İnternat məktəbində Beynəlxalq ana dili günü

 

   Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları 21 fevral - Beynəlxalq ana dili gününü Bilgəh qəsəbəsindəki 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin şagirdləri ilə birlikdə qeyd ediblər.

   Məktəbin direktoru Gülnarə Abdullayeva qonaqlara təhsil müəssisəsi barədə məlumat verib, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə sinif otaqlarında, ixtisaslaşdırılmış emalatxanalarda və incəsənət guşələrində yaradılmış təhsil və əmək reabilitasiya imkanlarını nümayiş etdirib.

   MEK-in direktoru Leyla İmanova 11 nömrəli internat məktəbinin nümunəsində Azərbaycanda təhsilə, milli dəyərlərin təbliğinə önəm verildiyini vurğulayıb.

   Şagirdlər Azərbaycanın görkəmli ədib və şairlərinin ana dilimizə həsr etdikləri şeirləri səsləndirib, Məmməd Səid OrdubadininAna dili”, Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərlərindən parçalar göstəriblər.

   Sonda MEK-in əməkdaşları tədbir iştirakçılarına dünya və Azərbaycan ədəbiyyatından kitablar hədiyyə ediblər.

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.14.