İstanbulda Azərbaycan parkı və Xocalı abidəsi açılıb

 

   Fevralın 25-də İstanbul şəhərinin Bağcılar rayonunda böyük ərazini əhatə edən Azərbaycan Dostluq parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı olub.

   Mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, ölkəmizin İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Mövlud Uysal, Bağcılar Bələdiyyəsinin başqanı Lokman Çağrıcı, diplomatlar, deputatlar, mədəniyyət xadimləri, yerli sakinlər iştirak ediblər.

   Azərbaycan Dostluq parkı və buradakı abidəyə görə Türkiyə hökumətinə dərin minnətdarlığını ifadə edən professor Əli Həsənov diqqətə çatdırıb ki, Xocalı soyqırımı abidəsi millətlər, xalqlarsivilizasiyalar arasında sülhə sədaqətin rəmzidir.

   Xocalı soyqırımının Türkiyədə böyük bir hüzn, yaddaşlardan silinməyən faciə kimi qəbul edildiyini diqqətə çatdıran İstanbul valisi Vasip Şahin deyib ki, bu ağrı insanlarımızın qəlbində daim yaşayacaq.

   Xocalı sakini Səbinə Məhərrəmovanın 7 yaşı olarkən yaşadığı dəhşətləri anlatması iştirakçıları duyğulandırıb.

   Açılış mərasimindən sonra iştirakçılar parkda ağac əkiblər.

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.6.