Mədəni irsimizi zərgərlikdə yaşadan gənc

 

   Ulularımız “Zər qədrin zərgər bilər”, deyiblər. Bu deyimin fəlsəfəsi, əslində, bütün fəaliyyət sahələri üçün əhəmiyyət kəsb edir. Hər kəs öz peşəsinin, sənətinin ustası olmalı, ən azı buna cəhd etməlidir.

   Xalq sənətkarlığının ən qədim növlərindən biri olan zərgərliyin Şərq ölkələrində, o cümlədən Azərbaycanda zəngin ənənələri var. Ustalarımızın incə əl işləri, zərgərlik nümunələri bu gün müxtəlif ölkələrin muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Milli İncəsənət Muzeyi, Tarix MuzeyiXalça Muzeyinin ekspozisiyalarında qorunan zərgərlik nümunələri bu sənətin ölkəmizdə keçdiyi inkişaf yolunu göstərir. Hazırda zərgərlik məmulatlarının hazırlanması elektron cihazların köməyi ilə aparılsa da, onlar əllə işlənmiş zinət əşyalarını əvəzləyə bilmir. Bu gün gənc nəslin nümayəndələri arasında da zərgərlik sənətinə marağı olanlar az deyil.

   Oxucularımızın tanıyacağı gənc zərgər Nicat Kadirov bu sənəti milli üslubda, şəbəkə naxışlarla və rəssamlıqla bir arada uğurla təqdim etməyi bacarır.

   Göyçayda doğulan Nicat 7 yaşından babasının məsləhəti ilə Bakıda rəssamlığı öyrənib, 12 yaşından isə zərgərlik atelyelərinin birində bu sənətin sirlərinə yiyələnib. Hazırda İstanbulda yaşayır, sənətini orada davam etdirir.

  

   - Sənətə maraq sizdə necə yarandı?

   - Mifologiyaya, tarixi nüanslara, milli tarixi incəsənət nümunələrinə, etnoqrafiyaya böyük marağım vardı. Sonralar bundan ilhamlanıb əvvəlcə öz əsərlərimin hekayələrini hazırlamağa başladım. Bu hekayələr əsasında yaratmaq istədiyim kompozisiyaların eskizlərini çəkib əsərimi yaradıram. Düşünürəm ki, bu texnika ilə işləyən yoxdur. Bəlkə də var, mən məlumatsızam.

   - Bu istiqamətdə tək irəliləməyin və vətəndən uzaqda olmağın çətinliklər yaratmır ki?

   - Əsas insanın öz bacarığını bütünlüyü ilə ortaya qoymaq üçün şəraitin olmasıdır. Ölkəmizdən kənarda olsam da, çox şükür ki, özümü ifadə etmə imkanım və metodum var. Nəticədə maraqlı yaradıcılıq işləri ortaya çıxır. Azərbaycanın zənginliklərini və milli mədəniyyətini tanıtmaq üçün əlimdən gələni etməyə çalışıram. Lakin insanların o qədər də həssaslıq göstərməməyi təəssüf doğurur.

   - İşlərinin arasında ümummilli lider Heydər Əliyevin, dahi şair Nizami Gəncəvinin, Şeyx Şamilin, Hacı Zeynalabdin Tağıyevin əks olunduğu nümunələri görürəm. Gələcəkdə daha hansı görkəmli şəxsiyyətlərin obrazına müraciət etməyi düşünürsən?

   - Hazırda Füzuli kompozisiyasının üzərində çalışıram. Bu ərsəyə gələndən sonra hər kəsin bəyənəcəyinə əminəm. Bu kolleksiya sənətimdə önəmli yer tutur. Molla Vəli Vidadi, Xurşudbanu Natəvan, Hacı Davud Müşkürlü, Seyid Əzim Şirvani, Mikayıl Müşfiq və başqalarının əksləri olan zərgərlik nümunələri yaratmaq haqqında düşünürəm.

   - İstanbulda hazırladığın zinət əşyalarına münasibət necədir?

   - Təbii ki, İstanbulun zərgərlik karyeramda böyük üstünlükləri oldu. Bakıda çalışdığım zaman bir çox sifarişləri bəzən bir neçə saata hazırlayırdım. İndi isə bunun peşmanlığını yaşayıram. Düşünürəm ki, insanlar özəl zinət əşyaları taxmalıdırlar, sıradan olan aksesuarları yox. Bütün bunları nəzərə alıb özümə fərqli bir yol seçdim. Hazırlanmış hər bir nümunənin söykəndiyi fəlsəfə olmalıdır. Əsərlərimdə bu gün ən çox istədiyim şey onların min il torpaq altında qalmış kimi effektli görünməsidir. Bir sözlə, məqsədim düşündürücü və tarixdə qala biləcək sənət nümunələri yaratmaqdır.

   - Bakıda sərgi təşkil etməyi düşünürsənmi?

   - Əslində, Bakıda sərgi keçirmək başlıca planlarım arasındadır. Sərgini Milli Azərbaycan Tarixi Muzeyi olan Hacı Zeynalabdin Tağıyevin evində gerçəkləşdirmək ən böyük xəyalımdır. Bu barədə muzeyin direktoru, akademik Nailə Vəlixanlıya müraciət edəcəyəm.

   - Bu il dövlət başçısının sərəncamı ilə ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ilielan olunub. Yaradıcı gənc olaraq bu münasibətlə hansısa bir əsər hazırlamaq fikrin varmı?

   - Bəli, Cümhuriyyətimizlə bağlı planlarım var. Himnimizin sözlərinin müəllifi Əhməd Cavadın və dahi bəstəkar Üzeyir Hacıbəylinin, Məhəmməd Əmin Rəsulzadənin portretlərinin yer aldığı kolleksiya hazırlayacağam.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.13.