına “Dan ulduzuinstrumental ansamblı, Tofiq Əhmədov adına Estrada-simfonik orkestri və “Qaytağı” ansamblı müşayiət edirdi.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.8.