Hökmdar və qadın

 

   Görəsən, qadın olmaq çətindir, yoxsa hökmdar? Deyəsən, sualı düzgün qoymadıq: hökmlü qadın olmaq çətindir, yoxsa qadın şıltaqlığını özündən uzaqlaşdırıb, əsl qadın xoşbəxtliyi vəd edən nəsnələrə meyli içində boğaraq adil qadın hökmdar olmaq? Çətin sualdı, deyilmi?..

   Fevralın 24-də Azərbaycan Dövlət Rus Dram Teatrında premyerası olan “Kraliçanın sonuncu ehtirası” adlı yeni tamaşada da bu suala cavab axtarılır. Yelena Poddubnayanın “Yağış özü üçün elə hey yağırdı...” pyesi əsasında hazırlanan tamaşa artıq əfsanəyə dönmüş İngiltərə Kraliçası I Yelizavetanın (1533-1603) həyatından bəhs edir.

   * * *

   Əsərin mövzusubaş qəhrəmanı kifayət qədər məşhur olsa da, müəllifi tanış olmayan imzadır. Rusdilli internet resurslarında axtarış zamanı öyrəndiyimiz bu oldu ki, müəllif tarixçidir, buna görə də dramaturji cəhətdən zəif qiymətləndirilən pyesdə tarixi saxtalaşdırmaya yol verməyib.

   Əslində VIII Henrixin qızı, saray ixtilafları zəminində edam kürsüsünə gedəcəyini gözləsə də, taxt-taca yiyələnən, öz ölkəsini o dövrdəki zəif dövlətdən Avropaya meydan oxuyan qüdrətli dövlətə çevirən I Yelizaveta barəsində xeyli tarixi-bədii əsərlər yazılıb, tarixi araşdırmalar aparılıb, filmlər çəkilib. Özünü “İngiltərə ilə evlihesab edən hökmdar qadın bütün həyatını siyasi hakimiyyətə həsr edib, 25 yaşından özünü ailə qurmaq, övlad sahibi olmaq kimi qadın xoşbəxtliyindən məhrum edib. Lakin bu heço demək deyil ki, kraliça həzrətləri sevginin dadından xəbərsizmiş. Elə pyesə “Kraliçanın sonuncu ehtirası” adını verən quruluşçu rejissor, Xalq artisti Aleksandr Şarovski də müəllif mətnindən kənara çıxmadan Yelizavetanın bütün ehtirasının Əməkdar artist Natalya Şarovskayanın qadınlıq məlahəti və aktyorluq istedadı ilə çatdırılmasına nail olub.

   Tarixdən bəllidir ki, I Yelizaveta bacısı Mariya ilə taxt-tac uğrunda savaşıb. Düzdür, bu əsərdə Mariya Tüdorun yalnız adı çəkilir, özü görünmür. Yelizaveta isə öz-özü ilə iztirab dolu mübarizədə vurnuxur. Əsər hakimiyyətə yenicə gəlmiş gənc qadının taxta əyləşən kimi bulaşdığı siyasi çəkişmələrdən, hakimiyyət uğrunda ölkədaxili, Avropada nüfuz üstündə isə ölkəxarici mübarizədən necə qalib çıxacağı, eyni zamanda güclü, iradəli, digər tərəfdən də kövrək və zəif, sevgi arzulayan qadın barədədir. Bu süjet xətti rejissorun əsərə verdiyi səhnə həllində əvvəldən sonadək gözlənilir.

   Qohumu İspaniya kralı, neçə əsilzadə Yelizavetaya elçi düşüb. İngilis saray qanunlarına görə kraliça bu məsələdə təkbaşına qərar verə bilməz. Mütləq öz nazirləri, xüsusilə eyni vaxtda həm dövlət katibi, həm də polis naziri olan, “Ölüm mələyi” təxəllüsünü qazanmış Frensis Uolsinhem (Xalq artisti Məbud Məhərrəmov) və dövlət kansleri (Xalq artisti Səfa Mirzəhəsənov) Uilyam Sesil ilə məsləhətləşməlidir. Amma... kraliça lord Lesterə (Murad Məmmədov) aşiqdir. Kraliçanın məhəbbətindən imtina etməyə cürəti çatmayacaq lord isə Emi Robsart (Olqa Arsentyeva) ilə evlidir. İngiltərəni başqa ölkə ilə səhv salmağa dəyməz: kraliça qanun qarşısında acizdir. Emi ərindən boşanmaq istəməsə, bu sevgi izdivacla bitə bilməz!

   Tamaşa boyunca Yelizavetanın dilindən salona ünvanlanan xeyli fikir var ki, onlar həmişə aktualdır. Düzdür, həmin fikirlərin I Yelizavetanın dilindən çıxdığına dair əlimizdə dəqiq mənbə yoxdur. Amma onları dinləyib, ətrafında düşünməyə dəyər.

   “...İnsan xırda anlamlarda azadlığını ciddi-cəhdlə qoruyursa, deməli, o, əsas məsələdə köləyə çevrilməyə hazırdır”.

   “...Bəzi zəhərlər kiçik dozada şəfa verir, bir sıra dərmanlar isə çox içildikdə adamı öldürür”.

   “...Dünya yaranandan insanlar sülhdən danışırlar, amma yenə də təzə silah icad edirlər. Silahı iti olan sülh barədə hər kəsdən bərk qışqırır”.

    “...Satqınlara heç kim inanmır, hətta onları ələ alanlar da”.

   * * *

   “Kraliçanın sonuncu ehtirası” sevdiyi kişinin qəlbinə hakim olmaq istəyi ilə çırpınan, lakin bu sevgini vətənin taleyini həll etmək, dövləti idarə etmək məsləyinə qurban verən qadının həyat hekayəsidir. XVI əsr İngiltərə saray mühitini canlandıran soyuq divarların arasına qısılan səhnə, arxa plandakı qotik üslublu şəbəkə divar da deyir ki, bu xaniman sahibinin qəlb azadlığı barədə düşünmək şansı yoxdur. Hər necəsə, I Yelizavetadan sonra Britaniya taxtında əyləşən bütün monarxlar “mən yalnız kraliçayam, özüm də İngiltərə ilə evliyəm” deməyi bacarmış qadını özlərinə etalon hesab edirlər.

   Deyəsən, yazımızda tarixiliyə çox vardıq... Görünür, müəllifin qələmə aldığı dövrü yaxşı bilən tarixçi olması bizə də sirayət etdi. Bəs tamaşada daha nələr oldu, hadisələr necə cərəyan etdi? Bunu bilmək üçün “Kraliçanın son ehtirası”na tamaşa etmək gərəkdir.

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.12.