Orta məktəb dərnəyindən başlayan rejissorluq yolu

 

   Ötən yüzilliyin əvvəllərində Azərbaycan peşəkar teatrında təhsilli mütəxəssislərə ciddi ehtiyac var idi. İlk ali təhsilli musiqili teatr rejissoru Soltan Dadaşov belə bir şəraitdə Azərbaycan səhnəsinin inkişafına töhfələr verməyə başlamışdı.

   Soltan Baba oğlu Dadaşov 1906-cı ildə Bakıda anadan olub. Əvvəlcə mollaxanada oxuyub, sonra təhsilini realnı məktəbdə davam etdirib. Poeziyaya dərin maraq göstərən Soltan məktəbin tədbirlərində fəal iştirak edir, şeirləri gözəl qiraət etməsi ilə tanınır. Məktəbdə yaratdığı dram dərnəyində şagird yoldaşları ilə M.F.Axundzadənin, N.Vəzirovun əsərlərindən parçalar seçərək tamaşalar hazırlayır, özü səhnədə çıxış edirdi.

   O, BakıdakıMərkəzi fəhlə klubu”nun dram dərnəyinin ən fəal üzvlərindən idi. 1923-cü ildə milli səhnə mədəniyyətimizi ixtisaslı kadrlarla təmin etmək məqsədilə Bakı Teatr Məktəbi (texnikum) fəaliyyətə başlayır. S.Dadaşov məktəbin ilk məzunlarından biri olur. 1924-cü ildən Akademik Dram Teatrının yardımçı heyətində fəaliyyət göstərir. Teatr məktəbini əla qiymətlərlə başa vurur. Onun həssas musiqi duyumu dram teatrının səhnəsindəki sərbəst yaradıcılıq cəhdləri yüksək qiymətləndirilir. Sənət müəllimi Aleksandr Tuqanovun zəmanəti ilə 1927-ci ildə Moskvada Mərkəzi Teatr Texnikumuna daxil olur. Ourada Aleksey Popov, Andrey Petrovski, Boris Suşkeviç kimi məşhur pedaqoqlardan sənət dərsi alır.

   1931-ci ildə musiqili teatr rejissoru kimi Bakıya qayıdan S.Dadaşov Opera Balet Teatrında quruluşçu rejissor kimi işə başlayır. O, teatrda çalışan ilk peşəkar ali təhsil almış azərbaycanlı rejissor idi. Teatrda Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Leyli Məcnun”, M.MaqomayevinNərgiz”, “Şah İsmayıl”, Z.HacıbəyovunAşıq Qərib”, C.VerdininRiqoletto”, “Traviata”, S.HacıbəyovunGülşən”, R.LeonkovallonunMəzhəkəçilərəsərlərinə quruluş verir. Rejissor bu əsərlərin bir çoxuna dəfələrlə müraciət edib, fərqli yozumlarla tamaşaçıların rəğbətini qazanıb.

   Aşqabad Dövlət Azərbaycan Teatrı (Özbəkistan) fəaliyyət göstərdiyi vaxtlarda S.Dadaşov həmin kollektivdə tamaşa hazırlamağa dəvət edilir. 1938-ci ildə orada M.MaqomayevinŞah İsmayıl” operasını tamaşaya qoyur. Həmin il Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə onun quruluş verdiyi “Arşın mal alan” operettası böyük uğur qazanır. Bundan sonra Bakıda müstəqil Musiqili Komediya Teatrı açılır. Teatrın ilk işi kimi Z.Hacıbəyovun “Evliykən subay” operettası seçilir. Operettanın rejissorluğu S.Dadaşova tapşırılır. Əsərin ilk tamaşası 1938-ci il mayın 30-da “Rote Fane” parkındakı (indikiNizami” parkı) mədəniyyət evində göstərilir. Tamaşada əsas rolları Məmmədəli Vəlixanlı (Kərbəlayı Hacı), Münəvvər Kələntərli (Pərizad), Əhməd Qəmərli (Xosrov bəy), İbrahim Şünasi (Məşədi Səfi), Heydər Məlikov (Muxtar bəy) oynayır.

   Görkəmli rejissor 1941-ci ilin mayında Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında monumental, etnomədəni xalq mərasim oyun-tamaşasını hazırlayır. O, filarmoniyada göstərilən bu tamaşa ilə milli musiqi folkloru xəzinəmizin poetik vüsətini böyük ustalıqla təcəssüm etdirib.

   1945-ci ildə Bakıda sirkin əsası qoyulurrejissorluq işi S.Dadaşova tapşırılır. Onun təşəbbüsü ilə proqramlara milli zorxana, qaravəlli və s. oyun estetikaları gətirilir. Sirk kollektivi Moskva, Sankt-Peterburq, Minsk, Riqa, Vilnüs və Tallində çıxışlar edir, tamaşaçıların diqqətini özünə cəlb etməyi bacarır. O, 1967-ci ildə sirk proqramında folklorumuzun bütün estetik nüanslarını təcəssüm etdirən xüsusiNovruz” proqramı hazırlayır.

   S.Dadaşov həmçinin M.Ə.Sabirin yaradıcılığının bədii xüsusiyyətlərini və satirasının ictimai mahiyyətini əks etdirən “Keçmişin məişət səhnələri” adlı librettonun müəllifidir. Bəstəkar Vasif Adıgözəlov həmin əsərə musiqili komediya bəstələyib. Əsər 1962-ci ildə şairin 100 illik yubileyi çərçivəsində rejissor Əliheydər Ələkbərovun quruluşunda Musiqili Komediya Teatrında tamaşaya qoyulub.

   S.Dadaşov pedaqoji fəaliyyətlə də məşğul olub, Dövlət Teatr İnstitutunda (indiki ADMİU) aktyorrejissor sənətindən dərs deyib. “Azərbaycan Dövlət OperaBalet Teatrı” adlı kitabXalq artisti Hüseynağa Hacıbababəyov barədə monoqrafiya yazıb.

   Rejissorun fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilib. 1940-cı ildə Əməkdar incəsənət xadimi və 1958-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Soltan Dadaşov 7 sentyabr 1969-cu ildə vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 23 fevral.- S.15.