“Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi nəşr edilib

 

   Azərbaycanın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin tanıdılması məqsədilə Xalq Bank tərəfindən həyata keçirilən “Xalq əmanəti” layihəsi çərçivəsində növbəti nəşr - “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi çap olunub.

   Nəşrin təqdimat mərasimində Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev layihəni yüksək qiymətləndirərək nəşrin ərsəyə gəlməsində əməyi olanları təbrik ediblər. Qeyd edilib ki, nəfis tərtibatda və yüksək tirajla nəşr olunan üçcildlik aşıq sənətini təbliğ etmək baxımından olduqca əhəmiyyətlidir.

   Diqqətə çatdırılıb ki, ölkəmizdə aşıq sənətinə yüksək diqqət və qayğı göstərilir.

   Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə fəaliyyəti nəticəsində 2009-cu ildə Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

   Bildirilib ki, Azərbaycan aşıq yaradıcılığı incilərinin toplandığı nəşr üç tematik cilddən (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) ibarətdir. Topluda həm də müəllifi məlum olmayan əsərlər, arxaik və əcnəbi sözlərin lüğəti verilib. Toplu bu sahədə tanınmış alimlərin birgə səyi ilə hazırlanıb.

   Aşıq ədəbiyyatı antologiyası” 2010-cu ildən həyata keçirilən “Xalq əmanəti” layihəsinin sayca 16-cı nəşridir. Layihə çərçivəsində kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə hədiyyə olunur. Layihənin rəhbəri Rafiq Həşimov, redaktoru Səlim Babullaoğludur.

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.10.