“Azərbaycan
tamaşaçılarının həmişə İran kinosuna
marağı olub”
Bakıda İran kinosu günləri
keçirildi
Fevralın 23-də Nizami Kino Mərkəzində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə İran kinosu günlərinin açılışı oldu. Dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbir iki ölkənin himnlərinin səslənməsi ilə başlandı.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan və İran arasında dostluq, əməkdaşlıq münasibətləri ildən-ilə daha da genişlənir. Eyni sözləri iki ölkə arasında mədəni əməkdaşlığa da şamil etmək olar: “Azərbaycan tamaşaçılarının həmişə İran kinosuna marağı olub və bu layihə çərçivəsində kinosevərlər bir daha İran kinematoqrafiyasının maraqlı ekran əsərləri ilə tanış olmaq imkanı qazanacaqlar”.
Ötən il İranda Azərbaycan mədəniyyəti günlərinin gerçəkləşdiyini xatırladan nazir birgə layihələrin davamlı şəkildə həyata keçirildiyini dedi. Vurğulandı ki, Azərbaycanın incəsənət ustaları mütəmadi olaraq İranda müxtəlif tədbirlərdə, film və teatr festivallarında iştirak edirlər. Son dövrdə kinematoqrafçılarımızın birgə istehsalı olan filmlər beynəlxalq festivallarda mükafatlara layiq görülüb. Bu sənət mübadiləsi davamlı olaraq inkişaf etdiriləcək.
Əbülfəs Qarayev iki ölkənin birgə təqdimatı ilə kamança musiqi alətinin hazırlanması və ifaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini də diqqətə çatdırdı: “Bütün bunlar birgə fəaliyyətimizin uğurlu nəticəsini göstərir. İki qonşu dövlət olaraq tarixi köklərə əsaslanan mədəni irsimiz, adət və ənənələrimiz var. Təsadüfi deyil ki, Novruz bayramının, lavaş çörəkbişirmə ənənəsinin də müştərək olaraq UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmasına nail olmuşuq”.
Qarşılıqlı əlaqələrin dinamik inkişafında göstərdiyi səylərə görə İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamana təşəkkürünü bildirən nazir bu əlaqələrin ölkələrimizin gələcək əməkdaşlığına töhfələr verəcəyinə əminliyini ifadə etdi.
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkaman Bakıda ölkəsinin kino günlərinin keçirilməsindən məmnunluğunu ifadə etdi. İran kinosunun dünyada nüfuzunun artdığını diqqətə çatdıran qonaq bildirdi ki, ekranlaşdırılan filmlərdə daha çox əxlaqi-mənəvi dəyərlərə üstünlük verilir. İran filmləri bu gün dünyanın diqqət mərkəzindədir və “Oskar” mükafatına layiq görülməsi də bunun nümunəsidir: “Son illərdə Azərbaycan filmlərinin də beynəlxalq festivallarda uğurlar qazandığının şahidiyik. Biz Azərbaycan kinematoqrafçılarının istehsalı olan filmlərin də İranda nümayiş olunmasını istərdik”.
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə kino günlərinin iki ölkənin dostluq və qardaşlığına bariz nümunə olduğunu, xalqların bir-birini yaxından tanımasına imkan yaratdığını dedi. O, Bakıya təşrif buyuran İran sənət nümayəndələrinə təşəkkürünü bildirdi.
İran kinosunun tanınmış simaları - aktyor Babək Hamidian və aktrisa Mina Səadəti Azərbaycanda olduqlarından məmnunluqlarını ifadə etdilər, Azərbaycan kinosu ilə tanışlıqları, sevilən milli filmlərimiz haqqında xatirələrini bölüşdülər.
Çıxışlardan sonra “Şəhriyar” ansamblının ifasında konsert proqramı təqdim olundu.
Daha sonra İran kinematoqrafçılarının istehsal etdiyi “Cangüdən” bədii filmi nümayiş etdirildi. Nüvə fiziki olan alimin həyatına cavabdeh olan cangüdən onu terrordan qorumalıdır. Ekran əsəri bir çox festivallarda mükafatlara layiq görülüb.
Qeyd edək ki, Bakıda İran kinosu günləri çərçivəsində Nizami Kino Mərkəzində daha üç ekran əsəri - fevralın 24-də “Xəyalın şirin tamı”, ayın 25-də “Divanə top”, fevralın 27-də “Ayaqqabım hanı?” bədii filmləri nümayiş olunub.
Lalə
Mədəniyyət.- 2018.- 28
fevral.- S.7.