Vətən igid övladları ilə ucalır

 

   Xocalı soyqırımının ildönümündə Milli Qəhrəmanlar haqqında sənədli filmlər nümayiş olundu

  

   Fevralın 26-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

     Mərasimdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Ədalət Vəliyev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edirdi.

   Tədbirdə əvvəlcə Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Anım mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək erməni hərbi birləşmələrinin Xocalıda törətdikləri soyqırımı haqqında danışdı. Bildirildi ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində dinc əhaliyə qarşı kütləvi qırğın törədiblər. Bu faciə tək xocalılılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş vəhşilik aktı, insanlıq əleyhinə cinayətdir. Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

   Vurğulandı ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi: “Milli Məclis tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması barədə qərar qəbul edildi. Hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu faciə ilə bağlı dünyanın bir çox ölkəsində tədbirlər təşkil olunur, sərgilər keçirilir, həqiqətlər dünya ictimaiyyətinə çatdırılır”.

   Ədalət Vəliyev Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Vətən uğrunda canlarından keçən insanların xatirəsinin yaşadılması məqsədilə həyata keçirilən tədbirlər, layihələr haqqında da danışdı. Bildirdi ki, “Azərbaycanın Milli Qəhrəmanları” sənədli filmlər silsiləsindən “Yaddaş” və “Salnamə” studiyalarında dövlət sifarişi ilə 85 film çəkilib. Həmin filmlərin paytaxtda və bölgələrimizdəki mədəniyyət mərkəzlərində, hərbi hissə və hərbi məktəblərdə, təhsil müəssisələrində nümayişləri təşkil olunub.

   Tədbirdə rejissor, Əməkdar incəsənət xadimi Nizami Abbas çıxış edərək “Yaddaş” studiyasında çəkdiyi “İgid əsgər” və “İsgəndərin sorağında” sənədli filmləri barədə məlumat verdi. Bildirdi ki, ekran əsərləri Milli Qəhrəmanlar Yusif Mirzəyev və İsgəndər Aznaurovun Qarabağ müharibəsində keçdikləri şərəfli döyüş yolundan bəhs edir.

   Sonra hər iki sənədli film nümayiş olundu.

   Qeyd edək ki, Milli Qəhrəman Yusif Mirzəyev 1958-ci ildə Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1991-ci ildə könüllü cəbhə bölgəsinə yollanıb, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. 1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub.

   Milli Qəhrəman İsgəndər Aznaurov 1956-cı ildə Özbəkistanın Buxara vilayətində dünyaya gəlib. 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana köçərək Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıb. Hərbi xidmətdə olarkən topçuluğun sirlərinə yiyələnən İ.Aznaurov 1992-ci ilin mart ayında könüllü Milli Orduya yazılıb. Gədəbəydə “N” saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edilib. İsgəndər Aznaurov 18 aprel 1993-cü ildə Gədəbəyin Örükdaş istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.3.