O, istedadı və sənət sevgisi ilə xatırlanır

 

 

   XX əsrin birinci yarısında milli teatrımızın əlamətdar səhifələri yazılır, yeni truppalar yaranır, yaradıcı qüvvələr formalaşırdı. Belə bir dövrün diqqətçəkən istedadlı aktyorlarından biri də İsmayıl Talıblı idi. Bu il görkəmli sənətkarın anadan olmasının 120 ili tamam olur.

   İsmayıl Məmmədəli oğlu Talıblı 21 mart 1898-ci ildə Bakıda doğulub. O, ibtidai təhsillə kifayətlənsə də, boya-başa çatdığı şəhər mühiti onu teatr dünyasının parlaq simaları ilə yaxınlaşdırıb, gələcək sənət seçiminə stimul verib. İsmayıl özfəaliyyət teatrları ilə sıx əlaqə saxlayır, müxtəlif tamaşalarda oyunu, istedadı ilə diqqət çəkir. Akademik Dram Teatrı yarananda truppaya qəbul edilən ilk sənətçilər arasında o da vardı. İ.Talıblı burada bir neçə il fəaliyyət göstərir, müxtəlif səpkili rollar ifa edir.

   1925-ci ildən Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında (Türk İşçi Teatrı) çalışmağa başlayır, burada da kollektivin sevimlisinə çevrilir. Dövrün nüfuzlu teatr xadimləri Cəfər Cabbarlı, Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyev ilə dostluq əlaqələri qurur. Teatrın səhnəsində A.Tolstoyun romanı əsasında səhnələşdirilən “Romanovların son günləri”ndə Dmitri PavloviçGeneral Alekseyev, C.Məmmədquluzadənin “Anamın kitabı”nda Mirzə Məhəmmədəli və s. obrazları böyük ustalıqla yaradır.

   1932-ci ilin dekabrında Bakı Türk İşçi Teatrının Gəncə şəhərinə köçürülməsi ilə bağlı qərar verilir. Bir müddət sonra truppanın ədəbi hissə müdiri Süleyman Rüstəm, rejissor Abbasmirzə Şərifzadə, tanınmış aktyorlar Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Fatma Qədri və başqaları Bakıya qayıdırlar. İ.Talıblı isə Gəncədə qalmağa üstünlük verir, bu şəhərin teatr səhnəsində də yeni tərəf-müqabillərlə bir-birindən gözəl və yetkin obrazlar yaratmağa nail olur.

   Onun səhnə həyatı verdiyi Hacı Səməd ağa (“Bəxtsiz cavan”, Ə.Haqverdiyev), Corc Danden (“Corc Danden”, J.B.Molyer), Şeyx Nəsrullah (“Ölülər”, C.Məmmədquluzadə), Yaqo (“Otello”, U.Şekspir), Səttarxan (“Dumanlı Təbriz”, M.S.Ordubadi) kimi onlarla maraqlı obrazlar var. Aktyorun milli teatrda göstərdiyi xidmətlər yüksək dəyərləndirilir. O, 1938-ci ildə Əməkdar artist, 1940-cı ildə isə Xalq artisti fəxri adları ilə təltif olunur.

   Mənbələrdə qeyd olunur ki, 1933-1934-cü teatr mövsümündə Gəncə Dövlət Dram Teatrının səhnəsində C.Cabbarlının “Almazpyesi ən çox müvəffəqiyyət qazanan tamaşalardan biri olub. Tamaşada Almaz obrazını Solmaz Orlinskaya, Hacı Əhməd obrazını isə İ.Talıblı böyük ustalıqla yaradıb. Aktyorİşçi teatrı ilə bağlı xatirələrim”də yazıb: “Mən heç bir zaman şəxsi istedadıma arxayın olmadım. Oynayacağım hər bir obrazı həyatda görüb öyrənməyə can atdım. Kənd və şəhərlərdə kütlələr qarşısında çıxışlar etməyim, müxtəlif xarakterli adamlarla şəxsi tanışlığım yaradacağım rolları yaxşı hazırlamaq üçün mənə həyat materialı verirdi. “Almaz” əsərində oynadığım Hacı Əhmədləri həyatda görübbu yaramaz ünsürlərin törətdikləri cinayətlərin şahidi olmağım Hacı Əhməd obrazının müvəffəqiyyətlə yaranmasına səbəb oldu”.

   Yazıçı-dramaturq Əfqanın “Sarı əlcək” pyesi 1963-cü ildə Gəncə Dövlət Dram Teatrında səhnələşdirilir. Müəllif ideyasına görə, sarı əlcək milyonlarla insanın qanı bahasına banklara yığılan pul və qızıllardır. Bu pulların sahiblərindən biri senatın üzvü Riçard Sterlinqdir. O, varlı olduğu qədər də hiyləgər və amansızdır, saf məhəbbətin düşmənidir. Riçard yeganə qızı Luizanın yoxsul bir oğlan olan Edqarı sevməsinə qarşı çıxır. Edqarı həbsxanaya saldırır, sonra da məhv etdirir. Xalq artisti İ.Talıblının məharətli oyunu ilə tamaşaçı milyonçunun tipik obrazı ilə yaxından tanış ola bilir.

   İ.Talıblı kinoya da çəkilib. AktyorunOnu bağışlamaq olarmı?” filmində oynadığı Mirzə Veysəl rolu xüsusilə yaddaqalandır.

   Görkəmli sənətkar ömrünün sonunadək Gəncədə yaşayıb, C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyorluq sənətindən ayrılmayıb. O, qısa müddətdə (1942-1943) teatrın direktoru da olub. Gerçək bir teatr vurğunu olan aktyor son rolunu da bu səhnədə oynayır. Görkəmli rejissor Tofiq Kazımovun tamaşaya hazırladığı A.Zeynallının “Nəriman ata” pyesində Cahangir bəy rolunda son dəfə səhnəyə çıxır...

   Sənətkar eyni zamanda “Gəncə alimlər evi”ndə dram dərnəyinin və sonralar xalq teatrının bədii rəhbəri olub. Gənc aktyorların yetişməsinə dəstək verib. Görkəmli səhnə xadimi 23 iyul 1967-ci ildə Gəncədə vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.12.