Tarixin canlandığı məkan
2018-ci ildə TÜRKSOY-un layihəsi çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı” olan Kastamonu Türkiyənin qədim şəhərlərindəndir. Onu cəlbedici edən həm də tarixi, abidələri və zəngin əl sənəti nümunələridir. Ötən həftə şəhərdə TÜRKSOY-un xətti ilə tədbirlərdə iştirak edərkən bu tarixlə tanış olmaq imkanı da qazandıq... Şəhərə gələnləri ilk qarşılayan, salamlayan və yola salan möhtəşəmliyi ilə məkana gözəllik qatan Kastamonu qalasıdır. XII əsrdə inşa edilən qalanın ən yüksək nöqtəsinə qalxdıqda şəhər ayağının altında qalır. Möhkəmliyini qoruyan qalanın daxili strukturunun əsas hissəsi (alt hissə) Bizans dövrünə aiddir. Üst hissə isə Candaroğulları (bəyliklər) dövründə inşa olunub. 2005-ci ildə Kastamonu Bələdiyyəsi tərəfindən qalada bərpa işləri həyata keçirilib.
Qala bir təpədə qərar tutduğu üçün şəhər mərkəzindən çox asanlıqla görünür. Məkana avtomobil ilə müəyyən bir nöqtəyə qədər çıxmaq mümkündür. Sonra təpəyə doğru ayaqla qalxırsan.
Şapka muzeyi
Memar Vedat Mədəniyyət və sənət mərkəzi Kastamonuda ən gözəl yerlərdən biri hesab olunur. İlk baxışdan geniş bağçası və gözəl mənzərəsi ilə diqqəti çəkir. Mədəniyyət mərkəzi 2008-ci ildə açılıb. Kompleksdə “Cümhuriyyət evi”, Şapka muzeyi, Atatürk sərgi salonu, Rəsm qalereyası yer alır. Kastamonulu Vedat tanınmış memar olub. Şəhərin bir çox qədim tikililərində onun böyük zəhməti var.
Kompleksin girişində ilk binanın adı diqqətimizi çəkir: Şapka muzeyi. Bildirildiyinə görə, bu, böyük öndər Atatürkün geydiyi şapkalardan ibarət olan Türkiyədəki yeganə muzeydir. Atatürk baş geyimi islahatını ilk dəfə məhz Kastamonuda həyata keçirib. Muzey də bu hadisəni simvollaşdırıb. Burada Atatürkün geyindiyi şapkalarla yanaşı, Cümhuriyyətin qurulduğu gündən bəri istifadə edilən, öz dövrlərinə uyğun şapkalara rast gəlmək mümkündür. Muzeydə Orta Asiya xalqları daxil olmaqla, digər xalqlara da məxsus olan bir-birindən maraqlı və rəngarəng baş geyimləri nümayiş olunur.
Bu suyu dadanlar təkrar-təkrar Kastamonuya gəlir...
Kastamonunun ən çox ziyarət edilən məkanı Şeyx Şaban Vəli külliyəsidir. Bu kompleks muzey, məscid, türbə və digər tikililərdən ibarətdir. Muzey və məscid həyətin yuxarı hissəsində, digərləri isə aşağı hissədə qərar tutub. Bir maraqlı nüans diqqətdən kənarda qalmır: yuxarı hissəyə qalxmaq üçün nəzərdə tutulan ikitərəfli pilləkənlərin arasında qoyulan iri mərmər parçasında iri hərflərlə Şeyx Şaban Vəlinin məşhur deyimi yazılıb:
"Gəlişiniz gülə-gülə,
Gedişiniz gülə-gülə
Hər işiniz gülə-gülə”...
Bəli, şeyx ziyarətinə gələnləri məhz bu xoş sözlərlə qarşılayır.
Aşağı həyətdə türbə və qarşısında uzun növbə olan çeşmə var. Yerli əhali çeşmə ilə bağlı maraqlı hekayə danışır. Belə ki, bir zamanlar Şeyx Şaban Vəli onun övliya olmasına inanmayan insanlara bunu əsasını yaşıl bir yerə vurmaqla sübut etmişdi. Məhz əsanın gücü ilə yerdən çıxan suyun üzərində də bulaq tikilib. Bulağın qarşısında demək olar ki, həmişə belə növbə var. Bir də deyirlər ki, bu suyu dadan adam təkrar-təkrar Kastamonuya gəlir.
Suyun dadına baxıb pilləkənlərlə yuxarı həyətdəki muzeyə çevrilən malikanəyə doğru yol alırıq. Bəlli olur ki, bu malikanə 1900-cü ildə Azdavaylı Mahmud Paşa tərəfindən tikilib. Şeyx Şaban Vəli muzeyini gəzdikdə o dövrlə daha yaxından tanış oluruq. İlk olaraq, onun otağını ziyarət etdik. Burada xəlvətiyyə təriqətinin Şabaniyyə qolunun qurucusunun xüsusi əşyaları nümayiş olunur. Otaqda şeyxin geyimləri, o cümlədən bel və baş sarğıları, onun üçün yazılmış yazılar sərgilənir. Xalça və kilim bölümündə isə Anadolunun müxtəlif yerlərinə aid xalçalar nümayiş olunur. Burada türk xəttatlıq sənətinin inciləri də mövcuddur. Bu sənət türklərdə çox inkişaf edib. Nümayiş olunan əsərlərin çoxu Pir Şeyx Şaban Vəlini vəsf edən, xəlvətiyyə təriqətindən bəhs edən yazılardır.
Saray halvası və ya “çəkmə
halva”
Səfər proqramına görə
ziyarət etdiyimiz yerlərdən biri də Kastamonunun məşhur Halva evi oldu. Daha doğrusu, kənarda
dayanıb halvanın necə hazırlandığını
öz gözlərimizlə
görəcəkdik və
gördük. Burada
hazırlanan halvanın
tarixçəsi ilə
də tanış
oluruq. Bəlli olur ki, buradan
Osmanlı sarayına aparılan "çəkmə
halva”nın adı 1800-cü illərə
gedib çıxır.
Sonradan bazarda "saray halvası” adı ilə məşhurlaşıb.
Hazırlanması əsrlər öncəyə
dayanan bu halva Türkiyənin bir çox bölgələrində
fərqli adlarla hazırlanmaqdadır.
Ilqaz milli parkında qış turizmi təsisatları
Kastamonunun turizm üçün ən görməli təbiət məkanlarından biri Ilqaz Dağı Milli Parkıdır. Kastamonudan təxminən bir saatlıq məsafədə yer alır. Bura Qara dənizin qərbində Ilqaz dağları üzərində 1976-cı ildə qurulub. Meşə ilə getdiyimiz zaman yolboyu üzəri qarla örtülmüş ağaclar, möhtəşəm mənzərə insanı heyran edirdi. Parka çatdıqda isə buranın qış idmanı və turizm imkanlarının nə qədər böyük olduğunu gördük. Bu dağın ən yüksək nöqtəsi hündürlüyü 2587 metr olan böyük Hacet təpəsidir.
Qarla örtülü olan bu dağlarda iki yerdə xizək sürmək imkanı, kanat və istirahət üçün əlverişli şərait yaradılıb. Bura həm yay, həm də qış aylarında istirahət keçirmək üçün gözəl məkandır. Ərazidə çoxlu hotellər var.
Beləcə, “Türk dünyasının mədəniyyət paytaxtı”dan zəngin və yaddaqalan təəssüratla ayrılırıq.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2018.- 23
fevral.- S.10.