Vətəndaşların müraciətləri dinlənilib, problemlərin həlli üçün tapşırıqlar verilib

 

   Mədəniyyət və turizm naziri Göyçay, Ağdaş, Ucar və Zərdab rayonlarının sakinləri ilə görüşüb

  

   "Artıq ənənəyə çevrilmiş belə görüşlər yerlərdə mədəniyyət və turizmin inkişafına, bu sahələrdə müasir texnologiyaların, yeni metodlarının tətbiqinə müsbət təsir edir, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır”.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sözləri fevralın 23-də Göyçay şəhərində vətəndaşlarla növbəti görüşündən sonra mətbuata açıqlamasında deyib.

   Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər. Nazir Əbülfəs Qarayev Göyçaydakı Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonları sakinlərinin müraciətlərini dinləyib.

   Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Əbülfəs Qarayev daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olub.

   Qəbulda vətəndaşların mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı müraciətləri səslənib.

   Ağdaş rayon sakinləri rayonda tanınmış yazıçı və şairlərlə görüşlərin təşkili, Rəsm qalereyasına ölkəmizin tanınmış rəssamlarının əsərlərinin verilməsi, Tarix-diyarşünaslıq muzeyində bərpa işlərinin tamamlanmasına köməklik göstərilməsi, avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi barədə xahişlərini diqqətə çatdırıblar.

   Göyçaydan qəbula yazılan vətəndaşların müraciətləri "Nargilə" folklor qrupu üçün milli geyimlərin alınmasına köməklik göstərilməsi, rayon kitabxanalarının elmi ədəbiyyatla təmin olunması barədə olub. Həmçinin kitabxanalara uşaqlar üçün intellektual oyunlara aid elektron nəşrlərin verilməsinə görə nazirliyə minnətdarlıq ifadə olunub.

   Ucar sakinləri rayon ərazisində kənd kitabxanalarının internetlə təminatı, kitabxanalara aqrar sahə, xüsusilə pambıqçılıq və baramaçılığa aid elmi nəşrlərin verilməsi, mədəniyyət evləri və klubların milli rəqslərlə bağlı əyani vasitələrlə təchiz olunması, Tarix-diyarşünaslıq muzeyinin bədii tərtibat işinə köməklik göstərilməsi ilə bağlı nazirə müraciət ediblər.

   Zərdab sakinlərinin xahişləri mədəniyyət müəssisələrinin tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlərin diskləri ilə təmin edilməsi, gənc mədəniyyət işçiləri koordinasiya qruplarının respublika seminarlarının təşkili, Heydər Əliyev Mərkəzinin ekspozisiyasının zənginləşdirilməsinə köməklik edilməsi barədə olub.

   Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

   Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb: "Bugünkü qəbulda da bir sıra maraqlı təkliflər oldu. Kitabxana sistemlərində müasir texnologiyaların tətbiqi, bu sahədə çalışan işçilərin bilik və bacarıqlarının artırılması üçün kursların təşkili və digər təkliflər səsləndirildi. Bütün müraciətlərə diqqətlə baxılacaq”. Nazir şəhər və rayonlardakı kitabxana şəbəkəsində elektron ədəbiyyatın daha geniş tətbiqi ilə bağlı müraciətləri xüsusi qeyd etdi.

   Regionlarda turizmin inkişaf etdirilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu deyən Əbülfəs Qarayev bütün qəbullarda bununla bağlı səslənən fikirlərin nəzərdən keçirildiyini dedi. Yeni aşkar olunan tarixi abidələrin, mədəni irsin pasportlaşdırılaraq turizm marşrutlarına salınması istiqamətində də müvafiq işlərin getdiyi diqqətə çatdırıldı.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.5.