Novruz çərşənbələrindən birincisi...

 

 

   Artıq bir həftəsini arxada qoyan Boz ayın bozarıb dəyişən günləri yaz havasının müjdəsini verir. Boz ay xalq arasında həm də “Alaçalpov”, “Çilləbeçə”, “Ağlar-gülər” adları ilə də tanınır. Boz ay Kiçik çillənin qurtardığı vaxtdan (19 fevral) yazın ilk gününə qədər olan dövrdür. Aya bu cür ad verilməsi Boz ayda havanın buludlu, yağışlı, küləkli, bəzən günəşli - bir sözlə, dəyişkən keçməsi ilə bağlıdır.

   Xalq arasında Boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Boz ayın dəyişkən olması ilə əlaqədar bir rəvayətdə deyilir ki, nə vaxtsa Göy Tanrı ili 12 aya bölüb. Bu vaxt hər aya 32 gün, təkcə Boz aya 14 gün düşüb. Boz ay inciməsin deyə, hər ay ömründən bir gün bu aya verib. Lakin Boz ay yenə narazı qalıb. Bunu görən ayların bəzisi ömründən bir güngötürüb Boz aya verib. Elə ona görə də ayların bəzisi 30 gün, bəzisi isə 31 gündən ibarətdir. Deyilənlərə görə, Boz ayda havaların bu cür dəyişkən olmasının səbəbi hər aydan pay aldığına işarədir.

   Kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrüdür. Xalq arasında Boz ayaBayram ayı” da deyilir. Boz ayda qarşıdakı bayramın əsas müjdəçiləri isə müxtəlif ayin və mərasimlərlə icra olunan ilaxır dörd çərşənbədir.

   Xalq təqviminə görə, Novruz öncəsi çərşənbələrdən birincisi - Su çərşənbəsidir. Yurdumuzda ötən axşam (27 fevral) qeyd olunan Su çərşənbəsinə "Əzəl çərşənbə" də deyirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Mifik qaynaqlarda su həyat, dirilik, sağlamlıq və xoşbəxtlik mənbəyi sayılır.

   Xalqımızın inamında suyun rəmzləşməsi onun and yeri olması ilə də sıx bağlıdır. İnanclara görə, süfrəyə su dağılması aydınlıqdır, su içən adamı qəfil vurmazlar, su içən adamı ilan çalmaz, lal axan sudan keçməzlər, su ehsandır. Bütün bunlar suyun müqəddəsliyini ifadə edir.

   Əski zamanlarda insanlar Su çərşənbəsində günəş doğmadan bulaq başına gedər, təzə suda əl-üzünü yuyar, “azarım-bezarım suyadeyib onun üzərindən atlanar, bulaq başında niyyət edər, suyun ətrafında bir sıra mərasimlər keçirər, yeni günün gəlişini bayram edərdilər.

   Su çərşənbəniz mübarək!

 

Mədəniyyət.- 2018.- 28 fevral.- S.14.