“Badam ağacı
çiçəkləyəndə” tamaşası təqdim olunub
Fevralın 22-də Akademik Milli Dram Teatrında Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Badam ağacı çiçəkləyəndə” tamaşasının premyerası olub.
Tədbirdə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyeva, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Tamaşadan əvvəl Xocalı soyqırımı, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqları barədə məlumat verilib.
“Badam ağacı çiçəkləyəndə” tamaşası Prezident yanında Gənclər Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanıb. Səhnə əsəri Xocalıdan didərgin düşmüş sakinlərin xatirələri üzərində qurulub. Qayğısız həyat yaşayan xocalılılar bir gecədə erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilir, əsl soyqırımına məruz qalırlar.
Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tərəfindən ərsəyə gətirilib. Rejissor Gülnar Hacıyevanın quruluş verdiyi tamaşada əsas obrazları aktyorlar Kərəm Hadızadə, Zemfira Əbdülsəməd, Mirzağa Mirzəyev, Elnur Kərimov, Asya Atakişiyeva, Güşvər Şərifova, Mehriban Hüseynova, Zülfiyyə Alhüseynova, Elşən Şıxəliyev və Manaf Dadaşov canlandırıblar. Kütləvi səhnələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri də yer alıblar.
Tamaşanın adı təsadüfən seçilməyib. Badam yazda çiçəkləməyə başlayan ilk ağaclardan biridir. “Xocalıya ədalət!” kampaniyasının loqosunda əks olunmuş badam çiçəyi Xocalıda 1992-ci ilin 26 fevralında ermənilər tərəfindən törədilmiş soyqırımına münasibətdə ədalətin təmin edilməsinə və bu cür qəddar əməllərin təkrar olunmamasına ümidi əks etdirir.
Tamaşa başa çatandan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aktyorlarla görüşüb, xatirə şəkli çəkilib.
Mədəniyyət.- 2018.- 28 fevral.- S.6.