“Qarabağın səsi”

 

   Rəsm sərgisi və ədəbi-bədii tədbir keçirilib

  

   Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatın Gənclər

   Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası on ildir uğurla həyata keçirilir. İndiyədək kampaniya çərçivəsində Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınıb.  

   Fevralın 24-də “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində soyqırımının 26-cı ildönümü ilə bağlı “Qarabağın səsi” adlı rəsm əsərlərindən ibarət sərgi və ədəbi-bədii tədbir keçirilib.

   Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, Xocalı soyqırımının şahidləri iştirak ediblər.

   “Qarabağın səsi” aksiyasına 300-dən çox rəsm əsəri qəbul edilib. Mədəniyyət və incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən rəsmlərin sərgisinin təşkil olunması məqsədilə seçim keçirilib. Sərgidə iştirak uçun yaş məhdudiyyəti qoyulmayıb. Seçim mərhələsinə həm həvəskar, həm də peşəkar rəssamlar əsərlərini təqdim ediblər. Rusiya, Türkiyə, İsveç və İsraildən də mövzu ilə bağlı əsərlər göndərilib.

   Tədbir iştirakçıları münsiflər heyəti tərəfindən seçilmiş rəsm əsərlərinin sərgisi ilə tanış olublar.

   Sərgidə, həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, dinc əhaliyə qarşı vəhşiliklər və Xocalı soyqırımına dair faktları əks etdirən kitablar, digər əyani vəsaitlər təqdim olunub.

   Sərgi ilə tanışlıqdan sonra “Qarabağın səsi” aksiyasının yaradıcı kollektivi tərəfindən tanınmış incəsənət xadimlərinin də iştirak etdikləri ədəbi-bədii proqram təqdim olunub. Mərasimin təsirli məqamlarından biri Leyla Əliyevanın 2 yaşlı şəhid Zəhraya həsr etdiyi şeirin gənc istedad, Prezident təqaüdçüsü Fidan Hüseynova tərəfindən rusca səsləndirilməsi oldu. Şeir 2017-ci ildə Füzulinin Alıxanlı kəndinə ermənilərin atdığı mərmi nəticəsində həyatını itirən ikiyaşlı qıza həsr olunsa da, Qarabağ müharibəsi başlanandan bəri düşmən gülləsinə tuş gəlmiş bütün uşaqların xatirəsinə bir elegiyadır.

   Mərasimdə Xocalı soyqırımının şahidi Rəhilə Quliyeva çıxış edərək o gecənin dəhşətlə dolu xatirələrini bölüşüb.

   Ədəbi-bədii proqramda Azərbaycan Dövlət Xor Kapellası, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Fərqanə Qasımova, Abbas Bağırov, Sevda Ələkbərzadə, Mehriban Zəki, Tünzalə Ağayeva, “O səs Türkiyə” mahnı yarışmasının qalibi Elnur Hüseynov, “Söz” ədəbi layihəsinin rəhbəri şairə Nigar Həsənzadə, Azərbaycan Dövlət Pantomima Teatrının kollektivi, “Səma” rəqs qrupu, Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış ediblər. Kompozisiya faciənin dəhşətlərini dramatik səhnələrin, poeziya və musiqinin dili ilə əks etdirib.

 

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.8.