Səhnəarxası həyat
Bir qayda olaraq, tamaşa adlanan mədəniyyət aktının fasiləsi, şərti olaraq, bayaqdan diqqəti çəkən oyunun müvəqqəti dayanması kimi qəbul edilir. Amma bu ilk baxışda belədir. Yəni səhnəarxası həyat fasiləsiz davam edir. Belə ki, aktyorların bir qismi öz qrim otaqlarında xəyallara qapılır, digər qismi teatrın ən sevimli guşəsi olan bufetə yığışır, başqa bir qismi isə ailə-məişət məsələlərini telefonla araşdırmağa cəhd edir, yaxud səhnə arxasında çalışanlara bu və ya digər çatışmazlıqlarla bağlı iradlarını bildirir və s. Texniki heyətə gəlincə, o, heç nəyə məhəl qoymadan öz işini görür. Bu zaman dekorasiya dəyişdirilir, butaforçu və rekvizitçilər səhnəni bəzəyir, səhnə fəhlələri arxa plana asılanları düzəldir, yeri gəldikcə, çəkiclərini işə salıb, bərkitmə işi görürlər.
Səhnəarxası teatr həyatının bəlkə də ən canlı və təsirli hissəsidir. Çünki burada bədiilikdən uzaq olsa da, dialoqlar daha konkret, daha dürüst və ünvanlıdır. Burada fərdlərin iyerarxiyası aşkar və dəqiqdir. Burada sözlər müəlliflərin öz dilindən, qrimsiz və bəzəksiz, uyğunsuz mizanlara ehtiyac olmadan səslənir.
Əgər tamaşa teatrın bədii həyatını əks etdirirdisə, fasilə onun real həyatının konkret görüntüsü idi. Buradakı həyat qəribə gəlsə də, daha maraqlı, daha ciddi olurdu. Çünki aktyorun uydurub oynadığı həyatı səhnədə, gerçək həyatı isə məhz səhnə arxasında yaşanırdı. Və bu həyat fasilə zamanı daha təbii olurdu.
Səhnə arxasında müşahidə edilən intriqalar, dedi-qodular, anlaşılmazlıqlar bədiilikdən və dramaturji ustalıqdan uzaq olsa da, maraqsız olmurdu. Tərəf-müqabillər teatrdakı mövqeləri və istedad səviyyələri etibarilə fərqli olduqları kimi, çəkişmələrin səviyyəsi, elə təsir gücü də müxtəlif olurdu. Bəzən adi dedi-qodu böyük münaqişələrə çevrilir, teatrın rəhbərliyi səviyyəsində müzakirə edilir, tərəflərə ìittihamnaməî oxunurdu. Bu zaman məzəmmət edilənlər də olurdu, teatra əlvida demək məcburiyyətində qalanlar da.
Təəssüf ki, səhnədə alqışlar qazanan sənətkarların səhnəarxası mükafatı çox zaman tənələr, böhtanlar olur. Acınacaqlı olsa da, bir zamanlar həbs edilən, sürgünə göndərilən, güllələnən sənət adamları səhnədəki yaradıcılıqlarına görə deyil, səhnəarxası həyatlarına görə güdaza getmişlər. Bəli, o zamankı fasilə rahatlıq da gətirə bilərdi, təhlükə də.
O ìqanlı-qadalıî illər geridə qalandan sonra belə həmin ağır dövrün xofu çoxlarının canında yaşamaqda idi. Yeni nəslin xatırlamadığı o illərin adamları hər sözü yüz ölçüb-biçər, hər kəsin yanında fikir deməyə cəsarət etməz, ağrısız başına dəsmal bağlamasın deyə, ən sadə sözlərə belə, uzaqbaşı xəfif təbəssümlə baş yırğalardılar.
Teatrın növbəti nəsil dəyişikliyindən sonrakı dövrü yaradıcılıq fəaliyyəti baxımdan tamamilə fərqli mühitin yaranması ilə əlamətdar olsa da, cürbəcür umu-küsülərdən, söz-söhbətlərdən korluq çəkmirdi. Amma bu kimi əhvalatları hətta bir-birinə barışmaz mövqe göstərənlər belə şişirtmir, alicənab susqunluqla yaşayır və tezliklə də xeyirxah sənət adamlarının səyi ilə unudub, bağışlayırdılar. Həmin əhvalatlar nəinki teatrın bufet əhlinin müzakirəsinə çıxarılmır, əksinə, buradakı məzəli zarafatların, gündəlik yaradıcılıq həyatının lətifəsayağı hadisələrinin şux ovqatı içərisində əriyib yox olurdu. Və teatr ictimaiyyəti bir yana, hətta texniki işçilər belə çox zaman həmin işlərdən xəbərsiz qalırdılar. Bunu şərtləndirən səbəblər az deyildi.
Başlıca səbəb bu idi ki, Adil İsgəndərovun qurduğu fəaliyyət rejimi və yaradıcılıq intizamı məslək münasibətlərini, bütövlükdə isə teatr həyatını tənzimləyirdi. Teatrdaxili iyerarxiya prinsiplərinin pozulmaz qaydaları işləyirdi. Yuxarı təşkilatların ona hərtərəfli dəstək verməsi öz yerində, amma teatr sənətçilərinin məsuliyyət hissi, professional təəssübkeşliyi, yaradıcılıq sevgisi də öz işini görürdü. Bu dövrün teatrının istinad etdiyi o zamankı sovet teatrında bərqərar olan K.S.Stanislavskinin ìteatr etikasıî prinsipləri onun səhnəarxası həyatı üçün də mühüm sayılırdı.
Teatr yaradıcılıq rəqabətini qaçılmaz edən hər bir istedadlı şəxsin sınaq meydanıdır. Və burada müxtəlif şəkildə təzahür edən ədalətsiz tənələrdən tutmuş, həsəddən paxıllığa qədər yol alan suçlamaların yaranması üçün münbit şərait mövcuddur. Amma qeyd edilən dövrün sənət adamları şəxsi ləyaqət hissini, alicənablığını, qürurunu, özünün sənətinə, çalışdığı teatra sevgisini və sonsuz ehtiramını teatrdaxili işlərində və gündəlik məişət həyatında məsuliyyətini aydın dərk edən yaradıcı şəxsiyyətlər idi. Əlbəttə, onlar da hamı kimi irili-xırdalı şəxsi və güzəran sıxıntıları, yaradıcılıq problemləri ilə əlləşir, məişət qayğıları ilə üz-üzə idilər. Müharibə görmüş, aclıq və məhrumiyyət illəri yaşamış bu adamlar sonralar güzəran yaxşılaşdıqca yollarını azmamış, fəxri adların kölgəsinə sığınıb ìmənəm-mənəmlikî iddiasına düşməmiş, mütəvazi və qürurlu həyat, sadə olmayan sənət ömrü yaşamış, sənətkar adının ucuzlaşmasına imkan verməmişlər.
Bəli, həmin teatr sənət əfsanələrinin yaşadığı və bu günün fəxr etdiyimiz teatr tarixini yaradanların teatrı idi. Heç qarabasma yuxuda da görüb təsəvvür etmək olmazdı ki, Barat xanım, Hökumə xanım, Ələsgər Ələkbərov, yaxud Mehdi Məmmədov televiziyada, radioda, qəzetdə bir-birini nədəsə suçlasın və ya hərzə-hərzə iddialarla həmkarının qarasına xoşagəlməz söz söyləsin. Çünki onların şəxsi ləyaqət hissi və yaradıcılıq məharəti yüksək sənət amalının ahəngdarlığı ilə mənalı idi. Aydın məsələdir ki, heyrətamiz fitri istedadları, sənətinə fədakar və zəhmətkeş münasibətləri, alicənab və təvazökar təbiətləri onları tamaşa zalının hündür səhnə yüksəkliyindən daha çox teatr ictimaiyyətinin gözündə qat-qat ucaltmışdı. Odur ki, bu sayaq müqtədir sənətkarların çalışdığı teatrın ictimai nüfuzu artdıqca, təbii olaraq, sənətin, yaradıcılığın qüdsallığı hadisəsi baş verir, səhnə mədəniyyətinin estetik bərəkəti artırdı.
O zamanlar gözündən tük qaçmayan senzurası, ideoloji basqıları, konyuktur tapşırıqları ilə bərabər sovet dövlətinin müəyyən ìqayğılarıî da var idi. Sovet dövrünün səhnə xadimlərinə fəxri adların verilməsini, ìartistlər eviî adlanan binanın inşasını və s. irili-xırdalı imtiyazları da xatırlamaq olar. Amma bunlar bir artistin o biri üzərində böyüməsi deyil, hər kəsin fərdi uğur faktı olaraq qalır, fəxri adlar müdafiə qalxanına çevrilmir, hikkələrə, intizamsızlığa əsas olmurdu.
Zaman təbii olaraq, irəliləyir, teatrda nəsil dəyişməsi baş verir, böyük fədakarlıqların, fitri istedadların və zəhmətlərin bahasına yaranmış sənət mozaikası dağılırdı. Sanki müxtəlif səbəblərlə teatrdan ayrılan, yaxud dünyasını dəyişən hər sənətkar bir zamanlar kollektiv səylə yaradılan həmin o möhtəşəm sənət mozaikasından haqq etdiyi öz parçasını da özüylə bərabər aparırdı. Beləliklə, teatr sənətini təşkil edən bütün komponentlərin təmsilçiləri - dramaturq, aktyor, rejissor və tamaşaçı nəsli yerini dialektik olaraq özündən sonra gələn nəslə qoyub getdi və...
Və teatr, mərhum dostum Vaqif İbrahimoğlu demişkən, elə ìepoxaya düşdüî ki, onun etik qaydaları, yeni baxışlara söykənən meyarların təsiri altında ideya-mənəvi dəyərlərə münasibəti, tədricən büsbütün dəyişdi və cəmiyyətin barometri olan teatrın həm yaradıcılıq, həm də səhnəarxası həyatı dəyişməli oldu.
Bir zamanlar az qala qüdsal sayılan sənət meyarları bəsitləşdirildi, səhnə ifasında arxaik oyun üslubundan imtina başqa bir fəsada yol açdı. Bu illərdə ìkustarçılıqî (C.Cəfərov) səviyyəsində olan dramaturgiyanın, peşə (sənətkarlıq yox) qabiliyyəti olan aktyor fərdlərinin (müxtəlif yollarla) müqavimətsiz teatra daxil olması ilə əyalət düşüncəsi səhnəyə ayaq açdı. Ən qəribə və acınacaqlısı bu idi ki, teatr özünün bu halından məmnun idi. Çünki zahiri vəziyyət sabit görünürdü. Yəni dövlət dotasiyası ilə fəaliyyəti təmin edilən teatra pyeslər gəlir, onların əsasında hazırlanan tamaşalar göstərilir, təyin edilmiş planlar doldurulur, güzəran da qaydasında davam edirdi. Zahiri şərtlər yerli-yataqlı olduğu halda, görülən işlərin necəliyi kimsə üçün maraqlı deyildi. Səhnə həyatında bayağılıq, mövzu darlığı, ifadakı səviyyə endikcə, səhnəarxası həyatda dedi-qodu, paxıllıq, açıq düşmənçiliyə çevrilən rəqabət, xüsusi imtiyazlardan qaynaqlandı. Bu zaman eqoist iddialar baş qaldırır, teatrdaxili sənət etikasının ən sadə prinsipləri əhəmiyyətini itirirdi.
Ötən əsrin 60-cı illərində teatra gələn və müəyyən mərhələdə onun mədəni-estetik dayaqlarını sarsılmadan qorumağa çalışan nəslin ardınca 80-ci illərin səhnəsində növbəti nəsil görünməyə başladı. Teatrın yeniləşmə meylləri dalğasında yeni rəhbərlik, yeni repertuar, yeni teatrdaxili qaydalar fəaliyyət göstərirdi. Və bu dövrdə inzibati basqılar altında bükülən yaradıcılıq təşəbbüsləri əvvəlki ìkommunizm qurucusunun əxlaq kodeksiîndən bir qədər fərqli repertuar yaratmaq əzmində ikən teatrdaxili həyatdakı sənət etikası sadəcə anlayış olaraq qalmaqda idi. Belə ki, bəzilərinin ərköyünlüyü, bir başqalarının yaradıcılıq məqamlarında müəllif mətnini ixtisar etməsi, yaxud ona əlavələr etməsi, bəzi hallarda məşqlərə, yaxud tamaşalara gecikmələr çox zaman yüngül cəzalar şəklində bağışlanırdı. Bütün bunlar teatra böyük ümidlərlə gələn cavan nəslin gözləri qarşısında baş verirdi. Odur ki, bu zaman nəsillərarası sənət bəhrələnmələri barədə nəinki danışmaq, düşünməyin özü belə çətin idi. Bəli, sənət həyatının illərlə davam edən bu sayaq aşınmaları təkcə səhnədə deyil, teatrın səhnəarxası həyatında da özünü büruzə verirdi.
Ötən əsrin 90-cı illərinin sərt olayları, dövlət müstəqilliyinin ilk illərinin cəmiyyət həyatındakı çaşqınlıq və sınaq mərhələsi, başqa sənət sahələri kimi, teatr üçün də izsiz keçmədi. İnzibati konyuktur basqılardan qurtulan teatr fəaliyyət üçün yaradılan sərbəst seçimi dəyərləndirməkdə, ideya-bədii istiqamətini müəyyənləşdirməkdə açıq-aşkar tərəddüd halı yaşadı. Bu arada teatr tənqidinin passivliyi səbəbindən meydanı boş görüb, irəliyə atılan bir sıra sayt yazarları reytinq həşirində teatrdaxili məsələləri ictimailəşdirmək, qızardılmış xəbərlərlə ìobıvatel təfəkkürüînü (İ.Əfəndiyev) qidalandırmaq işinə qoşuldular. Teatrın içində və çölündə yaradıcılıq, sənət, bədii axtarış mövzuları deyil, şəxsi və peşə məsələlərinin anlaşılmazlıqları daha maraqlı hesab edildi. Bu mövzular teatrların bufetlərində də, ayrı-ayrı saytlarda da, hətta telekanalların şou proqramlarında da eyni iştaha ilə müzakirələrə çıxarıldı. Praktik teatr həyatının yaradıcılıq məsələlərini deyil, guya oxucular üçün daha maraqlı hesab etdikləri səhnəarxası əhvalatları, yəni kimin məşqdə mübahisə edib, təzyiqinin artdığını, roldan imtina etdiyini, kimin kimi təhqir etdiyini, kimə töhmət verildiyini yerli-yataqlı yazan ìdiktofon əhliî ìteatrdan verilən xəbərə görəî adı ilə ìsapı özümüzdən olan baltalarîın xidmətindən istifadə edirdilər. Öz məslək ağacını baltalayan həmin nadanlar hansı rəzalətə qol qoyduqlarını anlamırdılar. Beləliklə, nadanlıqdan qaynaqlanan dedi-qodular böyük sənət məsələlərini üstələmiş olurdu...
Sözün bu məqamında ulu öndər Heydər Əliyevin bu sözləri yada düşür ki: ìTeatr və incəsənət sahəsində çalışanlar çox fədakar insanlardır. Səhnədə onlara baxdıqda çox vaxt hər biri qayğısız, xoşbəxt insan kimi görünür, həmişə şəndirlər. Ancaq onların həyatının səhnə arxasında necə olmasını çoxları bilmir, heç təsəvvürlərinə də gətirmir. Mən bunları bilirəmî.
Bəli, o, teatrın hər kəsin görə bilmədiyi səhnəarxası həyatının qəribəliklərini və sirlərini, həqiqətən, hamıdan yaxşı bilirdi.
İsrafil İsrafilov
filologiya üzrə fəlsəfə doktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor
Mədəniyyət.- 2018.- 28
fevral.- S.11.