Qardaş ölkədə Xocalı mövzusunda elmi toplantılar

 

 

   Türkiyənin Ankara, İstanbul, Qars, Ədirnə, Əskişəhər, İzmir, Karabükbaşqa şəhərlərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimləri keçirilib.

   Bu silsilədən tədbirlərdən biri də Ankaradakı İldırım Bəyazit Universitetində təşkil edilən beynəlxalq elmi simpozium idi. Toplantıda Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, institutun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Bəhruz Həsənov, İldırım Bəyazit Universitetinin rektoru Metin Doğan, millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və digərləri çıxış etdi. Tədbir elmi panellərlə davam etdirildi. Çıxışlarda bölgənin tarixi, ermənilərin Qarabağa və Azərbaycanın digər regionlarına məqsədli köçürülməsi, azərbaycanlılara qarşı törətdikləri soyqırımı əməlləri barədə söhbət açıldı.

   Bu mövzuda daha bir elmi panel Türkiyənin Karabük Universitetində düzənlənib. “Xocalı soyqırımı” adlı paneldə universitetin Beynəlxalq əlaqələr bölümünün rəhbəri Əli Əskər, müəllimlərdən Mərziyyə Məmmədli, Hakim Əziz, Ümid Kədikli çıxış edərək faciənin tarixihüquqi aspektlərinə toxunublar.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.6.