“Unudulmaz dərdimiz - Qarabağ”
Fevralın 24-də Bakı Xətai Sənət Mərkəzində “Unudulmaz dərdimiz - Qarabağ” adlı rəsm sərgisinin açılışı oldu. Bir neçə qurumun dəstəyi ilə keçirilən sərgini giriş sözü ilə layihə rəhbəri Elnurə İsgəndərova açdı. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, “Ziya” İnsan Hüquqlarının Müdafiə Mərkəzinin sədri Səyyad Bayramov, “Ehtiyatda olan Zabitlər Konfederasiyası” İctimai Birliyinin sədri Məmmədhüseyn Sarıyev, Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecin və başqaları Xocalı faciəsinin Azərbaycanın tarixinə XX əsrin ən dəhşətli səhifələrindən biri kimi daxil olduğunu qeyd etdilər, soyqırımı haqqında həqiqətlərin ardıcıl olaraq dünyaya çatdırılmasının vacibliyini vurğuladılar.
Tədbirin təşkilatçısı Aygün İsgəndərova sərgidə müxtəlif yaş qruplarını təmsil edən rəssamların və dekorativ sənət ustalarının 150-dən çox əsərinin nümayiş olunduğunu bildirdi.
S.Qaliboğlu
Mədəniyyət.- 2018.- 28
fevral.- S.8.