“Söz” bu dəfə sevgidən söz
açdı
Belə bir deyim var: siz istedadlılara kömək edin, istedadsızlar özlərinə yol açacaqlar. Hər kəs bu müdrik kəlamın nə qədər düzgün olduğunu etiraf etsə də, istedadlı gənclərə yol göstərən, onların əlindən tutub sənət, elm dünyasına gətirən çox olmur.
Neçə vaxtdan bəri öz ədəbi məclislərində gənc yazarlara meydan verən “Söz” ədəbi məclisi bu baxımdan müsbət nümunədir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan “Söz” ədəbi layihəsinin növbəti tədbiri fevralın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində baş tutdu.
Poeziya gecəsinin iştirakçıları yenə də gənclər idi. Rus dilində yazan gənc yazarlar - Atika Əliyeva, Səidə Sübhi, Solmaz Süleymanlı, Leyla Qurbanova və İsmayıl Əliyev. Dörd gənc şairə və bir cavan nasir oğlan həmin gün söz xiridarı olan yığcam auditoriyada bir növ yaradıcılıq hesabatı verdilər, sözə çevirdikləri hislərini və düşüncələrini dinləyicilərlə bölüşdülər.
Gənclərin çıxışları bu dəfə böyük hərflərlə yazılan sevgiyə həsr olunmuşdu. Xüsusilə də gənc şairələrin oxuduqları şeirlərdə qızların sənətdə yol axtarışı, özünü ifadə etmək istəyi hiss olunurdu.
Tədbirin sonunda layihənin rəhbəri - Azərbaycan Yazıçılar Birliyinin və PEN Beynəlxalq Ədəbiyyat Cəmiyyətinin üzvü Nigar Həsənzadə gənclərin xahişi ilə «Həmin gün» adlı şeirini oxudu.
G.Mirməmməd
Mədəniyyət.- 2018.- 28
fevral.- S.4.